- Müşahidə məntəqəsi
- 18:54
- 932
“Gərginliyin azalması investorların dollara olan tələbatını zəiflədir” – Akif Nəsirli
"İranla bağlı gərginliyin azalacağı və Hörmüz boğazının yenidən tam fəaliyyətə başlayacağı gözləntiləri qlobal maliyyə bazarlarında risklərin yumşalmasına səbəb olur. Bu halda investorların təhlükəsiz liman kimi ABŞ dollarına olan tələbatı zəifləyə bilər. Nəticədə dolların müəyyən qədər ucuzlaşması və əvvəlki sabit səviyyələrə qayıtması ehtimalı artır. Eyni zamanda, neft daşımalarının bərpası enerji bazarında qiymət təzyiqlərini azalda bilər. Neftin ucuzlaşması isə inflyasiya risklərini zəiflədərək ABŞ Federal Ehtiyat Sisteminin sərt pul siyasətinə ehtiyacını azalda bilər. Bu da dolların qlobal bazarlardakı mövqeyinə təsir edən əsas amillərdən sayılır. Hesab edirik ki, əgər bölgədə uzunmüddətli sabitlik yaranarsa, investorlar yenidən inkişaf etməkdə olan bazarlara və riskli aktivlərə yönələ bilərlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, İranla münaqişənin sona çatacağı ilə bağlı gözləntilər ABŞ dollarının məzənnəsinin müharibədən əvvəlki səviyyələrə enməsinə təsir göstərib. Hazırda qlobal bazarlarda əsas müzakirə mövzularından biri də qarşıdurmanın başa çatması və Hörmüz boğazının yenidən açılması halında dolların gələcək dinamikasının necə olacağıdır.
A. Nəsirli qeyd edib ki, bu halda dollar indeksində zəifləmə müşahidə oluna bilər.
"Lakin proses tam şəkildə siyasi və hərbi risklərin aradan qalxmasından asılı olacaq. Bununla yanaşı, dolların taleyi yalnız Yaxın Şərqdəki proseslərlə deyil, ABŞ iqtisadiyyatının vəziyyəti, faiz qərarları və qlobal ticarət dinamikası ilə də müəyyən olunur. Buna görə də yaxın dövrdə dolların kəskin ucuzlaşmasından daha çox, mərhələli və məhdud dəyişikliklərin baş verəcəyi ehtimal edilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az