“ABŞ ilə problemlərin diplomatik həllini istəyən qüvvələr İranda güclənir” – Oqtay Qasımov

"Pezeşkianın Pakistana səfəri ilk növbədə ABŞ-İran münasibətləri və Pakistanın vasitəçilik təşəbbüsləri ilə bağlıdır. Səfər zamanı Vaşinqton və Tehran arasında aparılan danışıqların detalları yenidən müzakirə olunacaq, bir sıra məsələlər üzrə mövqelərin razılaşdırılması istiqamətində addımlar atılacaq. Pakistan və İran arasında münasibətlər son dövrlərdə məhz vasitəçilik fəaliyyəti fonunda xeyli güclənib. Halbuki təxminən ilyarım əvvəl tərəflər arasında ciddi gərginlik yaşanmış, İran Pakistan ərazisində əməliyyat keçirmiş, Pakistan da buna cavab vermişdi. Sonradan tərəflər münasibətləri normallaşdırmağa nail oldular. Pakistan ABŞ və İran arasında qarşıdurmanın diplomatik yollarla həllində maraqlıdır və bu istiqamətdə müəyyən nəticələr əldə edə bilib. Bu baxımdan Pakistanın mövqeyi İran üçün xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Yaxın Şərqdə davam edən geosiyasi proseslər fonunda İran Prezidenti Məsud Pezeşkianın Pakistana planlaşdırılan səfəri diqqət çəkir. Tehran və İslamabad arasında münasibətlərin inkişaf etdiyi bir dövrdə baş tutacaq səfərdə tərəflərin iqtisadi əməkdaşlıq, regional məsələlər və əvvəlki razılaşmaların icrası ilə bağlı müzakirələr aparacağı gözlənilir. Səfər çərçivəsində Pezeşkianın ABŞ-İran münasibətlərində vasitəçilik təşəbbüslərinə görə Pakistan rəhbərliyinə təşəkkür etməsi də nəzərdə tutulur. Bu isə İslamabadın regional diplomatiyada artan rolunun göstəricisi kimi qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, Pakistanın Çinin strateji tərəfdaşı olması bu səfərin geosiyasi əhəmiyyətini artıran mühüm amillərdən biridir.

"Beləliklə, Pakistanın vasitəçiliyi fonunda Çinin də prosesdə dolayısı ilə iştirak etdiyi söylənilə bilər. İranın Çinlə münasibətləri nəzərə alındıqda, səfərin məqsədləri daha aydın görünür. Bu səfər həm də göstərir ki, İran daxilində ABŞ ilə problemlərin diplomatik yollarla həll olunmasının tərəfdarı olan siyasi qüvvələr mövcuddur və Prezident Məsud Pezeşkian da bu xətti dəstəkləyən fiqurlardan biridir. Yaxın perspektivdə İran və Pakistan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyi, mövcud problemlərin həlli üçün daha əlverişli zəmin formalaşacağı gözlənilir. Son aylarda Pakistanın vasitəçilik səyləri müəyyən nəticələr verib. ABŞ və İran arasında danışıqların indiki mərhələyə çatmasında Pakistanın rolunun olduğu qeyd edilir. Bununla yanaşı, Qətər və Türkiyənin də bu prosesə verdiyi dəstək xüsusi vurğulanmalıdır. Pezeşkianın səfəri Yaxın və Orta Şərqdə geosiyasi balans baxımından da diqqət çəkir. Pakistanın əsas regional rəqibi Hindistandır və İslamabad bu fonda Çinlə əlaqələrini daha da gücləndirir. Eyni zamanda İranın Hindistanla münasibətləri də nəzərə alınmalıdır. Bununla belə, İranın Pakistan və Hindistan arasında ciddi vasitəçi rolunu üzərinə götürəcək gücə malik olduğu düşünülmür. Lakin müəyyən məsələlərdə yumşaldıcı təsir imkanları istisna edilmir. Pakistan və İran münasibətlərinin inkişafı regiondakı geosiyasi balansda müəyyən dəyişikliklər yarada bilər. Bununla yanaşı, İranın teokratik idarəetmə modeli və Pakistanın siyasi-ideoloji xüsusiyyətləri nəzərə alındıqda, iki ölkənin yaxın perspektivdə tam strateji müttəfiq səviyyəsinə yüksəlməsi real görünmür. Buna baxmayaraq, münasibətlərin normallaşması və güclənməsi hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır".

Rəfiqə Namazəliyeva,

AzNews.az