Suverenliyimizə qarşı qətnamə və Azərbaycanın siyasi sistemindəki təhlükəli elementlər

Avropa Parlamentinin Ermənistanda demokratik sabitliyin dəstəklənməsi ilə bağlı qətnaməsini Azərbaycanın vətəndaş cəmiyyətinin və rəsmi dairələrinin hiddətlə qarşılaması tam təbiidir. Əgər qətnamə mövzusunun predmeti yalnız Ermənistan olsaydı, bizim nə geniş müzakirə aparmağımıza ehtiyac yaranar, nə də Avropa Parlamentinin erməni dərdi çəkməsinə təəccüblənərdik.

Fəqət bu qətnamə üzdə Ermənistanın demokratik inkişafını dəstəkləmiş kimi görünsə də, əslində Nikol Paşinyana cəbhə açmış revanşist qüvvələrin qol-qanad açmasına rəvac verir, bununla həm də Ermənistanı daxili və regional sabitliyə təhdid yarada biləcək amilləri dəstəkləyir. Lakin xüsusi diqqət ona yönəlməlidir ki, qətnamənin 12 və 13-cü bəndlərində yer alan müddəalar Ermənistan sərhədlərini aşır və Azərbaycanın suverenliyinə, yumşaq desəm, sayğısızlıq ifadə edir. Həmin maddələri olduğu kimi təqdim etmək uzunçuluq yaradar, qısa məğzi budur ki, “Dağlıq Qarabağ ermənilərinin beynəlxalq zəmanətlər altında təhlükəsiz, maneəsiz və ləyaqətli qayıtmaq hüququ” dəstəklənir, Azərbaycan “erməni mədəni və dini irsini məhv etməkdə” ittiham olunur. Həmçinin “Azərbaycanın erməni hərbi əsirlərini və girovlarını ədalətsiz şəkildə saxlanılması” pislənir, onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edilir. Bu tələb “beynəlxalq humanitar və insan hüquqları” pərdəsinə bükülərək sığortalanır.

Əvvəla, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bir inzibati vahid yoxdur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən münaqişənin arxaik terminlərini gündəmə gətirmək heç də sülhə xidmət edən metod deyil.

İkincisi, Avropa Parlamenti gerçəkdən Ermənistanda sabitliyin qayğısına qalırsa, Qarabağı könüllü tərk etmiş və əksəriyyəti qaçqın statusuna malik olmayan, çoxdan Ermənistandan vətəndaşlıq almış, bununla da qaçqınlar üçün tanınan qayıdış hüququna malik olmayan ermənilərdən yox, məcburi deportasiyaya məruz qalmış azərbaycanlıların hüquqlarında danışmalı idi. Beynəlxalq humanitar hüquqa və insan haqlarına selektiv yanaşma ən azı ikilistandartlardan xəbər verir. İkili standartlar olan yerdə isə hüquqdan və humanizmdən danışmaq, sadəcə olaraq, riyakarlıqdır.

Üçüncüsü, Qarabağda saxlanılmış və Azərbaycanda məhkəməyə çıxarılmış, cinayətləri ədalətli mühakimə aparılaraq sübut olunmuş erməni mənşəli şəxslər barədə qətnamədəki iddialar hər hansı prosessual pozuntu faktları ilə əsaslandırılmır. Bu tip bəyanatlar lap əvvəldən Qarabağda çoxsaylı cinayətlər törətmiş şəxslərə münasibətdə Azərbaycanın hüquqi yurisdiksiyanı şübhə altına yönəlib. Bu cəhd o qədər absurddur ki, şərh olunmağa belə layiq deyil və heç bir beynəlxalq hüquq təşkilatı bu cür iddiaları qəbul etmir. Odur ki, Avropa parlamentinin siyasi deklerasiyasının heç bir hüquqi əsası yoxdur.

Anti-Azərbaycan isteriyasının tipik təzahürü olan bu qətnamə “5-ci kolon” rolunu üzərinə götürmüş radikal müxalifət və onların xaricə sığınmış təmçilərini də hərəkətə gətirib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yazır:

“Azərbaycan hakimiyyəti AŞ-dan çıxdıqdan sonra indi də demokratik dəyərlərə hörmət tələb edən, insan hüquqları sahəsində pozuntulara görə tənqidlər səsləndirən AP ilə əməkdaşlığa son qoymaqda maraqlıdır».

