28 may: İstiqlal Bəyannaməsi necə saxtalaşdırılır?

Qarşıma bir elan çıxdı. Sitat olaraq təqdim etmək istəmirəm. Mayın 28-də, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün “Rəsulzadəni sevən hər kəs” tədbirə dəvət olunurdu. Ağlıma gələn ilk sual bu oldu: nədən dəvətnamə müəllifləri Cümhuriyyəti deyil, Rəsulzadəni sevən hər kəsə xitab edir?

İndi pafosla başlayacaqlar ki, Rəsulzadə elə Cümhuriyyət, yaxud Cümhuriyyət elə Rəsulzadə idi.

Qətiyyən belə deyil!

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biridir və buna görə hər cür ehtirama layiqdir. AXC qurucularından biri olaraq ona mənim də sonsuz sayğım var.

Lakin bütün səmimiyyətimlə və məsuliyyətimlə deyirəm: Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin məhz 28 may 1918-ci ildə elan olunacağından xəbəri olmayıb.

Həmin günlərdə Rəsulzadə Batumda idi. Batumda olan Osmanlı və azərbaycanlı heyətlərində gürcülərin Seymi tərk edəcəyinə güman vardı, lakin bunun hansı gün, hansı saatda baş verəcəyini bilmirdilər. Gürcülər almanlarla seperat danışıqlar aparmalarını gizlətmişdilər. Gürcü siyasi xadimlərin Seymi tərk etməyə qəti qərar verdikləri barədə səhih xəbəri Tiflisdən Batuma son anda teleqramla göndərdilər. Amma ona qədər- mayın ortalarında gürcülərin Zaqafqaziya Seymini tərk edəcəyi halda, Azərbaycanın istiqlalını elan etmək təşəbbüsü tarixdə ilk dəfə və rəsmi şəkildə Nəsib bəy Yusifbəyli tərəfindən Tiflisdə səsləndirilmişdi. Cümhuriyyətin adını və respublika modelini təklif edən də Nəsib bəydir.

Bunu Rəsulzadə özü də məmnuniyyətlə etiraf edib.

İstiqlal Bəyannaməsinin müəllifinin Rəsulzadə olması barədə deyilənlər də heç bir elmi tənqidə dözməyən absurd iddiadır. Kontent analizindən çox açıq görünür ki, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqal Bəyannaməsi Gürcüstanın müstəqilliyini elan edən sənədin şablonu əsasında hazırlanıb. Müəyyən fərqlər, improvizasiyalar var, amma şablon eynidir.

Rəsulzadənin həmin şablonu nəinki hazırlaması, hətta görməsi heç nəzəri olaraq da mümkün deyildi.

Milli Şuranın ilk iclası da Rəsulzadənin sədrliyi ilə keçirilməyib. AXC-ni elan edən Milli Şura öz formalaşma məntiqinə uyğun olaraq Müsavat partiyasının rəhbəri kimi Rəsulzadəni qiyabi şəkildə sədr seçib. Milli Şura Rəsulzadənin sədarətində Gəncədə keçirilən iclasında özünü buraxıb və bir qism şərtlər daxilində bütün səlahiyyətlərini Fətəli xan Xoyskinin ikinci hökumətinə verib. Bundan sonra hökumətdə heç bir portfeli olmayan Rəsulzadəni İstanbula yollayıblar.

15 senyabr 1918-ci ildə Bakı azad olunan günədək Rəsulzadə AXC sərhədləri daxilində cəmi bir neçə sutka olub.

Bu mərhələdə Azərbaycan dövlətçiliyinin təməlləri atılıb, dövlət təşkilatı qurulub, milli rəmzlər qəbul edilib. Heç birində Rəsulzadənin imzası yoxdur. Kim bir siyasi xadimin cəmi 2-3 gün ölkə ərazisində olmaqla dövlət qurmasının mümkünlüyünə inanırsa, o adamın dövlət anlayışı şübhə altındadır.

