​​“Ermənistan sülhə sadiqliyini yalnız sözlə deyil, praktiki addımlarla sübut etməlidir” – Pərvanə Vəliyeva

"Azərbaycanın Ermənistanla bağlı hərbi planı yoxdur. Bu barədə Prezident İlham Əliyev Zəngilanda çıxışı zamanı bildirib. Regiondan kənar qüvvələr Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına sistemli şəkildə müdaxilə edir. Cənubi Qafqazda davamlı sülhün təmin olunması yükünü əsasən Azərbaycan daşıyır. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, o zaman Ermənistan rəsmiləri açıq şəkildə Azərbaycan əleyhinə yönəlmiş xarici təşəbbüslərə qarşı çıxmalıdırlar. Yəni Ermənistan yalnız sözlə deyil, praktiki addımlarla da sülhə sadiqliyini nümayiş etdirməlidir. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. Lakin Ermənistan öz ərazi bütövlüyünə hörmət tələb etdiyi halda, Azərbaycanın ərazi bütövlüyünü sual altına alan fəaliyyətlərin qarşısını almır. Bəzi Avropa institutları, xüsusilə Avropa Parlamenti və Fransa kimi ölkələrin siyasətçiləri neytral mövqe sərgiləmir, birtərəfli şəkildə Ermənistanı dəstəkləyirlər. Onların səsləndirdiyi bəyanatlar və qəbul etdikləri qətnamələr regionda balansı pozur, sülhə və sabitliyə zərər vurur".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq regiondakı köhnə status-kvonu dəyişib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünü və suverenliyini təmin etmək olub. Rəsmi Bakı hesab edir ki, Ermənistan sərhədində yerləşdirilən Avropa İttifaqı missiyası və xüsusilə Fransanın bölgədə artan fəallığı yeni geosiyasi rəqabəti gücləndirir. Azərbaycan revanşist qüvvələrin mümkün təxribatlarına qarşı təhlükəsizliyini qorumaq üçün zəruri addımlar atmaq hüququnu özündə saxlayır.

Deputat qeyd edib ki, xüsusilə Fransa Senatında “Dağlıq Qarabağ” terminindən istifadə olunması, həmçinin mədəni-dini irslə bağlı səsləndirilən fikirlər təxribat xarakteri daşıyır və qəbuledilməz hesab olunur.

"Çünki bu ərazilər Azərbaycanın suveren ərazisidir və Qarabağ məsələsi artıq başa çatıb, ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa edib. Belə terminologiyanın işlədilməsi keçmiş separatizmi legitimləşdirmək cəhdi kimi qiymətləndirilir. Əlbəttə ki, biz önləyici tədbirlərlə yanaşı, mövqeyimizi və etirazımızı diplomatik müstəvidə də ifadə edirik. Milli Məclis artıq Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırıb. Eyni zamanda, Avronest PA və Avropa Şurası Parlament Assambleyası ilə də əməkdaşlıq dayandırılıb. 8 avqust Vaşinqton razılaşmalarından sonra Azərbaycan və Ermənistan arasında sülhün paraflanması, normallaşma istiqamətində müəyyən irəliləyişlərin əldə olunduğu bir dövrdə, Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi intensivləşib. Ermənistan seçkilərə gedir, ona qarşı xarici təzyiqlər artır və bu məqsədlə ölkənin siyasi nüfuzunu yüksəltmək üçün real addımlar atılır, diplomatik münasibətlər qurulur. Lakin Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycan-Ermənistan normallaşma prosesi ilə paralel şəkildə aparılmalıdır. Normallaşmanı istəməyən, sülhə kölgə salmağa və münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə ən böyük cavab isə Türkiyə-Azərbaycan dostluğu və qardaşlığıdır. Yeni geosiyasi mərhələdə sülhün əsas komponentlərindən biri olan Zəngəzur dəhlizi layihəsi böyük strateji əhəmiyyət daşıyır və həm Türkiyə, həm də Azərbaycan tərəfindən dəstəklənir. Bu dəhliz həyata keçirilərsə, Şərqdən Qərbə uzanan yeni Orta Dəhliz formalaşacaq və bu marşrutdan bir çox ölkə faydalana biləcək. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, Türkiyədən Mərkəzi Asiyaya birbaşa quru əlaqəsi yaradacaq, Türk dünyasının inteqrasiyasını gücləndirəcək, qlobal ticarət və enerji marşrutlarına mühüm təsir göstərəcək. Qars-Dilucu istiqamətində dəmiryolunun inşası ilə bağlı işlər aparılır. Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, eyni zamanda böyük geosiyasi, iqtisadi və enerji layihəsidir və regionun gələcəyini dəyişdirə biləcək strateji əhəmiyyətə malikdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az