Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev APA İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi və “Xəzər” televiziya kanalına müsahibə verib. Nazir müsahibədə, əsasən, Azərbaycan təhsil sistemində aparılan islahatlar, məktəbəqədər, ümumi, peşə və ali təhsilin inkişafı, tədrisin keyfiyyəti, rəqəmsallaşma, gələcəyin təhsil modeli və digər məsələlər barədə danışıb.

Aznews.az müsahibəni təqdim edir:

“Kiçik məktəblərdə təhsilin keyfiyyəti də aşağıdır”

"Xəzər TV": Cənab nazir, budəfəki müsahibəmiz tədris ilinin sonuna təsadüf edir. Geridə qoyduğumuz tədris ilinə nəzər salsaq, Azərbaycan təhsilində nələri xüsusi qeyd etmək olar? Ötən tədris ili Azərbaycan təhsili üçün hansı nəticələrlə yadda qaldı?

– Təhsil islahatları bir ilin yox, bir neçə ilin nəticəsində qiymətləndirilir. Təbii ki, hər il qoyulmuş hədəflərə doğru addımlamaq qarşımızda duran əsas vəzifələrdəndir. Ötən tədris ilində də bir çox sahədə, o cümlədən Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin açılması, həmin yerlərdə Azərbaycan vətəndaşlarının öz dədə-baba yurdlarına qayıtması, orada tədrisin daha da genişlənməsi əlamətdar hadisə olub və bu istiqamətdə əldə etdiyimiz təcrübə növbəti illərdə daha sürətlə davam edəcək, köç prosesinin daha səmərəli təşkilinə imkan verəcək.

Eyni zamanda müxtəlif istiqamətli layihələrimiz – STEAM layihəsi, Rəqəmsal Bacarıqlar layihəsi və s. öz miqyasını genişləndirir. Sertifikatlaşdırma prosesi bu günlərdə davam edir və bu həftə ərzində artıq ilk dəfə olaraq bütün fənlər üzrə müəllimlərin birinci mərhələdə sertifikatlaşdırma prosesini bitirmiş olacağıq. Təbii ki, bu, davamlı prosesdir. Amma üç ildir işləməyən müəllimlər və bəzi istisna qruplardan savayı, demək olar, bütün müəllimlərimizin sertifikatlaşdırma prosesinin birinci mərhələsini yekunlaşdıra bilmişik.

Məktəbəqədər təhsildə əhatəliliyin artması, xüsusilə də bu istiqamətdə atılmış alternativ addımlarla bağlı irəliləyiş önəmlidir.

Düşünürəm ki, əvvəlki illərdə olduğu kimi, bu il də ali təhsil üzrə qəbul planlarında daha çox Azərbaycan vətəndaşının ali təhsil alma imkanı əldə etməsi istiqamətində görülən işlərin faydasını görəcəyik. Ümumilikdə, təhsil sistemində rəqəmsallaşma istiqamətində bir çox mühüm addımlar atılıb. Həmçinin, xüsusi qeyd etməliyəm ki, ötən günlərdə elan edilmiş reytinq sıralamalarında Azərbaycanın ali təhsil müəssisələrinin irəliləyiş əldə etməsi çox vacib haldır. Biz sentyabr ayında ən vacib göstəricilərdən biri olan PISA (Beynəlxalq şagird qiymətləndirmə proqramı – red.) şagird nailiyyətlərinin qiymətləndirilməsi nəticələrini gözləyirik. İnanırıq ki, o nəticələrdə müsbət dinamikanın olduğunu göstərəcək.

"Xəzər TV": Kəndlərdəki şagird sayı az olan məktəblər birləşdirilir. Şəhərlərdə də təmayülləşmə aparılır. Çox gözəl, vacib addımdır. Amma yerin dəyişməsi və məsafə səbəbindən şagirdlərin məktəbə getməsində çətinlik yaranır. Şagirdlərin rahatlığı üçün hansısa addım atılırmı?

– Azkomplektli və yaxud da azşagirdli məktəblərin rasionallaşdırılması, əsasən, iki məqsədə xidmət edir. Azərbaycanda fəaliyyət göstərən 4000-dən artıq məktəbin 40 faizində, yəni 1600 məktəbdə şagirdlərin cəmi 4 faizi təhsil alır. Yəni bu, kifayət qədər məktəbin yerləşmə coğrafiyasının nə qədər qeyri-proporsional olmasını göstərir. Birinci məqsəd səmərəlilikdir. Çünki məktəb nə qədər kiçikdirsə, bir şagirdə sərf olunan dövlət maliyyəsi kifayət qədər böyük olur. Təbii ki, bu dövlət maliyyəsinin böyük olmasına rəğmən, əgər həmin məktəblərdə biz daha fərqli və daha yüksək təhsil nailiyyətləri, təlim nəticələri görsək, bəlkə də, bu prosesin belə qalmasına razı olmaq olar. Amma həqiqətlər bundan ibarətdir ki, bizim kiçik məktəblərimizdə təhsilin keyfiyyəti də aşağıdır. Ona görə də mən heç də həmişə sinif sıxlığının böyük və ya kiçik olmasının təlim nəticələri ilə əlaqədar olmadığını qeyd edirəm. Təbii ki, bu məsələ təlim nəticələrinə müəyyən mənada təsir edir, amma Azərbaycanda 1600 kiçik məktəb var ki, bu məktəblərdə fiziki, nəzəri təlimin, tədrisin təşkili qeyri-mümkündür. Hazırda təhsilin keyfiyyətini və maliyyə səmərəliliyini təmin etmək üçün kiçik məktəblərin daha böyük məktəblərə daşınma yolu ilə rasionallaşdırılması prosesi həyata keçirilir. Bu minvalla Azərbaycan təhsil büdcəsində kifayət qədər böyük məbləğlərə qənaət olunur. Bu məbləğlər də müəllimlərin əmək haqqının artırılmasına və ümumiyyətlə, təhsildə daha yeni islahatların, innovasiyaların tətbiqinə yönəldilir. Eyni zamanda o kiçik məktəblərdə olan şagirdlərin nisbətən daha böyük məktəblərə daşınması ilə onların sosial mühiti və təhsilinin keyfiyyətinin daha yaxşı olması planlaşdırılır. Şagirdi bir nöqtədən başqa bir nöqtəyə aparmaq həm onun üçün, həm də bunu həyata keçirən insanlar üçün çətindir. Amma bu iki məqsədə nail olduqda əldə etdiyimiz fayda bu prosesdən doğan mənfi nəticələrlə müqayisədə dəfələrlə çox olduğu üçün bu islahatın həyata keçirilməsini olduqca mühüm və əhəmiyyətli hesab edirik. Bu il bir neçə bölgədə bu tipli məktəblərdə distant tədrisin təşkilini sınaqdan keçirdik. Nəticələr müsbətdir. Burada sosial məsələləri həll etmək o qədər də asan deyil. Amma daha keyfiyyətli müəllimin distant üsulla bir neçə kiçik kənd yerində olan şagirdə təlim keçməsi, dərs deməsi prinsip etibarilə nəticələr verir. İnanırıq ki, bu alətdən növbəti illərdə daha geniş istifadə ediləcək və bu halda şagirdi daşımaq zərurəti yaranmayacaq.

“Azərbaycanda tədris ili o qədər də uzun deyil”

Trend: Valideynlərin əsas şikayətlərindən biri şagirdlərin dərs yükünün ağır olmasıdır. Bugünkü məktəb proqramı uşaqların yaş və psixoloji imkanlarına uyğundur?

