Dövlət Əmək Müfəttişliyi Xidməti və Tarix və Etnologiya İnstitutunun rəhbərlərinin görüşü: Problemlər həllini tapır

AMEA Bakıxanov adına Tarix və Etnologiya İnstitunun direktoru professor Kərim Şükürovun Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən institutun elmi əməkdaşlarından birinin təziyiqinin aşağı düşməsi nəticəsində yaşanan hadisəyə görə cərimə edilməsi haqqında məlumat ictimaiyyət arasında geniş əks-səda doğurmuşdur. Bu məlumatlardan və ictimai rəydən sonra Kərim Şükürov Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görüşə dəvət edilmiş, Xidmətin rəisi Vəli Quliyev tərəfindən qəbul olunmuşdur. Kərim Şükürov Tarix və Etnologiya İnstitutunun əsas prioritertlərindən, əmək qanunvericliyinin həyata keçirilməsi və əməyin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, həmçinin institutun üzləşdiyi problemlərdən bəhs etmişdir.

Xidmətin rəisi Vəli Quliyev Azərbaycan elminin mərkəzlərindən biri kimi akademiyanın rolunu qeyd etmiş, orada çalışan alimlərin əməyini yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində həyata keçirilən yeniliklərdən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən və perspektiv planlarından söz açmışdır. Vəli Quliyev rəhbərlik etdiyi xidmətin hər bir təşlkilata, o cümlədən Tarix və Etnologiya İnstitutuna əmək qanunvericiliyinin həyata keçirilməsində meydana gələn problemləri birgə əməkdaşlıq şəraitində həll etməyə hazır olduğunu bildirmişdir. Bu məqsədlə “DOST müfəttiş” layihəsinin mövcud olduğu bildirilmişdir. Aparılan müzakirələr nəticəsində belə qərar qəbul olunmuşdur ki, Xidmətin müvafiq qurumları və institut arasında əməkdaşlıq yaradılsın, institutda Xidmətin mütəxəssiləri ilə görüşlər keçirilsin, əmək qanunvericiliyi və əməyin təhlükəsizlıiyinin təmin edilməsi istiqamətində yaranan suallara cavab verilsin, problemlərin həllinə praktik kömək göstərilsin.
Yüksək vəzifəli dövlət məmurlarının yaranmış problemə qısa bir vaxtda reaksiya verməsi, onun müsbət həlli istiqamətində tədbirlər görməsi təqdirəlayiqdir və bu təcrübənin ümumölkə miqyasında ənənəyə çevrilməsi müsbət hadisə ola bilər.