Akademik Yaqub Mahmudovdan Taleh Şahsuvarlıya dəstək məktubu: "Əminəm ki, İctimai TV-də möhtəşəm işlər görəcəksən"

Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov İTV-nin baş direktoru vəzifəsinə namizəd Taleh Şahsuvarlıya dəstək məktubu ünvanlayıb.

Mia.az həmin məktubu təqdim edir:

“Sevimli tələbəm Taleh!

İTV-nin baş direktoru vəzifəsinə namizəd olmağın məni çox qürurlandırdı. Çünki Sən vaxtilə mənim təşəbbüsümlə yaradılan Respublika Tarix Liseyini yüksək göstəricilərlə bitirmiş ən sevimli tələbələrimdən birisən. Və bunu hər yerdə qeyd edirsən, əməyimizi itirmədiyin üçün sağ ol! Hələ Universitet illərindən diqqətimi çəkirdin, bacarıqlı, çalışqan və cəsarətli idin. Hazırda da Sənin fəaliyyətini yaxından izləyirəm. Rəhbərlik etdiyin AzNews.az analitik-informasiya portalı hər zaman dövlətimizin, millətimizin, işıqlı ziyalılarımızın, o cümlədən alimlərimizin yanındadır və haqq-ədaləti cəsarətlə müdafiə edir.

Proqramınla diqqətlə tanış oldum, İctimai TV ilə bağlı planların məni çox sevindirdi. Sənə bu seçkilərdə uğurlar arzulayıram! Sən dövlətçi və maarifçi tarixçi-jurnalistsən. Əminəm ki, Sənə layiq olduğun etimad göstərilərsə, yurdsevər və dövlətçi ziyalılarla əl-ələ verib İctimai TV-də möhtəşəm işlər görə biləcəksən.

Taleh, Sən Prezident İlham Əliyevin dövlətimizi daha da gücləndirmək üçün yeritdiyi uğurlu siyasəti həmişə fəal şəkildə müdafiə edirsən. Öz vətəndaşlıq mövqeyini Vətən müharibəsində də ortaya qoydun, Vətən oğlu kimi İkinci Qarabağ savaşında işğalçılara qarşı döyüşlərdə fəal iştirak etdin. Dövlətimizin başçısı mühüm xidmətlərini qiymətləndirərək Səni “Ağdamın azad olunmasına görə” və “Tərəqqi” medalları ilə təltif edib.

Şüarın da diqqətimi çox cəlb etdi. Həqiqətən də Sən sıravi bir zəhmətkeşin oğlu kimi bütün uğurlarını öz zəhmətinlə qazanmısan. Dəyərli yetirməm, Sənə qələbə sevinci arzulayıram!!!”

AzNews.az