– “Dərs yükü nə qədər çoxdur”, “nə qədər azdır?” sualı önəmlidir. Bizim təhsil sistemində tətbiq edilən fənlər, dərs saatlarının sayı bəzi sistemlərdən bir qədər azdır, bəzi sistemlərdən isə bir qədər çoxdur. Məsələn, siz tədrisin müddəti ilə müqayisə etsəniz, Azərbaycanda tədris ili o qədər də uzun deyil. Bəzi təhsil nailiyyətləri daha yüksək olan ölkələrdə çox qısa yay tətilləri görürük. Biz daha uzun müddətli yay tətili ilə əhatə olunuruq. Yaxud, fərz edək ki, dərs yükü çoxdur, onda, deməli, azaldılmalıdır. Nəyi azaltmaq? Biz bu tipli suallarla qarşılaşırıq. Azərbaycan təhsil sistemi sovetdən miras qalmış bir sistemdir. Yəni tədrisin təşkili, tədris planları fənlərin həftəlik tədris yükü ilə müəyyən olunur ki, fizika 2 saat, kimya 2 saat, biologiya 2 saat və s. Həmin dərs saatlarının sayı da müəllimlərin əməkhaqqısını müəyyən edir. Bu öz-özlüyündə məsələni bir qədər də mürəkkəbləşdirir. Ən vacib sual isə nədən ibarətdir? Məzmun nə qədər gələcəklə səsləşir və gələcəyə uyğundur. Bir tərəfdən əgər nəsə uyğun deyilsə, deməli, onu çıxarıb yenisi ilə əvəz etmək lazımdır. Yəqin ki, bu müsahibədən sonra müzakirələr başlayacaq. Azərbaycan tədrisində, yaxud tədrisin məzmununda hansı məqamlar var ki, onları cəmiyyət yekdilliklə çıxarmağın tərəfdarıdır? Məsələn, hansı fənni çıxartsaq, Azərbaycan təhsilinin məzmunu daha uyğun olar? Müzakirələrdə səsləndirilən fikirlər qeyri-müəyyənlikdən daha çox müəyyənliyə doğru getsə, faydalılığı artar. Biz çalışırıq ki, bu model dəyişsin və Azərbaycan təhsilinin təşkili adambaşı maliyyələşmə sisteminə keçid prosesində daha çevik mexanizmlərin tətbiqinə imkan versin.

“Təhsil sistemində həmişə kimsə nədənsə narazı olacaq”

APA: Azərbaycanda təhsillə bağlı narazılıqlar niyə səngimir?

– Müəyyən mənada narazılıq mənə görə təbiidir, yəni olmalıdır da. Təhsil sistemində həmişə kimsə nədənsə narazı olacaq. Sadəcə onların narazılığının haqlı və ya haqsız olması önəmli sualdır. Demirəm ki, həmişə haqsızdır. Təbii ki, haqlı narazılıqlar da var. Amma bu narazılıqların miqyası çox önəmlidir. Yəni insanlar nədən narazıdır? Bizdə narazılıq, əsasən, fərdi xarakter daşıyır. Nədənsə narazıyıqsa və biz də onu haqlı qəbul ediriksə, o, aradan qaldırılırsa, deməli, bir addım irəli atırıq. Müşahidəm ondan ibarətdir ki, bizə gələn narazılıqlar daha çox dərs saatlarının düzgün bölüşdürülməməsi, hansısa müəllimin hansısa məktəblə və ya məktəb rəhbəri ilə münaqişəsi, valideynlərlə şagirdlər arasında olan ünsiyyət problemləri, məktəb daxilində şagirdlər arasında yaranan məsələlərdir.

“Sertifikatlaşdırma prosesinin mahiyyəti bundan ibarətdir ki, məktəbdə öz fənnini bilən müəllimlər dərs deməlidirlər”

"Xəzər TV": Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq üçün vacib addımdır. Lakin bu proses sistemdə ciddi kadr boşluğuna və ya təcrübəli müəllimlərin psixoloji gərginliyinə səbəb olur. Maaş artımının yalnız yüksək nəticə göstərənlərə şamil edilməsi də mütəmadi müzakirə olunan məsələlərdəndir. İmtahandan kəsilən və ya yaş həddinə görə sistemdən çıxan müəllimlərin yerini dolduracaq gənc kadrların keyfiyyətinə zəmanət var?

Sertifikatlaşdırma prosesinin mahiyyəti bundan ibarətdir ki, məktəbdə öz fənnini bilən müəllimlər dərs deməlidirlər. Təhsilin əsas məqsədi şagirdin öyrənməsidir. Əgər əvvəlcə özümüzü, sonra uşağı düşünsək, onda səhv addımlar atmış olarıq. Bunun müsbət tərəfi nədən ibarətdir? Biz sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən bir-iki həftə ərzində ictimaiyyətə təqdim edəcəyik. Amma artıq ümumi mənzərə formalaşıb. Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10 faiz, bir qisminin maaşı isə 35 faiz artırılır. Bunun nəticəsində həmişə şəffaf olmağa çalışmışıq. Müəllimlərə verilən sualları ictimaiyyətə təqdim etmişik. Dolayısı ilə ictimaiyyətə ünvanladığımız sual bundan ibarət olub ki, sizcə, müəllim olan bir şəxs verilən sualların 30-na cavab verə bilmirsə, o bizim övladlarımıza dərs deməlidir, ya yox? Bu sual mənim üçün çox sadədir. Bunun “bəli” və ya “xeyr” cavabı var. Yəqin ki, bu prosesdə ən ağrılı məqamlardan biri psixoloji gərginliyin yaşanmasıdır. Digər tərəfdən, bir neçə min müəllimin işdən azad olunması, onların əmək müqavilələrinə xitam verilməsi özlüyündə ağır məsələdir.

O ki qaldı işdən xaric olunan müəllimləri yeni müəllimlərin əvəz edib-etməyəcəyi məsələsinə, rəqəmlərə baxmaq lazımdır. Son 10 il ərzində müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, MİQ imtahanları vasitəsilə həyata keçirilib. Bu yolla işə qəbul olunmuş müəllimlərin 99,8 faizi, yəni cəmi bir neçə nəfər istisna olmaqla, sertifikatlaşdırma prosesindən uğurla keçib. Bundan əlavə, həmin müəllimlərin təxminən 80 faizi yüksək bal toplayıb. Yəni son 10 il ərzində işə qəbul olunmuş müəllimlərin ən azı fənn üzrə bilik səviyyəsi, əvvəlki dövrlərdə – mərkəzləşdirilmiş imtahan sistemi tətbiq edilməzdən əvvəl işə qəbul olunmuş müəllimlərlə müqayisədə – təxminən 10-15 dəfə yüksəkdir.

Müəllimlərin əməkhaqqısı son illərdə müxtəlif islahat addımları nəticəsində dəfələrlə artırılıb. Müəllimlərin əməkhaqqısının nə qədər yüksək olması məsələsi daim nazirliyin diqqət mərkəzindədir. Məsələn, bu il də keçirilmiş sertifikatlaşdırma imtahanlarından sonra bəlli sayda insanın əməkhaqqısı 10 faiz və ya 35 faiz artırılacaq. Ötən il də belə olub, ondan əvvəlki ildə də belə olub. Yəni hər il müəllimlərin orta əməkhaqqısı statistik olaraq yüksəlib. İnanıram ki, sertifikatlaşdırma prosesi Azərbaycan məktəbinə rəqabət gətirməklə yanaşı, təhsilin keyfiyyətini də yaxşılaşdırır. Bu proses müəllim əməkhaqqılarında diferensiallaşma yaradır və müəllimlərin gəlirlərinin artmasına səbəb olur. Bu islahatın nəticələrini biz bir neçə il sonra daha aydın görəcəyik.

Əgər məktəbdə öyrətmək istəmirsə, amma valideyn əlavə ödəniş etdikdən sonra öyrədirsə, bu artıq etik problemdir”

Trend: Şagirdlər məktəbdən sonra repetitor, kurs və testlərlə yüklənirlər. Nazirlik repetitorluq problemini azaltmaq üçün hansı addımları planlaşdırır?

– Repetitorluq tədris proqramından əlavə, valideynin öz vəsaiti hesabına təşkil olunan əlavə dərsdir. Uşaq məktəbdə riyaziyyat oxuyur, sonra əlavə olaraq daha 2 saat, 3 saat və ya 10 saat riyaziyyat oxumaq istəyir. Fərqi yoxdur. Bu, özlüyündə yaxşıdır, yoxsa pisdir? Burada problem yoxdur. Hər bir valideyn övladı üçün, məsələn, riyaziyyat, xarici dil, kimya və s. fənn üzrə əlavə dərs və ya başqa hər hansı məşğələ təşkil edə bilərmi? Onun belə bir hüququ varmı? Var. Bu, pisdir? Xeyr. Burada pis heç nə yoxdur. Bəs niyə biz sözügedən mövzu haqqında bu qədər düşünməliyik və niyə bunu problem kimi qəbul etməliyik? Birinci məsələ ondan ibarətdir ki, repetitorlar kimlərdir? Əgər repetitor həmin uşağa səhər növbəsində dərs deyən müəllimdirsə və həmin müəllim günortadan sonra yenə eyni uşağa repetitorluq edirsə, məncə, burada böyük problem var. Burada həm etik problem var, həm də müəyyən mənada məntiqsizlik var. Çünki əgər həmin müəllim bu uşağa riyaziyyatı öyrədə bilirsə, onu məktəbdə də öyrədə bilər. Əgər məktəbdə öyrətmək istəmirsə, amma valideyn əlavə ödəniş etdikdən sonra öyrədirsə, bu artıq etik problemdir. Təsəvvür edin ki, mən müəlliməm və hansısa şagirdə riyaziyyat dərsi keçirəm.

