“Hazırkı atəşkəs sülhə yox, yeni qarşıdurmaya daha yaxındır” – Ədalət Verdiyev

"Bu gün qlobal təhlükəsizlik arxitekturası ciddi tənəzzül mərhələsinə daxil olub. Həm ölkəmizin şimalında, həm də cənubunda döyüş əməliyyatlarının davam etməsi ümumi vəziyyəti daha da gərginləşdirir. İranda atəşkəs elan olunsa da, tərəflərin son bəyanatları danışıqlar prosesinin dalana dirəndiyini göstərir. Hazırda İranın əlində əsas təsir alətlərindən biri Hörmüz boğazında gərginlik yaratmaqdır. Artıq bu ərazidə tankerlərə SEPAH-a məxsus katerlər tərəfindən atəş açıldığına dair məlumatlar yayılıb. Eyni zamanda, İran rəsmilərinin danışıqlardan imtina etdiyinə dair xəbərlər də vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Xatırladaq ki, Hörmüz boğazında gərginlik yenidən artıb. İranın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən bölgədə ticarət gəmilərinin hərəkəti çətinləşib, bəzi hallarda isə qarşıdurma elementləri müşahidə olunub. Bu vəziyyət qlobal enerji və ticarət marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Ekspert qeyd edib ki, mövcud vəziyyət hazırkı atəşkəsin sülhə deyil, əksinə, döyüş əməliyyatlarının yenidən başlanmasına daha yaxın olduğunu göstərir.

"İran donanmasının ciddi itkilər verdiyi, yüzlərlə hərbi vasitənin sıradan çıxarıldığı bildirilir və bu barədə vizual sübutlar mövcuddur. Bununla belə, ABŞ tərəfinin itkiləri ilə bağlı İran tərəfindən inandırıcı faktlar təqdim olunmayıb. İran donanmasının ABŞ-a qarşı açıq dəniz qarşıdurmasında müqavimət potensialı uzunmüddətli deyil və belə bir toqquşmanın bir həftədən artıq davam etməsi real görünmür. Bununla yanaşı, vasitəçilərin səyləri nəticəsində döyüşlərdə fasilələr və müvəqqəti atəşkəslər danışıqlar prosesinə zaman qazandırır. Ümumilikdə, İranın ABŞ və İsraillə mümkün müharibədə qalib gəlmək ehtimalı əvvəldən aşağı qiymətləndirilirdi və hazırkı şəraitdə bu ehtimallar daha da zəifləyib. Bununla belə, İranın yalnız hərbi texnikasının sıradan çıxarılması onun strateji məğlubiyyəti üçün kifayət deyil. Tehranın Livan, Qəzza və İraqdakı proksi qüvvələrinin də zərərsizləşdirilməsi vacib amil kimi qiymətləndirilir. Bu, İranın regionda təsir imkanlarını, xüsusilə İsrailə qarşı potensialını əhəmiyyətli dərəcədə azalda bilər. Digər tərəfdən, mülki itkilərin qarşısını almaq məqsədilə ABŞ prosesləri daha çox diplomatik vasitələrlə öz xeyrinə həll etməyə çalışır. Lakin mövcud reallıq göstərir ki, İranı yalnız diplomatik yolla geri addım atmağa məcbur etmək asan deyil. Bu səbəbdən, ehtimal olunur ki, əgər İran yaxın günlərdə danışıqlar masasına qayıtmasa, ABŞ və İsrail döyüş əməliyyatlarını bərpa edə bilər. Bu isə xüsusilə Hörmüz boğazı ətrafında İranın hərbi dəniz qüvvələrinə qarşı daha intensiv zərbələrlə müşayiət oluna bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az