​“Ermənistan bir asılılıq modelini digəri ilə əvəz etməməlidir” – Hikmət Babaoğlu

"Hazırkı tarixi mərhələdə Cənubi Qafqaz heç vaxt olmadığı qədər müstəqil regiona çevrilib. Bunun əsas səbəbi isə Azərbaycanın yaratdığı yeni siyasi reallıqdır. Şübhəsiz ki, regionun inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyası məhz müstəqil siyasət yürütmək və xarici təsirlərdən asılı olmamaqla mümkündür. Lakin müxtəlif imperiya mərkəzləri bu regionun tam müstəqil olmasını istəmir və strateji əhəmiyyətinə görə Cənubi Qafqazı nəzarətdə saxlamağa çalışırlar. Xüsusilə də Rusiya mövcud şəraitdə Ermənistanın özünün ənənəvi forpostu statusundan çıxmasını qəbul etmək istəmir. Bununla belə, hazırkı siyasi reallıqlar və regiondakı güc balansı əvvəlki dövrlərdən fərqlənir. Əgər Baş nazir Nikol Paşinyan daha çevik və balanslı siyasət həyata keçirə bilsə, Ermənistan üçün Rusiyanın hegemon təsirindən qismən uzaqlaşmaq imkanları yarana bilər. Çünki Rusiya artıq əvvəlki qədər güclü deyil və yeni beynəlxalq şərtlər daxilində regionda əlavə qeyri-sabitlik yaratmaq Moskva üçün də risklidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirlərdən sonra Kremldə jurnalistlərin suallarını cavablandırarkən həm Ukraynadakı müharibə, həm də Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı açıqlamalar verib. Putin çıxışında postsovet məkanında gedən siyasi proseslərə də toxunub və bəzi mesajların dolayısı ilə Ermənistan hakimiyyətinə ünvanlandığı diqqət çəkib. Kremlin son ritorikası xüsusilə Baş nazir Nikol Paşinyanın Qərblə münasibətləri genişləndirməyə çalışdığı bir dövrdə daha çox müzakirə olunur. Siyasi müşahidəçilərin fikrincə, Moskvanın son açıqlamaları Cənubi Qafqazda geosiyasi rəqabətin daha da kəskinləşdiyini göstərir.

Deputat bildirib ki, mövcud beynəlxalq və regional şərait Kremlin Ermənistana əvvəlki kimi açıq və sərt təzyiq göstərmək imkanlarını müəyyən qədər məhdudlaşdırıb.

"Ancaq buna baxmayaraq, Moskva Ermənistanı tam şəkildə itirmək də istəmir. Bu baxımdan Ermənistan strateji cəhətdən daha tarazlı siyasət yürütməlidir. Lakin burada əsas məsələ bir asılılıq modelinin digərilə əvəz olunmamasıdır. Yəni Ermənistanın Rusiyanın təsir dairəsindən çıxaraq Avropa İttifaqı və ya Fransanın yeni forpostuna çevrilməsi mahiyyət etibarilə ciddi dəyişiklik sayılmır. Sadəcə asılı olduğu güc mərkəzi dəyişmiş olur. Məhz buna görə də Ermənistan həm Rusiya, həm də Qərblə münasibətlərdə balansı qorumağa çalışmalıdır. Bu kontekstdə İrəvan Moskvanı əlavə şəkildə qıcıqlandırmamaq üçün Avropa İttifaqının müşahidə missiyası məsələsinə yenidən baxmalıdır. Eyni zamanda Ermənistan hazırkı mərhələdə həm Rusiya, həm də Qərblə münasibətlərdə bərabər məsafə saxlamağa çalışmalıdır ki, tərəflərdən heç biri özünü qalib və ya məğlub hesab etməsin. Bu yanaşma gələcəkdə daha müstəqil və sabit Cənubi Qafqazın formalaşması üçün yeni strateji zəmin yarada bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az