Dövlətin mənə verdiyi əməkhaqqı müqabilində həmin uşağa riyaziyyatı lazımi səviyyədə öyrətmirəm, amma sonradan valideyn əlavə pul ödəyəndə ona riyaziyyat öyrədirəm. Yəni burada repetitor və müəllim iki fərqli adam deyil. Eyni adamdır. Müəllim, həqiqətən də, məktəbdə uşağa elə dərs keçməlidir ki, həmin uşaq sonradan onun yanına repetitor kimi getməsin, bu artıq bir yanaşmadır. Əgər müəllim dərs deyir, amma valideyn həmin dərsdən razı deyil və başqa müəllimin yanına getmək istəyirsə, bu artıq başqa mövzudur. Bunlar iki fərqli problemdir və mən onları bir-birindən fərqləndirirəm. İkinci məqam ondan ibarətdir ki, niyə repetitorluq bu qədər vüsət alıb? Bunun kökünü ali təhsilə qəbul sistemində və Azərbaycan cəmiyyətinin ali təhsilli olmağa verdiyi dəyərdə axtarmaq lazımdır. Bu gün, demək olar, hər bir məzunun qarşısında dayanan məqsəd ali təhsil müəssisəsinə qəbul olmaqdır, qəbul olunmursa, başqa uğurlu yol yoxdur. Əgər 100 min nəfər ali məktəbə qəbul olmaq istəyirsə və cəmi 60 min yer varsa, hansı qaydada yerləşdirmə aparılmasından asılı olmayaraq, 40 min nəfər kənarda qalacaq. Bu da öz-özlüyündə yarış yaradır. Yəni insanlar məktəbdən əlavə daha çox hazırlaşmağa, daha yaxşı nəticə göstərməyə çalışırlar. Çünki iki yer varsa və üç-dörd nəfər həmin yerlər uğrunda yarışırsa, təbii olaraq hər kəs digərlərindən daha yaxşı hazırlaşmaq istəyəcək. Çünki həmin iki yeri qazananlar uğurlu hesab olunacaq, qalanlar isə uğursuz. Mənim qənaətim budur ki, bu prosesin həlli daha uzun müddət tələb edir və burada artıq biz hansı problemi həll etmək istədiyimizi dəqiq müəyyən etməliyik. Məhz tam orta təhsil və təmayülləşmə ilə müəyyən mənada valideynə belə bir mesaj veririk ki, dövlət ümumtəhsil məktəblərində əlavə ödəniş etmədən ən yaxşı ali məktəbə hazırlığı tədris edən müəllimlə öz övladınızı universitetə hazırlaya bilərsiniz. Amma cəmiyyətin sifarişidirmi, tələbidirmi? Bəli. Biz də cəmiyyətin sifarişinə və tələbinə cavab vermək üçün bu yolla gedirik. Valideyn deyir, mən övladımın ali təhsilli olmasını istəyirəm və bunun üçün lazım olan hər şeyi etməyə hazıram. Biz də tam orta təhsil müəssisəsində bunu edə bilərik. Repetitorluğu qadağan etmək olarmı? Nəzəri olaraq ola bilər. Praktik olaraq isə bunu necə edəcəksiniz? Məncə, bu, icrası mümkün olmayan qərardır. Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından müsbət nəticə verəcəyinə inanmıram. Ləğv etmək olmursa, yalnız məqsəd eyni şəraiti daha yaxşılaşdırmaqdırsa, amma yerlərin sayı məhduddursa, bu halda təbii ki, insanlar daha çox kənarda hazırlaşmağa meyil edəcəklər.

“MİQ-in mərkəzləşdirilməsi rüşvətlə mübarizə aparmaq üçün atılan addımdır”

APA: Azərbaycanda müəllimlərin işə qəbulu prosesi mərkəzləşdirilmiş və imtahan əsaslıdır. Bununla belə, bəzən imtahan nəticələri ilə müəllimin real pedaqoji bacarıqları arasında fərqlər, eləcə də regionlarda vakant yerlərin dolmaması kimi məsələlər müzakirə olunur. Nazirlik bu sistemin daha effektiv işləməsi üçün hansı dəyişiklikləri planlaşdırır?

– Müəllimlərin işə qəbulunun mərkəzləşdirilməsi 2012-ci ildən tətbiq edilən bir prosesdir. Bu, daha yaxşı müəllim seçməkdən çox, prosesi şəffaflaşdırmaq və rüşvətlə mübarizə aparmaq məqsədi üçün atılan addımdır. Bu prosesin şəffaflığına nail olmuşuq. Mümkündürmü ki, bu proses daha qeyri-mərkəzləşdirilmiş yol ilə getsin? Məsələn, qiymətləndirməni nazirlik keçirir və kimi işə götürəcəyini isə müəssisə rəhbəri özü qərar verir. Tutaq ki, direktor imtahandan keçmiş üç nəfərdən, bəlkə də, balı ən yüksək olmayan, amma onun fikrincə daha yaxşı müəllim hesab etdiyi şəxsi işə götürür. Bütün dünyada bu belə baş verir. Burada bir neçə sual yaranır. Birinci sual ondan ibarətdir ki, müəssisə rəhbəri bunu doğru-düzgün edə biləcəkmi? Müəssisə rəhbəri deyəndə, təxminən, bizim kontekstdə 4 min adamı nəzərdə tuturam. Deyək ki, mən onlara inanıram. Amma cəmiyyət həmin adamlara inanırmı? Cəmiyyət istəyirmi ki, bunu nazirlik yox, həmin 4 min adam həyata keçirsin? Əgər nazirlik belə bir qərar versə və belə bir səlahiyyət versə, həmin adamların qərarları şəffaf qəbul olunacaqmı? Qarşılıqlı inam və qərar verən şəxsin qərarına hörmət, mənə görə, çox ciddi dəyər transformasiyası tələb edir. Biz hələ ki bu düşüncə tərzindən çox uzaqdayıq. Ona görə də bütün sistemlərimiz avtomatlaşdırılmış sistemlərdir. Məsələn, biz indi məktəb direktorlarını müsahibə əsasında seçməyə başlamışıq. Çünki bu yolu getməliyik. Bir yerə gəlib çatmalıyıq ki, müsahibə yenə də insan tərəfindən aparılır, amma bu müsahibədə kənardan təsirlər olmamalıdır. Hər bir şəxs bir yolla özünü həmin vəzifəyə gətirmək, ora yerləşdirmək üçün təşəbbüs göstərir. Əgər məndən soruşsalar ki, indiki qəbul sistemi optimaldırmı, deyərəm ki, suboptimaldır. Niyə? Çünki bugünkü sosial sifariş çərçivəsində bu model artıq 10 ildən çoxdur işləyir və nəticə etibarilə prinsipcə daha yaxşı müəllimlər gəlir.

“Bizim dərsliklərdə məzmun problemləri var”

"Xəzər TV": Hər il dərsliklərdəki elmi və texniki səhvlər, dil qüsurları müzakirə mövzusu olur. Dərsliklərin yazılması və monitorinqi mexanizmində niyə hələ də fundamental standart tətbiq olunmayıb?

