Ermənistan Uğrunda Geosiyasi Mübarizə Qızışır - Elçin Xalidbəyli

"Ermənistan hazırda Rusiyanın Cənubi Qafqazdakı sonuncu əsas dayaq nöqtəsi hesab olunur. Ukrayna müharibəsi başladıqdan sonra Rusiyanın regiondakı nəzarət mexanizmləri ciddi şəkildə zəifləyib. Bir-birinin ardınca təsir rıçaqları sıradan çıxıb və nəticədə Moskva Cənubi Qafqazdakı mövqelərini əhəmiyyətli dərəcədə itirib. Hazırkı mərhələdə isə həm ABŞ, həm Avropa İttifaqı, həm də Türkiyə regionda Rusiyadan daha güclü mövqelərə sahib olmağa başlayıblar. Bu səbəbdən Rusiya Cənubi Qafqazda itirdiyi təsiri bərpa etmək üçün ən təsirli addımlarını atmağa çalışır və bu proses ilk növbədə Ermənistan üzərindən həyata keçirilir. Çünki Ermənistan Rusiyanın təsir dairəsində ən ciddi təzyiq mexanizmlərinə məruz qalan dövlətlərdən biridir. Moskva qərbyönlü siyasət yürüdən Paşinyan hakimiyyətinin dəyişdirilməsi və ya ən azı Rusiyadan asılı vəziyyətdə qalacaq səviyyədə zəiflədilməsi üçün əlindəki bütün vasitələri işə salıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Vladimir Putin və Sergey Lavrovun Ermənistanla bağlı sərt açıqlamaları ciddi narahatlıq yaradıb. Analitiklərin fikrincə, bu bəyanatlar Kremlin seçki öncəsi İrəvana təzyiq siyasətinin tərkib hissəsidir. Hətta bu yolla seçici səslərinin Rusiya yönümlü müxalifətə istiqamətləndirilməsinin hədəfləndiyi də iddia olunur. Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə, Rusiyanın bu ölkəyə qarşı daha sərt addımlar ata biləcəyi ilə bağlı ehtimallar da səsləndirilir.

Siyasi şərhçi qeyd edib ki, xüsusilə seçki ərəfəsində təsir mexanizmlərinin daha da aktivləşdirilməsi müşahidə olunur.

"İlk növbədə Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışına yaradılan maneələr Paşinyan hakimiyyətinə qarşı təzyiq xarakteri daşıyır. Çünki Rusiya ilə münasibətlərin pisləşməsi və məhsulların ixracında yaranan problemlər Ermənistanda geniş seçici kütləsinə ciddi iqtisadi zərbə vurur. Nəticədə həmin seçici qrupunun öz maraqları naminə Rusiyanın dəstəklədiyi siyasi qüvvələrə yaxın mövqe tutması mümkündür. Bu isə səslərin Moskvanın dəstəklədiyi Samvel Karapetyana yönəlməsi ehtimalını artırır. Ancaq Rusiyanın Ermənistana təzyiq vasitələri bununla məhdudlaşmır. Seçkilərə yaxın dövrdə, hətta Paşinyan hakimiyyəti qalib gəldikdən sonra belə daha sərt addımların atılması istisna edilmir. Bu addımlar sırasında Ermənistana satılan enerji resurslarının qiymətlərinin dünya bazarı səviyyəsinə qaldırılması da yer alır. Hazırda Ermənistana təbii qaz nisbətən aşağı qiymətlə təqdim olunur və Kremlin bu amildən təzyiq vasitəsi kimi istifadə edə biləcəyi ehtimal olunur. Enerji qiymətlərinin artırılması həm Ermənistan iqtisadiyyatına, həm də Paşinyan hakimiyyətinə ciddi zərbə vura bilər. Xüsusilə sosial-iqtisadi xarakterli bu addımlar ölkədə daxili böhran riskini gücləndirə bilər. Bəzi ehtimallara görə, Rusiya seçkilərdə öz maraqlarına uyğun nəticə əldə edə bilməsə, Ermənistanda daxili qarşıdurma yaratmağa və vətəndaş qarşıdurmasını dərinləşdirməyə yönəlmiş ssenariləri də işə sala bilər. Hətta bu prosesin ölkədaxili silahlı toqquşmalara qədər inkişaf edə biləcəyi ilə bağlı iddialar mövcuddur. Son mərhələdə isə Rusiyanın Ermənistandakı hərbi bazalarından istifadə variantı da istisna olunmur. Kremlin maraqları tələb edərsə və Paşinyan hakimiyyətinə qarşı başqa təsir vasitələri nəticə verməzsə, Rusiyanın Ermənistandakı hərbi mövcudluğundan istifadə edə biləcəyi ehtimal edilir. Bu isə Ermənistana birbaşa hərbi müdaxilə kimi qiymətləndirilə bilər"

Rəfiqə Namazəliyeva,

AzNews.az