- Siyasi müzakirə
- 22:05
- 1 372
“Cənubi Qafqaz Yaxın Şərq ssenarisi ilə müqayisə oluna bilməz” – Həşim Səhrablı
"4-cü bənddə ABŞ-nin üzərinə götürdüyü öhdəlik qüvvələrin çıxarılmasını nəzərdə tutur. Yəni söhbət ABŞ-nin hərbi kontingent və ya hərbi qüvvə yerləşdirdiyi ölkələrdən gedir. Azərbaycan və Ermənistan kontekstində, xüsusilə Zəngəzur dəhlizi məsələsində ABŞ-nin bölgədə hərbi kontingenti yoxdur və böyük ehtimalla gələcəkdə də olmayacaq. Çünki Azərbaycan öz ərazisində xarici hərbi qüvvələrin mövcudluğunu istəmir. Ermənistanın da buna imkan verməsi o qədər real görünmür. Bu səbəbdən ABŞ Cənubi Qafqaz siyasətində həmin məqamı öz xeyrinə arqument kimi istifadə etməyə çalışacaq və bildirəcək ki, bölgədəki fəaliyyəti hərbi deyil, iqtisadi və mülki məqsədlərə yönəlib. Vaşinqton bu əsasla İranın etiraz etmək üçün hüquqi əsasının olmadığını iddia edəcək. İran isə öz növbəsində sərhədləri yaxınlığında həyata keçirilən layihələrə milli maraqlarını əsas gətirərək qarşı çıxmağa çalışacaq. Əslində, Cənubi Qafqazda ABŞ-İran gərginliyinin yaranması mümkündür, lakin bu, hazırkı razılaşmanın dördüncü bəndi ilə bağlı olmayacaq".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ və İran arasında elektron formatda razılaşdırılan memorandumun əsas müddəaları artıq müəyyən qədər məlumdur. Bununla belə, sənədi yekun və dəyişdirilməsi mümkün olmayan variant kimi qiymətləndirmək doğru olmaz. Çünki tərəflərin iyunun 19-da Cenevrədə sənədin rəsmi imzalanma mərasimini keçirməsi planlaşdırılır. Gözlənilən razılaşmanın Cənubi Qafqaza da müəyyən təsirlər göstərə biləcəyi ehtimal olunur. Son dövrlərdə ABŞ Prezidenti Donald Trampın komandası regionla bağlı fəal siyasət yürüdür. Bu çərçivədə xüsusilə TRIPP layihəsi və ya Tramp marşrutu kimi təqdim edilən Zəngəzur dəhlizi ətrafında müzakirələr diqqət çəkir. Memorandumun 14 bənddən ibarət ilkin layihəsində yer alan müddəalardan biri də ABŞ-ın İran ətrafındakı bölgələrdə yerləşdirdiyi hərbi qüvvələrin çıxarılması ilə bağlı öhdəlikdir. Sənədin 4-cü bəndində qeyd olunur: “ABŞ-ın İranı əhatə edən ərazilərdən qüvvələrini çıxarmaq öhdəliyi.”
Siyasi şərhçi qeyd edib ki, qarşıdurma əsasən iqtisadi və siyasi rəqabət müstəvisində davam edəcək.
"Bu məsələyə hərbi aspektdən yanaşmaq doğru deyil. ABŞ-nin Cənubi Qafqazda iştirakının hansı formada olacağına region ölkələri qərar verəcək. İran da yaxşı anlayır ki, Azərbaycan və Ermənistan Suriya, İraq və ya Livan kimi dövlət institutlarının zəif olduğu ölkələr deyil. Ermənistanda müəyyən daxili siyasi gərginliklər mövcud ola bilər, lakin bunlar təhlükəsizlik böhranı səviyyəsində deyil. Azərbaycanda da nə terror təhlükəsi, nə də ciddi daxili sabitlik problemi mövcuddur. Bu baxımdan İran Yaxın Şərqdəki vəziyyətlə Cənubi Qafqazdakı şəraiti eyniləşdirə bilməz. ABŞ-nin regiona gəlib-gəlməməsi və ya hansısa iqtisadi layihələrdə iştirak edib-etməməsi gələcək diplomatik mübarizənin nəticəsindən asılı olacaq. İran ərəb ölkələrinə münasibətdə tətbiq etdiyi siyasəti, yaxud Suriya və Livanda istifadə etdiyi təsir mexanizmlərini Cənubi Qafqazda eyni şəkildə tətbiq edə bilməz. Burada hər şey onun mövcud təsir imkanlarından və siyasi alətlərindən necə istifadə etməsindən asılı olacaq. Nəticə etibarilə son sözü Azərbaycan və Ermənistan rəhbərliyi deyəcək. Əgər bu ölkələr öz xarici siyasət maraqları baxımından ABŞ-la əməkdaşlığı daha məqsədəuyğun hesab etsələr, bu istiqamətdə addımlar atılacaq. Əgər İranla əməkdaşlıq üstün tutulsa, həmin istiqamətdə siyasət formalaşacaq. Əgər tərəflərdən heç biri xüsusi üstünlük qazanmasa və region ölkələri bütün tərəflərlə balanslı əməkdaşlıq siyasətini davam etdirsələr — ki, Azərbaycanın rəsmi mövqeyi məhz bundan ibarətdir — o zaman həm ABŞ, həm də İranla qarşılıqlı maraqlara uyğun münasibətlər inkişaf etdiriləcək. Beləliklə, Cənubi Qafqazda ABŞ-İran rəqabəti də daha çox diplomatik və iqtisadi müstəvidə tənzimlənmiş olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az