– Nəzərə almaq lazımdır ki, biz müxtəlif dillərdə 300-dən çox dərslik çap edirik və “səhvlər” deyəndə hansı səhvlərdən danışdığımız da vacibdir. Dərsliklər, müəyyən mənada, qısa müddətdə hazırlanır. Əvvəllər bu müddət daha qısa idi. İndi isə bu proses bəzi hallarda 2-3 il çəkir. Yəni əvvəlki dövrlərdə 6 ay ərzində kiməsə tapşırıq verilirdi ki, yüz minlərlə uşağın istifadə edəcəyi dərslik hazırlasın. O dərslikdə səhv olma ehtimalı var idimi? Əlbəttə. İndi isə proses fərqlidir. Dərslik yazılır, sonra ümumtəhsil müəssisələrinə bir illik sınaq üçün göndərilir. Daha sonra müəllimlərdən, şagirdlərdən rəylər toplanılır, dərslik yenidən işlənilir. Ondan sonra müvafiq qurumlara, yəni sahəvi müəssisələrə göndərilir. Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən də rəy verilir. Ən vacibi isə bütün dərsliklər ictimaiyyət üçün açıqdır. Yəni dərslik çap olunmamışdan əvvəl Azərbaycan vətəndaşları onu görə, oxuya və rəy bildirə bilirlər. Ona görə mənim ikinci arqumentim bundan ibarətdir ki, dərslik üçün ürəyi yanan insanlar çapdan əvvəl həmin səhvləri tapsa, bu uşaqlar üçün də, bizim üçün də faydalı olar. Amma dərslik çap olunandan sonra kimsə çay içə-içə orada bir hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi təqdim edirsə, mən bunu əhəmiyyətli hesab etmirəm. Dərsliklərdə hərf səhvləri həmişə olub. Məncə, bundan sonra da olacaq. Həm də biz çox qeyri-müəyyən saylardan danışırıq. Səhv deyəndə neçə səhvdən söhbət gedir? Mənə görə, riyazi olaraq, çox vacibdir ki, neçə səhifə dərslik çap olunur və onun neçəsində səhv var? Amma məndən soruşsanız ki, dərsliklərdə problem varmı? Bəli, bizim dərsliklərdə ciddi problemlər var. O mənada ki, bizim əsas məzmun problemimiz var. Yəni biz oturub fizika, kimya, biologiyanın gələcək nəslə uyğun olub-olmamasının mübahisəsini edək. Burada, daşıdığım vəzifənin funksiyası olmasa da, tənqid edən tərəf də ola bilərəm. Dərslikdə hansısa mövzu ümumiyyətlə yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik? Bəlkə, Azərbaycan tarixi, Azərbaycan dili, kimya və ya biologiya dərsliklərinə yeni elmi nailiyyətləri daxil etməliyik? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazı mövqe görmüşəm. Görsəm, çox sevinərdim.

“Ev tapşırığının müddəti və ya həcmindən daha çox, uşağın həmin vaxt ərzində nə ilə məşğul olması daha vacib məsələdir

Trend: Dünya praktikasına baxanda fərqli bir tablo var. Finlandiya kimi ölkələr ev tapşırığını minimuma endirərək yüksək nəticə əldə edir. Azərbaycanda bu modeli tətbiq etmək mümkündür?

– Bu yalnız ev tapşırıqlarının sayını azaltmaqla həll olunan məsələ olsaydı, bütün ölkələr ev tapşırıqlarını azaldıb təhsil nailiyyətləri əldə edərdi. Yəni məsələ bu qədər sadə olsaydı, yəqin ki, kimsə bunu fikirləşib tətbiq edərdi. Əmin olun ki, bu belə deyil. Elə ölkələr var ki, orada ev tapşırıqları daha çoxdur və həmin ölkələrin nailiyyətləri az deyil. Məsələn, Şərqi Asiya ölkələri. Sual bundan ibarət olmalıdır ki, Azərbaycan kontekstində nə qədər ev tapşırığı uyğundur? Bununla bağlı Nazirliyin tövsiyələri var. Məsələn, birinci sinifdə ev tapşırığı üçün ayrılan vaxt bir saat olmalıdır. Bu tövsiyələr hazırlanarkən uşağın fiziki yorğunluğu, öyrənmə xüsusiyyətləri, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınır. Bu təkcə nazirliyin işi deyil. Bizdə fikir çoxdur, amma tədqiqat görməmişəm. Ciddi statistik təhlil aparılmalıdır. Məsələn, 10 yaşlı azərbaycanlı uşağa 2 saat ev tapşırığı verməklə 2 saat yarım ev tapşırığı vermək arasında ciddi fərq var, yoxsa yox? Sualın cavabı budur ki, heç kim bilmir. Çünki rəylər müxtəlifdir. Nazirlik özü tədqiqat aparan qurum deyil. Biz mərkəzi icra hakimiyyəti orqanı olaraq tənzimləyici qurumuq. Bunu təşviq etməliyik və edirik. Nazirlik dəstək verməyə hazırdır. Sadəcə, düzgün metodoloji tədqiqat aparılmalıdır. Əgər tədqiqat düzgün aparılmasa, ciddi səhvlər edə bilərik. Hazırda biz bu problemi necə həll edirik? Məcburuq ki, digər ölkələrdə, xüsusilə də bizə oxşar ölkələrdə aparılmış tədqiqatlara istinad edək. Təhsilin ən vacib istiqamətlərindən biri şagirdlərin və ümumiyyətlə təhsil alanların daim hər şeyi sorğulamağı, düşünməyi, suallara cavab axtarmağı və tədqiqat aparmağı olmalıdır. Məsələn, sərbəst yazılar, düşünməyə sövq edən tapşırıqlar daha vacibdir. Yəni “uşaq üç saat yox, iki saat məşğul olsa daha yaxşı olar?” sualına universal cavab yoxdur. Daha çox məzmuna fokuslanmalıyıq.

“Çox yaxşı haldır ki, bu gün uşaqların 85 faizdən çoxu məktəbəhazırlıq mərhələsindən keçib”

APA: Hazırda Azərbaycanda məktəbəqədər təhsildə həm əlçatanlıq, həm də keyfiyyət baxımından ciddi fərqlər qalmaqdadır – dövlət bağçalarında yerlər çatmır, özəl bağçalar isə bir çox ailə üçün əlçatmazdır. Nazirlik bu sahədə problemləri aradan qaldırmaq üçün hansı konkret və ölçülə bilən hədəflər qoyub?

– Bu istiqamətdə son illərdə bir neçə vacib addım atılıb. 2016-cı ildən başlayaraq məktəbəhazırlıq qrupları təşkil olunub. Çox yaxşı haldır ki, bu gün uşaqların 85 faizdən çoxu, bəzi hallarda isə 90 faizə yaxını, heç olmasa, bir il məktəbəhazırlıq mərhələsindən keçib. Bu, Azərbaycan təhsil sistemi üçün yenidir. Bunun nəticələrini gələcək illərdə görəcəyik. Ümid edirik ki, nəticələr müsbət olacaq. Bilirsiniz ki, kiçik kəndlərdə icma əsaslı məktəbəqədər hazırlıq təşkil olunur. Bu təşəbbüs də özünü doğruldur. Uşaq üç yaşından etibarən ailəsi ilə birlikdə məktəbəqədər təhsilə başlamaq imkanı əldə edir. Bu tədris ilindən çox vacib bir islahata – dövlət-valideyn tərəfdaşlığı əsasında bir model seçmişik. Bu model özəl sektora hər bir uşaq üçün vauçer verilməsidir. Bura çox ciddi maraq var. İnanıram ki, bu, gələcəyin modelidir. Çünki bu model həm özəl sektoru inkişaf etdirir, həm yeni iş yerləri yaradır. Eyni zamanda uşaqlar üçün yeni yerlər açılır, həm də anaların işləməsi üçün imkan yaradır. Təbii ki, maliyyə tərəfini həll edə bilsək, bu təşəbbüsün müsbət tərəflərinin çox olduğunu düşünürəm. Həmçinin ucqar ərazilərdə müxtəlif səyyar məktəbəqədər təhsil fəaliyyəti təşkil olunur. Bütün bu təşəbbüslərlə 1–5 yaşlı uşaqların 40 faizdən çoxunu məktəbəqədər təhsilə cəlb etməyə nail olmuşuq. Yaxın illərdə bu göstəricinin 50 faizə çatmasını hədəfləyirik. 10 il əvvəl bu göstərici cəmi 11–12 faiz idi. Mən inanıram ki, bu istiqamətdə uğurlarımız davamlı olacaq.

“Əgər ucuz və keyfiyyətli kadr hazırlığı üsulunu tapsaq, bütün dünya bizə müraciət edər”

"Xəzər TV": “Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi də əksini tapacağı bildirilirdi. Bununla bağlı vəziyyət nə yerdədir?

