Tahir Mirkişili: "Bakı-Tbilisi dəmir yolu əlaqəsinin bərpası regional inteqrasiyanı gücləndirəcək"

Azərbaycan–Gürcüstan dəmir yolu əlaqəsinin bərpası həm sərnişin daşımaları baxımından insanlar arasında əlaqələri gücləndirəcək, həm də iqtisadi əlaqələrin həcmini artıracaq.

Aznews.az xəbər verir ki, Bunu Milli Məclisin deputatı Tahir Mirkişili mayın 26-dan Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpasını şərh edərkən deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri və həyata keçirdiyi ardıcıl regional bağlantı siyasəti nəticəsində Azərbaycan-Gürcüstan arasında sərnişindaşıma üzrə dəmir yolu əlaqəsinin yenidən açılması region üçün strateji hadisədir. Bu addım təkcə iki dost və strateji tərəfdaş ölkə arasında nəqliyyat əlaqələrinin genişlənməsi deyil, bütövlükdə Cənubi Qafqazın tranzit və logistika imkanlarının daha da güclənməsi, regionda iqtisadi inteqrasiyanın dərinləşməsi deməkdir", - deputat bildirib.

Onun sözlərinə görə, bu qərar turizmin inkişafına, iqtisadi fəallığın artmasına və region ölkələri arasında inteqrasiyanın dərinləşməsinə əlavə töhfə verəcək.

T.Mirkişili qeyd edib ki, qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bir dövrdə bu addım Azərbaycan və Gürcüstanın etibarlı tranzit tərəfdaşları kimi rolunu daha da möhkəmləndirir:

"Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı nəqliyyat və infrastruktur layihələri ölkəmizi Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz istiqamətində görülən işlər artıq qlobal səviyyədə mühüm nəticələr verir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional əməkdaşlıq siyasəti bu gün Cənubi Qafqazı qarşıdurma deyil, əməkdaşlıq və bağlantı məkanına çevirir.

"Azərbaycan bir daha sübut edir ki, regionda sabitlik, iqtisadi inkişaf və nəqliyyat inteqrasiyasının əsas təşəbbüskarlarından biridir", – deyə o əlavə edib.

Qeyd edək ki, ilkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşən qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Marşrut üzrə sərhəd-gömrük yoxlamaları üçün Azərbaycan sərhədində 1 saat, Gürcüstan sərhədində isə daha 1 saat nəzərdə tutulub.

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti bütün marşrut üzrə 81 manatdan başlayacaq. Minimum qiymətlər Yevlax-Tbilisi istiqamətində 67 manat, Gəncə-Tbilisi üzrə 62 manat, Ağstafa-Tbilisi üzrə 57 manat, Böyük Kəsik-Qardabani üzrə isə 51 manat təşkil edəcək.

Xatırladaq ki, 1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana səfər edən şəxslər üçün səyahət sığortasının olması məcburidir. Səyahət sığortası bilet qiymətinə daxil deyil.