- Siyasi müzakirə
- 18:55
- 2 375
"İran-ABŞ və İsrail-Hizbullah anlaşmaları müvəqqəti xarakter daşıyır" - Həşim Səhrablı
"Hesab etmirəm ki, hazırda əldə olunan razılaşmalar münaqişənin tam şəkildə başa çatması və ya regionda gərginliyin tam aradan qalxması ilə nəticələnəcək. Əksinə, mənə elə gəlir ki, İranla ABŞ arasında müşahidə olunan nisbi yumşalma, eləcə də İsrail və Hizbullah arasında əldə edilən son razılaşmalar daha böyük proseslərə hazırlığın tərkib hissəsidir.Çünki problemin birdəfəlik həlli yalnız tərəflərin bir-birinə qarşı hərbi fəaliyyətləri dayandırması ilə mümkün deyil. Əgər həqiqətən davamlı sülhdən danışırıqsa, o zaman münaqişənin kökündə dayanan bütün məsələləri əhatə edən və əsas ziddiyyətləri aradan qaldıran genişmiqyaslı razılaşma əldə olunmalıdır. Hazırkı mərhələdə isə nə İran və ABŞ arasında, nə də İsrail və Hizbullah arasında belə bir fundamental razılaşmanın mövcud olduğunu söyləmək mümkündür".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, ABŞ-nin vasitəçiliyi ilə hazırlanan təklif çərçivəsində “Hizbullah” hücumların dayandırılmasına razılıq verib. Livan rəsmilərinin açıqlamasına görə, əldə olunan anlaşma İsrailin Dahiya bölgəsinə endirdiyi zərbələrin, eyni zamanda “Hizbullah”ın İsrailə qarşı hücumlarının dayandırılmasını nəzərdə tutur.
Siyasi şərhçi bildirib ki, mövcud anlaşmalar uzunmüddətli sülhü təmin etmir, sadəcə tərəflər arasında mümkün hərbi toqquşmaları müəyyən müddətə təxirə salır.
"Lakin bu vəziyyət uzunmüddətli sabitlik demək deyil. Tərəflərin qarşılıqlı tələbləri və maraqları yenidən gündəmə gəldikcə, mövcud razılaşmaların yetərsiz olduğu daha aydın görünəcək. İran öz tələblərini yenidən irəli sürəcək, ABŞ öz mövqeyində israr edəcək. Eyni proses İsrail və Hizbullah münasibətlərində də müşahidə olunacaq. Məhz həmin mərhələdə tərəflər anlayacaqlar ki, mövcud razılaşmalar əsas problemləri həll etmir. Bu isə yeni qarşıdurmalar üçün zəmin yarada bilər. Həmin qarşıdurmaların əvvəlkilərdən daha zəif və ya daha şiddətli olacağını isə indidən dəqiq söyləmək mümkün deyil. Bu, hazırda davam edən danışıqlar prosesinin nəticələrindən asılı olacaq. Danışıqlarda hansı məsələlərin müzakirə ediləcəyi, tərəflərin hansı güzəştlərə hazır olacağı və nə dərəcədə ortaq məxrəcə gələ biləcəyi gələcək hadisələrin istiqamətini müəyyənləşdirəcək. Ona görə də bugünkü razılaşmaları daha çox formal və müvəqqəti xarakterli addımlar kimi qiymətləndirmək lazımdır. Problemin kökündə dayanan ziddiyyətlər aradan qaldırılmadıqca nə davamlı sülhdən, nə də münaqişənin tam həllindən danışmaq mümkün olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az