Yarandığı gündən adındakı "millilk" ifadəsinə tərs mütənasib fəaliyyət göstərən marginallaşmış Şuranın sədri Cəmil Həsənli Avropa Parlamentini “Azərbaycanda insan hüquqları və demokratiya məsələlərini” müdaifə edən qurum kimi təqdim edir.

Azərbaycanı tərk etmiş Arif Yunus isə bəyan edir ki, “AP-nin Qarabağ erməniləri ilə bağlı məsələ qaldırması əslində seçki ərəfəsində Paşinyana dəstək vermək məqsədi daşıyırdı. Azərbaycan hakimiyyəti isə AP-dən uzaqlaşmaqla, dolayısı ilə Rusiyanın xeyrinə addım atmış oldu”.

Göründüyü kimi, müxalif şərhlərdə önə çəkilən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası və gerçəkliklər deyil. Öz dar ambisiyaları ucbatından faktiki olaraq erməni lobbisinin prioritetlərinə dəstək verməklə onlar Azərbaycan qarşı təzyiq kampaniyalarınən ən başlıca məqsədinə bəraət qazandırmış olurlar. Doğrudanmı bu bəndeyi- siyasi həqirlər anlamağa çətinlik çəkir ki, erməni revanşizminə verilən istənilən dolayı və birbaşa dəstək Kremlin Ermənistan siyasətindəki yeni layihəsi Samvel Karapetyanın resurslarının genişləndirilməsinə xidmət edir? Zənn etmirəm və eyni zamanda, Rusiyanın bənzər layihəni Azərbaycanda 2013-cü ildə sınaqdan keçirmək istədiyini xatırlayanda təəccüblənmirəm də!

Bəli, istənilən məsələdə fikir plüralizminin meydana çıxması yaxşı haldır. Lakin hər bir fikir də öz məğzində prioritetlər ierarxiyasını əks etdirməlidir. Hər hansı beynəlxalq sənədi müdafiə etməzdən öncə onu analiz etmək, milli maraqlara uyğunluğunu üzə çıxarmaq lazımdır. AXCP və Müsavat kimi partiyalar və onların orbitində avrocanlıq edənlərin prioritetlər ierarxiyasında isə belə bir uyğunluq gözə dəymir. Azərbaycana qarşı geosiyasi təzyiq alətlərinə hər fürsətdə legitimlik qazandırmağa cəhd edən bu cür qurumların siyasi səhnədə olması Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə və gələcəyinə qarşı təhdidlər yaratmırmı? Məncə, bu ritorik suala cavab vermək əvəzinə, onun üzərində düşünmək lazımdır ki, “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğunluğu sual altında olan həmin təşkilatlar siyasi sistemin leqal parçası olaraq hələ də niyə və necə qalıblar?
Mənim bu məsələ ilə bağlı mövqeyim bəllidir. Lakin təkrarən bir daha deyim ki, tərəfimdən qoyulan sual həmin təşkilatların mövcudluğu barədə deyil, fəaliyyətlərinin hüquqi və leqal siyasi sistemlə uyğunluğuna aiddir. Odur ki, sualı yenidən səsləndirməyə məcburam: Azərbaycanın bir dövlət olaraq suverenliyi və təhlükəsizliyi siyasi partiyalar sistemi çərçivəsində necə qorunur? Əgər bir ölkədə müəyyən çevrələrin siyasi fəaliyyəti xarici təsir alətlərinin tətbiqinə zəmin yaradırsa, bu, artıq siyasi rəqabət kontekstindən çıxır və sistem məsələsinə çevrilir.

Bu məsələni isə, hüquqi və institusional çərçivədə dəyərləndirmək nəinki doğru, hətta labüddür.

Labüddür ona görə ki, siyasi partiyalar sistemi istənilən dövlətin siyasi iradəsinin formalaşdığı əsas platformalardan biridir. Bu platformada fəaliyyət nəticə etibarilə milli qərarvermə prosesini gücləndirmək əvəzinə onu fraqmentasiya edir və bununla da kənar aktorlar üçün əlavə təsir imkanları yaradırsa, siyasi system həm hüquqi zəmindən kənarlaşır, həm də effektivliyi minimum enir. Odur ki, Azərbaycanın siyasi sisteminin konstitusiya əsaslanan strateji məqsədlərə uyğunlaşdırılması zamanın kəskin tələblərindən biridir.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru