- Siyasi müzakirə
- 19:31
- 1 165
İranla Razılaşma Baş Tutmasa, Regionda Yeni Eskalasiya Riski Arta bilər - Oqtay Qasımov
"Marko Rubionun fikirləri əslində Donald Trampın mövqeyindən ciddi şəkildə fərqlənmir, əksinə, onu təkrarlayır. Belə ki, Donald Tramp da vaxtaşırı İranla yaxşı bir anlaşmanın mümkün olduğunu bildirir. Bunun baş verməyəcəyi təqdirdə isə ağır nəticələrin ola biləcəyi ilə bağlı xəbərdarlıqlar edir. ABŞ tərəfi İranla razılaşmanın əldə olunmasında maraqlıdır. Bu anlaşmanın əsas şərtlərindən biri İranın Hörmüz boğazını açıq saxlamasıdır. Burada sərbəst gəmiçilik və naviqasiya təmin edilməlidir. Bundan başqa, İran nüvə proqramı ilə bağlı ciddi təminatlar verməlidir. Yəni Tehran öhdəlik götürməlidir ki, heç vaxt nüvə silahına sahib olmayacaq. Eyni zamanda ölkə ərazisində zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məsələlər də həll edilməlidir. Son günlər yayılan məlumatlardan görünür ki, tərəflər bir sıra məsələlər üzrə mövqelərini müəyyən qədər yaxınlaşdıra biliblər. Gözlənilir ki, qarşıdakı 60 gün ərzində nüvə proqramı ilə bağlı müzakirələr davam etdiriləcək. Həmin müddətdə Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması, blokadanın yumşaldılması və sanksiyalarla bağlı müəyyən addımların atılması da gündəmdədir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Qeyd edək ki, Marko Rubio bəyan edib ki, Tehranla diplomatik danışıqlar nəticə verməyəcəyi halda, ABŞ İranla bağlı alternativ addımları nəzərdən keçirəcək. ABŞ dövlət katibi Hindistana səfəri zamanı bildirib ki, “Prezident Donald Tramp uğursuz və zəif razılaşmaya tələsmir. Alternativ variantlara keçməzdən əvvəl diplomatiyaya bütün imkanlar yaradılacaq”. Rubio Vaşinqtonun İran siyasətinə toxunaraq qeyd edib ki, “Ya qarşılıqlı məqbul razılaşma əldə olunacaq, ya da başqa yanaşmalar gündəmə gələcək”. Dövlət katibi əlavə edib ki, tərəflər hazırda mümkün razılaşma variantları üzərində danışıqları davam etdirirlər.
Siyasi şərhçi qeyd edib ki, razılaşma əldə olunmayacağı təqdirdə alternativ ssenarilərin işə salınması ehtimalı artır.
"ABŞ-nin son aylarda regionda cəmləşdirdiyi hərbi qüvvələr hələ də bölgədə qalır. Bu qüvvələr İran ətrafında yerləşdirilib və Hörmüz boğazı üzərində təzyiq imkanlarını artırır. Atəşkəs dövründə də Vaşinqton bölgəyə əlavə qüvvələr göndərib, istifadə olunan raket və digər hərbi vasitələrin bərpası həyata keçirilib. Əgər İranla razılıq əldə olunmasa, Donald Trampın hərbi əməliyyatlara başlama ehtimalını gündəmə gətirdiyi bildirilir. “Fərqli ssenarilər” ifadəsi də məhz hərbi eskalasiya variantı kimi qiymətləndirilir. Bu çərçivədə blokadanın davam etdirilməsi, xüsusilə İranın enerji infrastrukturuna zərbələrin endirilməsi ehtimalı da müzakirə olunur. Nəzərə alsaq ki, bir neçə gün əvvəl Donald Tramp təhlükəsizlik komandası ilə İran məsələsinə həsr olunmuş xüsusi toplantı keçirib, deməli, hərbi eskalasiya variantı Vaşinqtonun gündəmində qalmaqda davam edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az