- Redaktor masası
- 14:02
- 3 336
İctimai yayım və Qarabağın intellektual infrastrukturu
Prezident İlham Əliyevin İkinci Qarabağ savaşında işğaldan azad olunmuş Cəbrayıl və Zəngilana növbəti səfəri, bütövlükdə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr bir həqiqəti daha aydın göstərir: Qarabağın bərpasına inşaat prosesi kimi yanaşmaq yanlış olar. Azərbaycan yeni tarixi mərhələnin institusional əsaslarını qurur. Bu prosesin mahiyyəti yalnız dağıdılmış şəhərlərin yenidən tikilməsi ilə məhdudlaşmır. Söhbət dövlətin öz siyasi-coğrafi iradəsini, milli yaddaşını və strateji gələcək modelini yenidən təşkil etməsindən gedir.
Hər birimizə yaxşı məlumdur ki, uzun illər ərzində Qarabağ münaqişəsi Azərbaycan üçün hərbi-siyasi problem kimi mövcud olub. Müharibədən sonrakı mərhələdə isə, problem keyfiyyətcə və kökündən dəyişib. İndi əsas sual budur: Azərbaycan zəfərdən sonra Qarabağda hansı tərəqqi modeli formalaşır?
Bu, olduqca ciddi sualdır. Çünki tarix göstərir ki, böyük hərbi qələbələrdən sonra adətən ikinci mərhələ başlayır. Birinci mərhələdə vəzifə ərazi bütövlüyünün təmin olunmasıdırsa, ikinci mərhələdə həmin qələbənin davamlı sivilizasiya sisteminə çevrilməsidir. Əslində, qələbələrin xalqların taleyinə ən böyük təsiri də elə məhz ikinci mərhələdə bəlli olur.
Hazırda Qarabağda post-konflikt mərhələsinin çağırışları əsasında yeni infrastruktur qurulur. Yeni yollar çəkilir, şəhərlər salınır, enerji xətləri qurulur, rəqəmsal idarəetmə sistemləri tətbiq olunur, əhali geri qayıdır. Bunların hamısı vacibdir və prosesin “olmazsa, olmaz” şərtlərindəndir. Paralel şəkildə Qarabağda yeni ictimai-intellektual infrastrukturun formalaşması da gündəmdədir. Bu istiqamət strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Əks halda, əhalinin işğaldan azad olunan ərazilərə qayıdışı strateji dərinlik qazana bilməz.
Nə deməkdir ictimai-intellektual infrastruktur?
Bu, dövlətin öz milli düşüncə sistemini qurması, öz informasiya təhlükəsizliyini təmin etməsidir. Öz tarix narrativini, strateji məqsədlərini, milli kimlik modelini və gələcək barədə təsəvvürünü sistemli şəkildə cəmiyyətə ötürə bilməsidir. Çünki müasir dünyada dövlətlər artıq yalnız ordu və iqtisadiyyat vasitəsilə qorunmur. Dövlətlər eyni zamanda düşüncə sferasını yad təsirlərdən, xarici ideoloji təzyiqlərdən mühafizə etməlidir.
Bu baxımdan post-münaqişə mərhələsində Azərbaycan tamamilə yeni çağırışlarla üz-üzədir. Bir tərəfdən qlobal informasiya sistemləri milli sərhədləri zəiflədir, digər tərəfdən müxtəlif geosiyasi mərkəzlər region ölkələrinin daxilində ideoloji təsir seqmentləri formalaşdırmağa çalışır. XXI əsrin əsas mübarizə vasitələrindən biri budur, istəsək də, istəməsək də bu təhdidlərlə qarşılaşacağıq. Ona görə də hazırkı dövrdə data resursları, rəqəmsal platformalar, süni intellekt texnologiyaları və ictimai şüurun idarə olunması uğrunda rəqabət qabiliyyətimiz güclənməlidir.

Zabit kimi iştirakçısı olduğum 44 günlük müharibədən qayıtdıqdan dərhal sonra Azərbaycanın bu mərhələyə hazır olması üçün təkliflə çıxış etmiş, Qarabağda intellektual mühitin formalaşması üçün əslən həmin bölgədən olan və ya olmayan, lakin işğaldan azad edilmiş ərazilərdə yaşamaq, fəaliyyət göstərmək istəyən ziyalılar üçün şərait yaradılmasının vacibliyini vurğulamışdım. Hətta dövlət qurumlarına, rəsmi şəxslərə həm şəxsən, həm də ictimai səviyyədə açıq müraciət edərək Qarabağ və Şərqi Zəngəzura köçmək istədiyimi vurğulamışdım.
Düşünürəm ki, Qarabağ və Şərqi Zəngəzurda Qayıdış İnformasiya Mərkəzlərinin və bölgə üçün xüsusi telekanalın açılması faydalı olar. İnanıram ki, bu layihələr mütləq həyata keçiriləcək. Lakin bütün hallarda İctimai Teleradio öz quruluş fəlsəfəsinə görə bu yöndə səmərəli çalışmalı idi və çalışmalıdır. İctimai yayımın yeni mərhələdəki prioritetlərindən biri də məhz sadalananlar olmalı və yeni baş direktorun seçkisi öncəsi geniş müzakirəyə açılmalıdır. Çünki ictimai yayım bir tele-müəssisə olmaqdan daha öncə sosial institutdur. Bu institut milli düşüncə məkanının təşkilində əsas rollardan birinə malikdir, dövlətin intellektual sisteminin, cəmiyyətin insan kapitalının əsas kommunikasiya vasitəsidir.
Bəli, Qarabağda formalaşan yeni modelin mərkəzində insan amili dayanır. Bu model eyni zamanda yeni idarəetmə düşüncəsinin, yeni intellektual koordinatların və yeni strateji cəmiyyət anlayışının formalaşmasına təsir göstərir. Belə bir mərhələdə ictimai yayımçının idarəçilik fəlsəfəsi də yeni dövrün strateji çağırışlarına uyğunlaşmalıdır.
Bayrağımız Cəbrayılda, Zəngilanda, Xankəndidə dalğalanırsa, deməli Azərbaycan artıq fərqli inkişaf dinamikasına malikdir. Dünən Prezident İlham Əliyev Cəbrayılın Şükürbəyli kəndində yerli icma qarşısında çıxış edərkən bu dinamikalara xüsusi diqqət çəkdi:
“Bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq”.
İndi əsas vəzifələrdən biri, zənnimcə, müzəffər dövlətin yeni düşüncə arxitekturasının formalaşmasını həm ictimai proses kimi gündəmdə saxlamaq, həm də Qarabağda yaranan yeni ictimai-intellektual infrastrukturun strateji dərinlik qazanmasına dəstək verməkdir. Dövlət başçısının söylədiyi kimi, hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun. Bu da olacaq!
Taleh ŞAHSUVARLI,
İctimai yayım xidmətinin Baş direktoru postuna namizəd