– Birinci məsələ budur ki, təqribən tələbə kontingentinin üçdə ikisi Bakı şəhərində və yaxud onun ətrafında, üçdə biri Bakıdan kənardadır. Son illər tələbələrin sayı artmaqdadır, çünki ali təhsil daha əlçatandır, qəbul planlarımız artır. Biz daha çox şəxsin ali təhsilli olmasının tərəfdarıyıq. Birmənalı olaraq Bakıdan kənarda olan universitetlərimizdə say etibarilə artım var. Bunun mütləq köçürmə üsulu ilə deyil, həm də başqa məsələlərlə həllinə baxmalıyıq. Köçürməkdən daha çox tələbə kontingentinin sayını azaldıb keyfiyyətin artırılması istiqamətində işləməliyik və bu istiqamətdə işimiz artıq 2 ildir davam edir. Azərbaycanda bir tələbənin təhsil haqqı digər yerlərlə müqayisədə çox aşağıdır. Məsələn, şərti olaraq, biz 2000 manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, bu çox çətin bir işdir. Təbii ki, tələbə üçün bu nə qədər ucuz olsa, o qədər yaxşıdır. Amma bir şeyi unutmamalıyıq ki, bu nə qədər ucuz olsa, o qədər keyfiyyətsizdir. Əgər ucuz və keyfiyyətli kadr hazırlığı üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Ya ucuz və keyfiyyətsiz olacaq, ya da çalışmalıyıq ki, yavaş-yavaş keyfiyyəti qaldırmaq üçün maliyyələşməni artıraq. Bu istiqamətdə SABAH qrupları vacib həll yolu olur. SABAH qruplarında dövlət sifarişi üzrə iki qat maliyyə ayırırıq ki, keyfiyyət artsın. Kəmiyyət artanda keyfiyyəti artırmaq çətindir. Bir çox hallarda kəmiyyət artırsa, keyfiyyət aşağı düşəcək. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə saylarının artırılması həmin ali təhsil müəssisələrində, əslində, keyfiyyətin azalması deməkdir. Ola bilər ki, onların başqa yolu olmayıb, bu, ayrı məsələdir. Çünki siz əgər təhsil haqqını artıra bilmirsinizsə, sayı da artıra bilmirsinizsə, onda büdcəniz artmır. Büdcəniz artmırsa, inkişaf edə bilmirsiniz. Anlayıram ki, bu ağrılı mövzudur, amma burada real olaraq başqa həll yolu yoxdur. Yəni başqa həll yolu varsa, biz onu dinləməyə hazırıq. Bu mənada bizim hal-hazırda həyata keçirdiyimiz islahat nədən ibarətdir? Necə edək ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini qaldıraq? Eyni zamanda şəhərdə sıxlığa təsir etməmək üçün, regional universitetləri inkişaf etdirək və tələbələrin daha çox regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yaxşı təhsil vermək mümkündürmü? Bəli. Hətta bəzi xüsusiyyətlərə görə regionlarda vəziyyət daha yaxşıdır. Elə region universitetlərimiz var ki, onların təhsil keyfiyyəti bir sıra Bakıda yerləşən ali təhsil müəssisələrindən daha yaxşıdır. Ümumiyyətlə, regionlarda daha çox tələbə, Bakı şəhərində isə nisbətən daha az tələbə ssenarisinə qəbul planlarını və qəbul yerlərini tənzimləmək yolu ilə getməyi daha real hesab edirəm. Bu o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq. Təbii ki, müvafiq qərarlar olarsa, regionlarda yeni ali təhsil müəssisələrinin açılması da nəzərdə tutula bilər.

“Məqsədimiz süni intellekti tətbiq etmək deyil, şagirdlərin daha yaxşı öyrənməsidir”

Trend: Azərbaycan təhsil sisteminin rəqəmsal transformasiyasında növbəti mərhələnin əsas hədəfi nədir: idarəetmənin rəqəmsallaşması, tədrisin fərdiləşdirilməsi, yoxsa süni intellektin təhsil prosesinə inteqrasiyası?

– Bunların hər üçü hədəflər arasındadır. Amma unutmamalıyıq ki, süni intellekt alətdir, məqsəd deyil. Yəni məqsədimiz süni intellekti tətbiq etmək deyil, şagirdlərin daha yaxşı öyrənməsidir. Sadəcə süni intellekt vasitəsilə bunu daha yaxşı edə bilərik. Burada ən böyük problem qeyri-müəyyənlikdir. Yəni hələ ki süni intellekt və təhsil mövzusu son üç ildə müzakirə olunan mövzudur. Digər sahələrdən fərqli olaraq burada nə 30 illik, nə 40 illik, nə də 50 illik təcrübə var. Bu günə qədər görünən mənzərə ondan ibarətdir ki, həm müsbət, həm də mənfi tərəflər mövcuddur. Müsbət tərəflər çoxdur. Bu daha sürətlidir, daha fərdi öyrənmə imkanları yarada bilir, müxtəlif resurslar təqdim edir, müxtəlif resurslardan istifadəni asanlaşdırır. Fərdi öyrənmə vasitələri yarada bilir. Düzgün istifadə nəticəsində öyrənməni asanlaşdıra bilir və s. Bunlar aydındır. Problemli və yaxud qeyri-müəyyən tərəflərindən biri ondan ibarətdir ki, əvvəlki ənənəvi təhsildən fərqli olaraq, süni intellekt bu və ya digər məsələnin həllini bilməyi tələb etmir. Yəni əvvəllər məsələni həll etmək üçün onun həll yolunu bilmək lazım idi. İndi isə məsələnin şəklini çəkib soruşmaqla süni intellekt onu həll edir. Bunun hansı davranışlarla nəticələnəcəyini isə hələ çox adam bilmir. Bizim Rəqəmsal Məktəb platforması üzərində təqdim etdiyimiz həm müəllimlər, həm də məktəblilər üçün süni intellekt alətləri inanırıq ki, son tədris ilinin ən vacib yeniliklərindən biri olub. Məncə, süni intellektin ən böyük təzahürlərindən biri fərdi təhsil planlarının qurulması, fərdi ehtiyacların və fərdi öyrənmə xüsusiyyətlərinin daha yaxşı qiymətləndirilməsi olacaq. Amma hələlik nə bizdə, nə də dünyanın ən qabaqcıl təhsil sistemlərində bu barədə qəti nəticələrdən danışmaq tezdir. Hazırda Elm və Təhsil Nazirliyinin bu istiqamətdə müəyyən alətləri mövcuddur və zaman-zaman biz onları ictimaiyyətə təqdim edirik.

APA: Müasir dövrdə süni intellektin sürətli inkişafı əmək bazarının strukturunu ciddi şəkildə dəyişdirir və bir sıra ənənəvi ixtisasların aktuallığını azaldır. Bu kontekstdə ali təhsilin məzmununun çevik şəkildə yenilənməsi, yeni kompetensiyalara əsaslanan proqramların hazırlanması və gələcək peşələrə uyğunlaşma məsələsi necə tənzimlənir?

– Yeni bacarıqlara ehtiyac yaranır. Bundan əvvəlki bacarıqlar isə çox sürətlə öz əhəmiyyətini itirir. Fundamental bacarıqlar – oxu bacarıqları, riyazi bacarıqlar, elm sahəsində fundamental biliklər heç vaxt əhəmiyyətini itirməyəcək. O ki qaldı ixtisaslara, ixtisasların adları zaman-zaman dəyişir. Söhbət ixtisasların adlarından yox, onların məzmunundan, standartlarından və formalaşdırdığı bacarıqlardan gedir. Bu istiqamətdə ali təhsildəki məzmun islahatını ixtisas təsnifatının dəyişdirilməsindən daha vacib hesab edirəm. Çünki biz marketinq baxımından çox yaxşı adlar qoya bilərik. Amma “həmin ixtisasların arxasında nə durur?” sualı daha ciddi sualdır. Məsələn, “gəlin süni intellekt sahəsində mütəxəssis hazırlayaq” fikri olduqca yaxşı fikirdir. Amma bu fikri icra etmək üçün həmin sahəni tədris edən şəxslərin olması, professor-müəllim heyətinin formalaşması lazımdır. Məncə, burada ehtiyatlı olmaq vacibdir, təhsildə kəmiyyət problemini müəyyən qədər həll etmişik. İndi bizim əsas problemimiz daha çox keyfiyyət problemidir. Keyfiyyət isə daha çox tədris heyətindən və ali təhsildə dərs deyən şəxslərin sənayeyə, iqtisadiyyata və ayrı-ayrı istehsalat proseslərinə yaxınlığından, həmin sahələr barədə məlumatlı olmasından asılıdır.

“Ən yaxşı məktəb sizin evinizə yaxın olan məktəbdir”

Trend: İnfrastruktur yaxşılaşsa da, sinif sıxlığı, növbəli dərs və qəbul problemləri qalır. Hazırda əsas problem bina çatışmazlığıdır, müəllim keyfiyyətidir, yoxsa idarəetmə?

