- Müşahidə məntəqəsi
- 22:14
- 970
“Ağıllı telefonlar və sosial şəbəkələr tərbiyə prosesində boşluqlar yaradır” – Naib Niftəliyev
"Ümumiyyətlə, son illərdə həm ailə tərbiyəsində, həm də məktəbin tərbiyə funksiyasında müəyyən qeyri-müəyyənlik və böhran müşahidə olunur. Bu, nə ailənin zəifləməsi, nə də məktəbdə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı məsələdir. Əsas səbəb qloballaşma şəraitində cəmiyyətdə fərqli hədəflərin, müxtəlif meyillərin, eləcə də uşaq hüquqları, ailə münasibətləri və gender bərabərliyi ilə bağlı ziddiyyətli və mürəkkəb yanaşmaların ortaya çıxmasıdır. Müasir dövrdə fərdiyyətçilik meyilləri kollektiv və ailə maraqlarını arxa plana keçirir. Bu baxımdan həm ailə, həm də məktəb mühitində tərbiyə prosesinin forması və şərtləri müəyyən qədər dəyişib. Bununla belə, ailənin ilkin sosiallaşdırıcı funksiyası hələ də qorunub saxlanılır. Ata və ananın mövcud olduğu ailələrdə uşağın tərbiyəsi daha sistemli və dolğun şəkildə qurulur. Belə mühitdə uşaqlar həm kişi, həm də qadın obrazını düzgün qavrayır, gender identifikasiyası daha sağlam formalaşır".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, uşaqların tərbiyəsi cəmiyyətin gələcəyini formalaşdıran ən vacib amillərdən sayılır. Bu prosesdə ailə və məktəb uşağın şəxsiyyət kimi yetişməsində əsas rol oynayan iki mühüm mühitdir. Ancaq müasir dövrdə bu iki institutun təsir imkanları və qarşılıqlı münasibətləri ətrafında müzakirələr daha da intensivləşib. Bəzən tərbiyədə əsas məsuliyyətin ailənin üzərinə düşdüyü vurğulanır, bəzi yanaşmalarda isə məktəbin daha böyük təsir gücünə malik olduğu qeyd edilir. Halbuki əsas məsələ hansı tərəfin üstün olması deyil, ailə və məktəb arasında sağlam əməkdaşlıq və düzgün tarazlığın qurulmasıdır.
Sosioloq qeyd edib ki, psixoloji baxımdan insanın daxil olduğu sosial mühit onun davranışının formalaşmasına ciddi təsir göstərir.
"Məsələn, yalnız qadın mühitində böyüyən oğlan uşaqları bəzi davranış xüsusiyyətlərini həmin mühitdən mənimsəyə bilir. Eyni vəziyyət oğlan xarakterli qızlarda da müşahidə olunur. Bəzən bu xüsusiyyətlər müsbət qarşılanır — oğlanlarda təmizkarlıq, qızlarda isə iradəlilik təqdir edilir. Lakin zaman keçdikcə bu hallar şəxsiyyətin identifikasiyası və özünüifadəsi baxımından müəyyən problemlər yarada bilir. Çünki oğlandan və qızdan gözlənilən davranış modelləri ilə real davranış arasında ziddiyyət yarandıqda, bu həm ailədaxili, həm də ictimai qınağa səbəb ola bilir. Bu baxımdan uşağın məktəbdə aldığı tərbiyə də xüsusi əhəmiyyət daşıyır. Valideyn nəzarəti və təsiri burada vacib amillərdən biridir. Əslində, balans məsələsi bütün dövrlərdə mövcud olub. Sadəcə, bu gün texnologiyanın sürətli inkişafı, fərdi maraqların ön plana çıxması ailə və kollektiv dəyərlərin müəyyən qədər zəifləməsinə səbəb olur. Valideynlər bunu anlayaraq tərbiyə funksiyasını qorumağa çalışsalar da, texnologiyanın yaratdığı mənfi təsirlər də göz önündədir. Uşaqların çox vaxtını telefon, kompüter və digər texnoloji vasitələr qarşısında keçirməsi onların tərbiyəsində müəyyən boşluqlar yaradır. Ağıllı telefonlar, sosial şəbəkələr və müxtəlif rəqəmsal platformalar uşaqları həm diqqətdən yayındıra, həm də onların vaxtını səmərəsiz istiqamətlərə yönəldə bilir. Şəxsiyyətin formalaşmasında ailənin də, məktəbin də özünəməxsus rolu var. İlkin sosiallaşma ailədə baş verir, sosial mühitə uyğunlaşma və ictimai davranışların formalaşması isə əsasən məktəbdə həyata keçirilir. Müəllimlər və pedaqoqlar uşaqları daha yaxından müşahidə edə, onların davranışlarını istiqamətləndirə bilirlər. Bu isə birbaşa müəllimin peşəkarlığı və pedaqoji bacarığı ilə bağlıdır. Müasir dövrdə uşaqların təhsil və dünyagörüşünün formalaşmasında müəllimlərin rolu daha da artır. Valideynlər də bu prosesin fəal iştirakçısıdır, lakin peşəkar yanaşma baxımından müəllimlərin təsiri daha ön plana çıxır. Buna görə də ailə və məktəb münasibətləri qarşılıqlı əməkdaşlıq üzərində qurulmalıdır. Bu gün təhsil artıq yalnız ailə və məktəblə məhdudlaşmır. Texnologiya da ayrıca bir “təhsil məkanı”na çevrilib. Uşaqlar bəzən valideynlərdən, müəllimlərdən və sosial çevrədən uzaqlaşaraq informasiyanı birbaşa rəqəmsal mühitdən əldə edirlər. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Məktəbin tərbiyə funksiyasının zəifləməsi ilə bağlı müəyyən meyillər də müşahidə olunur. Müəllimlərin nüfuzdan salınması, onların davamlı psixoloji təzyiqə məruz qalması mənfi tendensiyadır. Çünki müəllimin təsir imkanlarının zəiflədiyi mühitdə şagirdin davranışına nəzarət də çətinləşir. Eyni zamanda valideyn və müəllim münasibətlərində qarşıdurmanın artması da tərbiyə prosesinə mənfi təsir göstərir. Tənqid və qınaq müəyyən çərçivədə faydalı ola bilər, lakin bu münasibət davamlı qarşıdurmaya çevriləndə ciddi problemlər yaradır. Əslində, mövcud problemlərin əsas səbəblərindən biri də cəmiyyətin tənzimləmə və qanunvericilik mexanizmlərindəki boşluqlardır. Bu məsələləri yalnız müəllimin və ya valideynin üzərinə yükləmək düzgün deyil. Bəzən cəmiyyətin yazılı və yazılmamış qaydaları insanları etik normalardan uzaq davranışlara sövq edir. Bu isə ümumilikdə uşaqların tərbiyəsinə mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur".
Rəfiqə Namazəliyeva,
AzNews.az