“Məzunlar əmək bazarına çıxmaqda ciddi çətinliklərlə üzləşirlər” – Ramin Nurəliyev

"Bugün həqiqətən də Azərbaycanda, mən bunu bir neçə televiziya verilişində də ifadə etmişəm, ali təhsil müəssisələrinin əksəriyyətində — bir neçəsini istisna etməklə — kadr hazırlığında ciddi problemlər müşahidə olunur. Tələbələr ali təhsil müəssisəsini bitirdikdən sonra əmək bazarına çıxmaqda ciddi çətinliklərlə üzləşirlər. Bu, əsasən ali təhsil müəssisələrində praktiki biliklərin kifayət qədər aşılanmaması ilə bağlıdır. Bir çox universitetlərdə ixtisasa uyğun laboratoriyalar, praktik məşğələlər və real iş mühitinə uyğun şərait ya yoxdur, ya da çox məhdud imkanlar daxilindədir. Bu da nəticə etibarilə məzunların əmək bazarına inteqrasiyasını xeyli çətinləşdirir. Düşünün, gənc dörd il ali təhsil alır, amma məzun olduqdan sonra öz ixtisası üzrə minimal praktik bacarıqlara belə malik olmur. Məsələn, inşaat mühəndisliyini bitirən bir məzun sahə üzrə real iş təcrübəsinə və tətbiqi biliklərə sahib olmur. Halbuki işəgötürənlər üçün əsas meyar məhz praktik bilik və bacarıqlardır".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, son illərdə ali təhsil sistemi ilə əmək bazarının tələbləri arasındakı uyğunsuzluq həm Azərbaycanda, həm də bir çox ölkələrdə aktual müzakirə mövzusuna çevrilib. Universitetlərdən məzun olan gənclərin bir hissəsi ixtisası üzrə iş tapmaqda çətinlik çəkir, digər tərəfdən isə işəgötürənlər praktik bacarıqlara malik kadr çatışmazlığından şikayətlənirlər. Bu vəziyyət “ali təhsil həqiqətən əmək bazarına nə dərəcədə uyğun kadr hazırlayır?” sualını ön plana çıxarır. Təhsil proqramlarının müasir iqtisadi tələblərə uyğunlaşdırılması, praktiki bacarıqların artırılması və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi bu problemin həllində əsas istiqamətlər kimi göstərilir.

Ekspert qeyd edib ki, eyni vəziyyət maşın mühəndisliyi və bir çox digər texniki ixtisaslarda da müşahidə olunur.

"Bir neçə nüfuzlu ali təhsil müəssisəsini — Bakı Ali Neft Məktəbi, ADA Universiteti, İqtisad Universiteti, həmçinin bəzi özəl universitetlər, məsələn Xəzər Universiteti — istisna etsək, ümumi mənzərədə ciddi problemlər mövcuddur. Bu problem humanitar sahələrdə də özünü göstərir. Məsələn, pedaqoji ixtisasları götürək. Müəllimlik ixtisasını bitirən bir gənc MİQ imtahanına birbaşa hazır vəziyyətdə daxil ola bilmir. Mütləq şəkildə əlavə hazırlıq kurslarına və ya repetitorlara müraciət edir. Yalnız bundan sonra müəyyən nəticə əldə edə bilir. Bu isə ali təhsilin funksiyası ilə bağlı ciddi suallar yaradır. Eyni vəziyyət hüquq ixtisasında da müşahidə olunur. Məzunların bir qismi sadə iddia ərizəsi yaza bilmir, müqavilə hazırlamaq kimi əsas praktik bacarıqlardan məhrum olur. Halbuki bu sahələrdə nəzəri biliklə yanaşı, praktiki hazırlıq xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, ali təhsil sistemində nəzəri biliklərlə yanaşı praktiki hazırlığın da gücləndirilməsinə ciddi ehtiyac var. Bir semestrlik təcrübə proqramları kifayət etmir. Praktika daha sistemli, uzunmüddətli və real iş mühitinə yaxın şəkildə təşkil olunmalıdır. Eyni zamanda, bu sahədə nəzarət mexanizmləri də gücləndirilməlidir. Ali Təhsil üzrə Dövlət Agentliyi və digər aidiyyəti qurumlar mütəmadi monitorinq və qiymətləndirmələr aparmalı, mövcud boşluqları müəyyənləşdirərək onların aradan qaldırılması istiqamətində konkret addımlar atmalıdır. Çünki Azərbaycan iqtisadiyyatı inkişaf edir, dövlət və özəl sektor genişlənir. Belə bir şəraitdə kadr çatışmazlığı yaranması və bəzi sahələr üzrə xaricdən mütəxəssis cəlb edilməsinə ehtiyac duyulması ali təhsil sistemi üçün ciddi siqnaldır. Ona görə də hesab edirəm ki, bu istiqamətdə ali təhsil müəssisələri və aidiyyəti qurumlar daha çevik və məsuliyyətli yanaşma ortaya qoymalıdır. Praktiki biliklərin gücləndirilməsi, tədris proqramlarının yenilənməsi və əmək bazarı ilə inteqrasiyanın artırılması əsas prioritetlərdən biri olmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az