– İlk növbədə onu qeyd edim ki, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda məktəblərin 90 faizdən çoxu demək olar ki, əsaslı təmir olunub və ya yenidən tikilib. Bizim çox az sayda məktəbimiz qalıb ki, növbəti illərdə infrastruktur məsələsini də tam şəkildə həll etmiş olacağıq. Əhalinin qeyri-bərabər məskunlaşması ilə bağlı müəyyən problemlər yaşayırıq. Bu, əsasən, əhalinin sıx yaşadığı yaşayış məntəqələrində özünü göstərir. Bəzi yerlərdə problemləri həll etmişik. Məsələn, Masazır qəsəbəsində və yaxud Binə qəsəbəsində bizim daha ciddi problemlərimiz var idi. Hazırda sıxlıqla bağlı Abşeron, Xəzər və Sabunçu rayonlarında daha ciddi problemlər hiss olunur. Sıxlıq problemi olan məktəblərin sayı 50-dən çox deyil. Bizim üçün bu statistik olaraq 4000 məktəbdən 30–40 məktəb deməkdir. Həqiqətən də, bəzi ərazilərdə iki və ya üç növbəli məktəblərimiz mövcuddur. Amma həmin məktəblərlə bağlı əsaslı işlər görülür. İkinci məsələ isə məktəb seçimidir. Bu da təhsil siyasəti sualıdır. Yəni dövlət məktəbində valideynin öz övladı üçün müəllim seçmək hüququ olmalıdır, ya yox? Əsas sual budur. Çünki veriləcək qərar bu sualın cavabından asılıdır. Hər bir valideyn öz övladına yaxşı müəllim axtardığı üçün bu müəyyən xoşagəlməz hallar yaradırdı. Sonra elektron sistemlərin tətbiqi ilə istər məktəbə qəbul, istərsə də müəllim seçimi elektronlaşdırıldı və valideynin seçiminə buraxıldı. Yəni valideyn Azərbaycan məktəbində yer varsa, öz övladı üçün birinci sinif müəllimi seçmək hüququna malikdir. O şərtlə ki, həmin müəllimin sinfində yer olsun.

Digər bir məsələ məktəb seçimidir. Ən yaxşı məktəb sizin evinizə yaxın olan məktəbdir. Çünki məktəb yalnız dövlətin deyil. Məktəb ilk növbədə uşaqlarındır. Dövlət orada tənzimləyici rol oynayır. Ona görə də məktəbin inkişafı üçün valideynlərin də bizimlə birlikdə işləməsi vacibdir.

“Düşünürəm ki, Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir”

APA: Sizin özünüzün təhsil sahəsində qane olmadığınız hansı məqamlar var? Yaxud həllinə çalışdığınız, amma mümkün olmayan hansı problemlər gündəliyinizdədir?

– Məsələn, 10 il, hətta 15 il geriyə baxsaq və media monitorinqi aparsaq görərik ki, problem nədən ibarət idi. Problem o idi ki, biz 9-cu sinifdə uşaqlara baxırdıq. Başa düşürdük ki, hansısa mənzərə yaranıb, bu qədər uşaq oxuyub, bu qədər uşaq oxumayıb. Sonra qarşılıqlı qınağa keçirdik ki, bunun günahkarı kimdir. Bir il keçirdi, eyni sualı yenidən verirdik. Sonra yenə təkrar edirdik və s. Bunun kökü məktəbəqədər və ibtidai təhsildir. Əgər biz məktəbəqədər təhsilin və ibtidai təhsilin keyfiyyətini artıra bilsək, düşünürəm ki, uzunmüddətli perspektivdə təhsilin növbəti pillələrində də dayanıqlı nəticələr əldə edəcəyik. Ona görə də, IV və VI siniflərdə bütün uşaqları monitorinq edirik. Hər il 1-2 faiz daha yaxşı nəticə əldə etməyə çalışırıq.

İndi isə biz, az qala, müəllimdən magistr təhsili tələb edirik. Tələblərimiz də günü-gündən artır. Mən, həqiqətən də, düşünürəm ki, Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir. Onlarla əməkdaşlıq etmək, müəllimlərin ehtiyaclarını anlamaq vacibdir. Çünki sinif otağında uşağa dərs deyən müəllimdir. Bu istiqamətdə daha yaxşı tədris edən, tədrisi daha yaxşı təşkil edən müəllimlərimizin sayının artması təhsilin uzunmüddətdə daha yaxşı olmasını təmin edəcək. Yaxşı müəllimlər yalnız öz fənnini bilən müəllimlər deyil. Yaxşı müəllim həm də əməkdaşlıq edə, yaxşı qiymətləndirə bilən müəllimdir. Yaxşı qiymətləndirən müəllim yüksək qiymət yazan müəllim deyil. Yaxşı müəllim şagirdlə geri dönüş edib onun boşluqlarını izah edən müəllimdir. Soruşsanız ki, biz nəyi dəyişməliyik, məncə, qiymətləndirmədə əsaslı dəyişikliklərimiz olmalıdır. Müəllimlərimizin uşaqlara hansı sualları verməsi, bizim özümüzün müəllimlərin işə qəbulunda hansı suallardan istifadə etməyimiz olduqca vacib məsələdir. Hələ ki bu günün bacarıqlarını ölçən sualların hazırlanmasında problemlərimiz var. Hələ də, məsələn, insanın oxu bacarığını yaxşı ölçən sual yaza bilmirik, yaxud az yazırıq. Məsələn, riyaziyyatdan riyazi təfəkkürü ölçən sual yazmaq daha çətindir, yaxud tarixdən düşüncə tərzini müəyyən edən sual hazırlamaq daha çətindir, nəinki hansısa tarixi hadisənin nə vaxt baş verdiyini soruşmaq. Mənə görə gələcəyin standartları yalnız suallara cavab verməklə bağlı olmayacaq, daha çox hansı sualları soruşmaqla bağlı olacaq.

APA: Müəllimlərin işə qəbulunda magistratura səviyyəsini tələb etmək planda var?

– Təbii ki, keyfiyyətli magistratura təhsili almış müəllim, digər müəllimə nisbətən daha arzuolunandır. Bu gün hazırda bu hüquqi tələb deyil. Biz buna görə əlavə bal vermirik. Söhbət prosedurdan getmir. Söhbət gözləntidən gedir. Yəni 4 il ali təhsil almış adamla 6 il ali təhsil almış adam arasında fərq olmalıdır. Əgər onlar eyni səviyyədədirlərsə, mən 6 il təhsil almış adamı seçərdim. Amma bugünkü qaydalara görə, kim MİQ-də çox bal yığırsa, onu seçirik.

Trend: Bu il IV və VI siniflərin monitorinqlərinin nəticələri sizi qane etdi?

–Hər il tədricən inkişaf görürük. Mən əminəm ki, bu il də olacaq. Bu monitorinq çox vacib məsələdir. Siz görürsünüz ki, monitorinqin sonunda həm müəllimlərə, həm uşaqlara, həm də uşaqların valideynlərinə məlumat verilir. Çünki bu özünü ölçmək üçündür. Buna görə nə mükafat veririk, nə də cəza. Amma mahiyyət ondan ibarətdir ki, müəllim 4 il həmin uşaqlara, həmin sinfə dərs deyibsə, sinfin əldə etdiyi nailiyyətdə müəllimin də payı var. Biz bunu müəllimlə müzakirə edirik. Deyirik ki, baxın, eyni məktəbdir, eyni mühitdir, amma burada bu nəticə var, o biri sinifdə başqa nəticə var. Bizim inandığımız odur ki, yeni sual növlərini də orada tətbiq edirik. Yəni çalışırıq ki, monitorinqlərdə istifadə etdiyimiz sual növləri növbəti nəsil qiymətləndirmələrə uyğun olsun.

Trend: Bəs niyə monitorinqlərdən sonra kitabçalar uşaqlara verilmir?

– Çünki biz həmin sualların bir hissəsini saxlayırıq ki, növbəti illərdə də istifadə edə bilək. Məqsəd odur ki, eyni suala müxtəlif illərdə eyni yaş qrupundakı uşaqların necə cavab verməsini müqayisə edək. Bu, dinamikanı daha yaxşı göstərir. Əgər sualları açıqlasaq, uşaqlar həmin suallarla xüsusi hazırlaşacaqlar. Biz üç-dörd ildən sonra əvvəlki sualları açıqlayacağıq. Hər il həmin sualları verməklə müxtəlif illərdə dördüncü sinfi bitirmiş uşaqların nəticələrini müqayisə edə bilirik. Beləliklə, müəyyən edirik ki, irəli gedirik, yoxsa yox.