Tarixi- elm kimi kimi öyrənmək lazımdır. Amma təkcə öyrənmək yox, həm də ibrət götürmək gərəkdir. Yalançı narrativlərlə tarixi saxtalaşdırmaq gələcəyi modelləşdirməkdə cəmiyyətə problem yaradır. Cəmiyyətə, millətə əsl xidmət, əsl ziyalı borcu tarixi uğurları və uğursuzluqları düzgün təhlil etməkdir.

29 may 1918-ci ildə Milli Şuranın İrəvan şəhərini və ətrafını ermənilərə güzəştə getməsi, əslən İrəvandan olan üzvlərinin etirazını nəzərə almadan təzyiqlərlə razılaşması yanlış qərar idi. Bu qərar Ermənistan Respublikasını legitimləşdirməklə sonrakı onilliklərdə Azərbaycan üçün çox ağır nəticələr verdi.

Tarixə həm də nəticələr üzərindən nəzər salmaq vacibdir.

Tarixə nəticələr üzərindən baxanda Cümhuriyyət parlamentinin son iclası ölkədə hakimiyyət böhranı ilə yanaşı lider böhranı olması faktını da bütün çılpaqlığı ilə üzə çıxarır. Azərbaycan 11-cı Qırmızı Ordu tərəfindən işğal olunanda ölkədə etimadlı hökumət yox idi. Müsavat partiyasının daxilindən başlayan intiraqalar Nəsib bəy Yusifbəyli hökumətinə etimadsızlıqla nəticələnmiş, yeni hökumət qurmaq tapşırığı almış Məmmədhəsən Hacınski isə bolşeviklərin tərəfinə keçmişdi.

Bu idi gerçək mənzərə!

Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın müxtəlif bölgələrində bolşeviklərə qarşı üsyanlar başladı. O üsyanlar koordinasiya edilmirdi. Nə məqsədyönlü şəkildə təşkil olunmuş milli müqavimət cəbhəsi vardı, nə də müqavimət hərəkatının başında dayanan bir lider. Rusiya daxilindəki vətəndaş müharibəsindən qalib çıxmış bolşeviklərin Azərbaycana hücum edəcəyi aylar öncə hər kəsə gün kimi aydın idi. Lakin işğal faktını aradan qaldırmağı hədəfləyən xalq azadlıq hərəkatı strategiyası hazırlanmamışdı. Bunları deyən də təkcə mən deyiləm. Hüseyn Bayqaranın, Nağı bəy Şeyxzamanlının timsalında Cümhuriyyət irsinə bağlı obyektiv isimləri yenidən oxumaqda fayda var.

Bəli, əllərindən gələn qədər istiqlal üçün çalışdılar. Dövlətin iki baş naziri- Xoyski və Yusufbəyli Azərbaycan idealı uğrunda sözün birbaşa mənasında canını fəda elədi. Tanrı ruhlarını şad eləsin! Birinci respublika və onun liderləri bütün müsbət və mənfi yönləri ilə bizimdir, tarixi təcrübəmiz və yaddaşımızdır. Amma bu təcrübədə və yaddaşda hazırkı dövlət bayrağımızın AXC-nin ikinci bayrağı olması faktı da var. Birincisindən –al bayraqdan “ingilislərə xoş görünməz” deyə imtina etmişdilər…

Bu gün biz bayraq dəyişdirən deyil, bayraq ucaldan bir millət və dövlətik.

Milli azadlıq və tərəqqi haqqımızı dünyada hər kəsə qəbul və isbat etmişik.

Gələcək quruculuğunda bizə gerçək tarixi datalar lazımdır. Bu dataların ancaq müsbət və ancaq mənfi olduğunu iddia etmək elmi dünyagörüşə ziddir.

Pozitiv elmi dünyagörüşün əsas mexanizmlərindən biri arıtlama, yəni yanlış məlumatlardan imtina edib, gerçəkləri təqdim etməkdir.

Gəlin, gerçəkləri dilə gətirməkdən çəkinməyək!

Taleh ŞAHSUVARLI