“Doktorantura təhsili ciddi şəkildə islahata ehtiyacı olan sahədir”

"Xəzər TV": Qlobal rəqabətin getdikcə elm və innovasiya üzərində qurulduğu bir dövrdə Azərbaycanın elmi potensialının gücləndirilməsi üçün hansı əsas prioritetlər müəyyən edilib?

– Yaxşı xəbər ondan ibarətdir ki, ali təhsil müəssisələrinin inkişafında gördüyümüz əsas məqamlardan biri elmi işlərin sayının artmasıdır. Yəni azərbaycanlı alimlər, Azərbaycanın ali təhsil müəssisələrində çalışan tədqiqatçılar və tədqiqat institutunda işləyən alimlərimiz daha çox məqalələr yazırlar. Həm də bu məqalələrin keyfiyyəti əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Bunun səbəblərindən biri odur ki, dövlət tərəfindən stimul yaradılıb. Bütün əsas elmi-metrik bazalara çıxış təmin olunub. Azərbaycanda elmi məqalələrinin keyfiyyəti ilə seçilən alimlərə əlavə ödənişlər verilir. Təxminən 500-ə yaxın alimimiz 1000 manata qədər əlavə ödəniş alıb. Bunun da təsirlərini artıq görməyə başlamışıq. Beynəlxalq əməkdaşlıqlarımız artır. Xüsusilə Azərbaycan-Türkiyə əməkdaşlığı istiqamətində çox yaxşı dinamika müşahidə olunur. Eyni zamanda cənab Prezidentin müvafiq islahatı ilə Elm və Təhsil Nazirliyinin yaradılması, elmi institutların ilkin mərhələdə nazirliyin tabeliyinə verilməsi və həmin institutlarla ali təhsil müəssisələrinin inteqrasiyasının təmin olunması həm universitet reytinqlərində, həm də elm ilə universitet arasındakı məsafənin qısaldılmasında bizə kömək edib. Tənzimləmə nöqteyi-nəzərindən bilirsiniz ki, Elm və Ali təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmin agentlik bu gün elmi qurumlarla daha yaxından işləyir. Təbii ki, doktorantura təhsili, məncə, ciddi şəkildə islahata ehtiyacı olan sahədir. Burada həm məzmun, həm forma baxımından, ümumiyyətlə istedadlı gənclərin elmə və elmi fəaliyyətə cəlb olunması istiqamətində hələ böyük addımlar atmalıyıq. Bu sahədə boşluqlar var. Bu il yeni doktorantura proqramlarına başlayırıq. Ümid edirik ki, faydalı olacaq. Xaricdə təhsil proqramı da icra olunur. Məsələn, bakalavriat üzrə təxminən 125 yerimiz olur və həmin yerlərə təxminən 450 nəfər müraciət edir. Magistratura üzrə təxminən 300 yerimiz olur və həmin yerlərə 500 nəfərə yaxın müraciət daxil olur. Amma doktoranturada, məsələn, 80 yerimiz olduğu halda bəzən 10 nəfər belə müraciət etmir. Bu mənada doktorantura təhsili ölkənin ali təhsil və elmi-tədqiqat sistemi üçün vacibdir. Bu mənada, inanıram ki, əsas istiqamətlərimizdən biri elmin maliyyələşdirilməsi, digər istiqamət isə elmlə sənaye arasında əlaqələrin qurulmasıdır. Bu sahədə müəyyən təşəbbüslərimiz var. Yaxın illərdə onların nəticələrini görəcəyik.

“Məktəbimiz azərbaycanlı yetişdirən məktəb olmalıdır”

Trend: Azərbaycan məktəbi yaxın 5 ildə hansı istiqamətə dəyişməlidir: imtahan məktəbi, bacarıq məktəbi, yoxsa şəxsiyyət formalaşdıran məktəb?

– Məncə, daha çox üçüncüsü. Şəxsiyyət dedikdə dəyərlər məsələsini qabardardım. Çünki istənilən təhsil sisteminin qarşısında iki vacib məqam var. Xüsusilə bizim tipli coğrafiyada yerləşən, bizim xüsusiyyətlərə malik xalqlar, millətlər və dövlətlər üçün millilik, milli adət-ənənələrin və dəyərlərin qorunması vacibdir. O cümlədən dil çox vacib faktordur. Azərbaycan dilinin digər dillərin inkişafı fonunda itib-batmaması, rəqabətə davam gətirməsi baxımından bu məsələ bizim üçün açıq çağırışdır. Bu nöqteyi-nəzərdən dəyərlər dedikdə, yəqin ki, ilk növbədə milli kimlik və milli dəyərlər kontekstində Azərbaycanın gələcək nəsillərinin öz milli dəyərlərinə sadiq, eyni zamanda həmin dəyərləri dövrün reallıqlarına uyğunlaşdıra bilərək yetişməsidir. Xüsusilə texnoloji dövrdə çalışmalıyıq ki, həm ümumbəşəri, həm də milli dəyərlər qorunsun. Milli kimlik məsələsi yəqin ki, qarşımızda duran ən mürəkkəb və diqqətlə yanaşmalı olduğumuz məsələlərdir.

“Tam ştatlı müəllim məsələsi həm müəllimin işinin keyfiyyətinin artırılması, həm də əməkhaqqısının artırılması baxımından vacib islahat ola bilər”

APA: Son dövrlər müəllimlərin yalnız dərs saatları ilə deyil, gün ərzində məktəbdə daha uzun müddət qalması məsələsi müzakirə olunur. Bu halda müəllimlərin iş yükü ilə maaş arasında balans necə təmin olunacaq? Nazirlik bu istiqamətdə hansı yanaşmanı nəzərdən keçirir? Ümumiyyətlə, gün ərzində – dərs olmayan saatlarda məktəbdə qalmaq fikri nəyə əsasən yaranıb?

– Birinci məsələ müəllimin məktəbə sahiblənmə məsələsidir. Yəni siz hesab edin ki, öz iş yerinizə həftədə 18 saat gedirsiniz. Belə olan halda ora sizin nə qədər sizin iş yeriniz olur? Oturmağa yeriniz, iş otağınız da yoxdur. Sadəcə dərs deyirsiniz, sonra çantanızı götürüb evə gedirsiniz və başqa işlərlə məşğul olursunuz. Kollektiv iş çox vacibdir. Çünki məktəb əməkdaşlıq edən bir mühitdir. Bunun üçün də müəllim məktəbdə daha çox vaxt keçirməlidir. İkinci tərəfdən, dərsdən başqa müəllimin kifayət qədər işi var ki, biz buna görə müəllimə ayrıca maaş ödəmirik. Məsələn, müəllim uşaqlarla işləmək üçün suallar hazırlamalıdır, yazı işlərini yoxlamalıdır, şagirdlə oturub ünsiyyət qurmalı, ona geri dönüş etməli, problemlərinin harada olduğunu öyrənmək üçün şagirdi dinləməlidir, digər müəllimlərlə birlikdə peşəkar inkişaf layihələrinə qoşulmalıdır. Yəni bu mənada müəllimin məktəbə sahiblənməsi çox vacibdir. Üçüncü vacib məqam ondan ibarətdir ki, müəllimin əməkhaqqısının artırılmasına saat hesabı əsasda yanaşanda buna nail olmaq o qədər də asan deyil. Çünki hər bir müəllimə 20-24 saat dərs saatı vermək olmur. Tam ştatlı müəllim məsələsi həm müəllimin işinin keyfiyyətinin, həm də əməkhaqqısının artırılması baxımından vacib islahat ola bilər. Amma bu, dediyim kimi, hazırda müzakirə olunan məsələdir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı təkliflər olacaq. Müəllimin əməkhaqqısı bu şərtlər çərçivəsində orta əməkhaqqından yüksək olmalıdır.

"Xəzər TV": Böyük Qayıdış çərçivəsində qurulan təhsil sistemi yalnız bugünkü ehtiyaclara deyil, gələcək onilliklərin inkişaf hədəflərinə xidmət etməlidir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda təhsilin inkişafı üçün hansı fərqli yanaşmalar tətbiq olunur?

– Hazırda 25 ümumi təhsil müəssisəsi və 13 məktəbəqədər təhsil müəssisəsi artıq işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb. Təxminən 4500 civarında şagird təhsil alır. Növbəti tədris ilində bu sayın daha sürətlə artacağını gözləyirik. Çünki bu illər ərzində daha çox infrastruktur layihələri ilə məşğul idik. İkinci məsələ sistemin rasionallaşdırılmasıdır. Yəni ölkədə iki Ağdam 1 nömrəli məktəbi ola bilməz. İnsanlar öz yaşayış yerlərinə qayıtdıqdan sonra digər yerlərə müvəqqəti köçürülən məcburi köçkün məktəbləri bağlanır və onların heyəti rasionallaşdırılır. Bu da özlüyündə kifayət qədər mürəkkəb prosesdir. Üçüncü məsələ bundan ibarətdir ki, köçən insanların arasından müəllimlərin seçilməsi, uyğun kadrların tapılması, lazım olduqda işə qəbul prosesinin aparılması və orada işin rasionallaşdırılmasıdır. Yaxşı xəbər ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə ən müasir infrastruktura malik məktəblər tikilir. Bu məktəblərdə təhsil sıfırdan başladığı üçün çalışırıq ki, fərqli formatda aparılsın. Müəllimlərin entuziazmi, həvəsi və motivasiyası kifayət qədər yüksəkdir. İnanıram ki, həmin ərazilərdə fəaliyyət göstərən məktəblər ölkənin ən yaxşı məktəbləri sırasında olacaq.

“Müəyyən məhdudlaşdırıcı tənzimləmələrin tətbiq olunmağının tərəfdarıyam”

Trend: Hazırda müzakirə olunan qanun layihəsi 16 yaşa qədər uşaqlara sosial şəbəkə hesabını qadağan edir. Siz elm və təhsil naziri kimi bu layihəyə necə baxırsınız? Uşaqları qorumaq məqsədli bu addım eyni zamanda onların rəqəmsal öyrənmə imkanlarına, ünsiyyətinə necə təsir edəcək?

– Uşaqlarımızı qorumalıyıq. Bu, birmənalıdır və yəqin ki, hamı bu fikirlə razıdır. Həmin rəqəmsal mühit öz-özlüyündə risklərlə dolu bir mühitdir və mütləq tənzimlənməlidir. Biz başa düşməliyik ki, sosial media dedikdə rəqəmsal öyrənmə alətlərini və vasitələrini nəzərdə tutmuruq. Yəni uşaqlar yenə də rəqəmsal alətlərdən istifadə edəcək, müxtəlif elektron resurslardan yararlanaraq öyrənməyə davam edəcəklər. Amma ayrı-ayrı sosial şəbəkələrin və yaxud oyunların uşaqların davranışına, psixologiyasına təsir göstərməsi, onlarda asılılıq yaratması, kiberbulinq deyilən rəqəmsal qısnamaya səbəb olması artıq faktdır. Bu mənada birmənalı olaraq müəyyən məhdudlaşdırıcı tənzimləmələrin tətbiq olunmağının tərəfdarıyam.

APA: Hazırda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul mexanizmi barədə nazirliyin mövqeyini öyrənmək istərdik. Müvafiq qurumla bu istiqamətdə əməkdaşlıq aparılırmı?

– Mexanizm olaraq, hələ ki heç bir dəyişiklik nəzərdə tutulmur. Daha çox texniki dəyişikliklər daimi aparılır. Yəni hansı ixtisasların hansı qruplarda olması ilə bağlı dəyişikliklər edilir və bunlar əvvəlcədən elan olunur. Eyni zamanda bu istiqamətdə atılan addımların ən vacibi ondan ibarət olmalıdır ki, uşaqlar daha az imtahan versinlər, yəni buraxılış imtahanlarının nəticələri əsasında qəbulun əhatəliliyinin artması yaxın gələcəkdə atıla biləcək addımlardan biri ola bilər. Amma yaxın gələcək deyəndə bir il və ya iki ili nəzərdə tutmuram. Bu tip dəyişikliklər əvvəlcədən elan olunur. Bu, növbəti il olmayacaq. Amma bu istiqamətdə davam etmək olar. Hazırda isə təxminən 60 min qəbul mövcud model əsasında aparılır. Bu il də sözügedən model üzrə yekun nəticələri avqust ayına gözləyirik.

"Xəzər TV": Sizcə, XXI əsrin məktəbi hansı xüsusiyyətlərə malik olmalıdır?

– XXI əsrin növbəti 10-15 ilində məktəbin necə olacağı sualına cavab vermək çox çətindir. Bu barədə fərqli fikirlər ola bilər. Görünən odur ki, istər distant təhsil, istər məsafədən öyrənmə, istər elektron öyrənmə, rəqəmsal resurslar və süni intellekt artıq qaçılmazdır. Bunlar fərqli infrastruktur, struktur, şəxsi heyət və bacarıqlara malik insanlar tələb edir. Mənim fikrimcə, bu gün məktəblərdə ən vacib, amma mövcud olmayan ştat vahidlərindən biri İT, yaxud informasiya texnologiyaları üzrə mütəxəssisdir. Çünki məktəbdə yüzlərlə kompüter varsa, onlar sıradan çıxanda həmin an kiminsə onları düzəltməsi və ya şəbəkəni qaydasına salması vacibdir. Bu mənada, yəqin ki, dəyişikliklər olacaq. Amma istər məzmunun yenilənməsi, istər ayrı-ayrı fənlərin təşkili, istərsə də müəllimin keyfiyyətinin təmin etmək nisbətən daha asandır, nəinki yeni dövrə hazır olan və milli dəyərləri, milli kimliyini qoruyub saxlayan nəsil yetişdirmək. Bu mənada mənə görə 21-ci əsrin məktəbi üçün əsas prioritetlərimiz bunlar olmalıdır.

Trend: Əmək bazarında peşəkar işçi qüvvəsinə tələbatın artdığı bir dövrdə peşə təhsilinin iqtisadiyyatın inkişafındakı rolunu necə qiymətləndirirsiniz?

– Ali təhsildə olan artım peşə təhsilində də davam edir. Artıq 25-26 mindən çox insan peşə təhsilinə üz tutur. Peşə təhsilinin artması istiqamətində cənab Prezidentin 2025-ci ilin dekabr ayında imzaladığı fərmanla 23 peşə təhsili müəssisəsinin 21-nin yenidən qurulması və 2-nin əsaslı təmiri nəzərdə tutulub. İnanıram ki, bu yeni bir dövrdür. 2030-cu ilə qədər bu işləri icra edə bilsək, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yeni peşə məktəblərinin tikintisini həyata keçirsək, infrastrukturumuzu əsaslı şəkildə yaxşılaşdıracağıq. Qəbul etməliyik ki, peşə təhsilinin ən problemli istiqamətlərindən biri məhz infrastruktur məsələsidir. Çünki Birinci Qarabağ müharibəsinin nəticələri olaraq məcburi köçkünlərimizin əsasən peşə məktəblərində yerləşdirilməsi həmin məktəblərin vəziyyətinə ciddi təsir göstərib. Son illərdə isə biz yeni peşə məktəblərinin yaradılmasını həyata keçirmişik. İstər Bərdə, istər Qəbələ, istər Cəlilabad, istər Lənkəran, istərsə də Bakı şəhərində yeni tələblərə uyğun peşə təhsili müəssisələri yaradılıb. Görürük ki, yeni və müasir peşə məktəbi olanda tələbələr ora gəlirlər. İnanıram ki, infrastruktur məsələsini tədricən həll etdikcə peşə təhsilinə üstünlük verən insanların sayı da artacaq.

APA: Kolleclərin fəaliyyəti haqqında fikirləriniz bilmək istərdik. Bu gün kolleclər gözləntilərə cavab verə bilirmi?

– İslahata ehtiyacı olan təhsil pilləsidir, daha doğrusu təhsil pilləsini verən təhsil müəssisələridir. Subbakalavr təhsili qalmalıdır, qalacaq. Sual ondan ibarətdir ki, subbakalavr təhsili verən müəssisələr ayrıca fəaliyyət göstərməlidir, yoxsa ali təhsil müəssisələrinin tərkibində olmalıdır? Prinsip etibarilə hər ikisi mümkündür. Düşünürəm ki, islahatların növbəti mərhələlərində kolleclərdə dərs deyən müəllimlərin keyfiyyəti və onların fəaliyyətinə nəzarət bizim prioritetlərimizdən biri olacaq. Bu istiqamətdə işlərimiz davam edəcək.