Taleh Şahsuvarlı: Özümün və həmkarlarımın potensialına güvənirəm! - VİDEO

AzNews.az analitik-informasiya portalının baş redaktoru, İTV-nin baş direktoru postuna namizəd Taleh Şahsuvarlı bu gün öz platforması barədə ictimaiyyətə məlumat verib. Onun çıxışını təqdim edirik:

Xoş gördük.

Bu günlərdə xeyli düşünərək bir qərar verdim. İctimai Televiziyanın baş direktoru vəzifəsinə namizədliyimi irəli sürdüm.

İctimai yayımlar sıradan media qurumları deyil. Onlar dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyinin əsas dayaqlarından biridir. Mən dövlətin informasiya təhlükəsizliyi ilə bağlı öz məsuliyyətimi hər zaman hiss etmişəm. Azərbaycanın güclənən geosiyasi mövqeyi qarşısında bu məsuliyyət hər birimiz üçün daha da aktuallaşır.

Dünyada da, ölkəmizdə də informasiya mühiti sürətlə dəyişir. Rəqəmsal alətlərin, platformaların təsiri çoxalır. Bu da ictimai yayım üçün yeni dinamika, yeni reallıq yaradır. Bu reallığı nəzərə almamaq mümkün deyil. Zənnimcə, mövcud resurslar əsasında İTV daha güclü, daha çevik, daha təsirli bir quruma çevrilə bilər. Bu da yalnız meritokratik yanaşma ilə mümkündür. Mən idarəetmədə koordinasiyanın, sistemli yanaşmanın vacibliyinə inanıram. Bu vəhdətin formalaşacağına əminəm. Ona görə əminəm ki, son illərdə ölkəmizdə bütün sahələrdə geniş islahatlar aparılır. Bu islahatlara hər zaman tərəddüdsüz dəstək vermişəm. Eyni zamanda, QHT sektorunda, media cameəsində fəaliyyət göstərən layiqli kadrların potensialından islahatlar çərçivəsində düzgün istifadə olunmasına həmişə tərəfdar olmuşan. Media sahəsində mühüm islahatlar gedir. Dövlətin bu sahəyə göstərdiyi diqqət hər kəs tərəfindən etiraf olunur. Yeni yanaşmalar milli mediamızı keyfiyyətcə yeni mərhələyə gətirib. Bu mərhələ İT üçün də yeni imkanlar, yeni perspektivlər açır.

İctimai yayım cəmiyyətin müxtəlif kəsimləri arasında əsas kommunikasiya körpüsüdür. Bu körpünün müasir standartlara uyğun olması qanunların tələbidir. Həmin tələblər əsasında proqramların təkmilləşməsi yeni layihələrin həyata keçirilməsi əsas şərtlərdən biridir. Kadrların seçim müsahibələrində, adətən məşhur bir sual verilir. Biz səni niyə seçməliyik? Yəqin ki, Yayım Şurasının üzvləri bu sualı mənə də mütləq ünvanlayacaqlar. Suala buradan qısaca cavab verim.

Mənim bu işə konseptual baxışımın üç bucağı var.

Birincisi, İctimai yayımın məzmunu keyfiyyətcə güclənməlidir.

İkincisi, İctimai teleradio ictimai proseslərin aynası olan bir qaynaq kimi cəmiyyətin nəzərində mötəbər olmalıdır.

Üçüncüsü, İctimai TV-nin yeni dövrdəki yayım planları əsl azərbaycanlı missiyası, ƏSL AZƏRBAYCANLININ missiyası çərçivəsində olmalıdır.

Heç şübhəniz olmasın ki, İctimai kanal bu istiqamətlər üzrə daha çevik və nəticə yönümlü fəaliyyət göstərə bilər. Onu da bildirmək istəyirəm ki, İctimai televiziya və radio yayımı haqqında qanuna əsasən, baş direktor qətiyyən külli-ixtiyar sahibi deyil. Ona görə də bütün fəalliyyətimi məsləhətləşmələr əsasında, komanda planlaşdırmasına uyğun quracam. Yayım Şurası "arabanın 5-ci təkəri" olmayacaq. Qanunda göstərilən bütün səlahiyyətlərini uğurla icra edən rəhbər orqana çevriləcək.

Bu məqamda məxsusi qeyd edim ki, mənim məqsədim İTV-nin hazırkı menecerlərini tənqid etmək deyil. Məqsədim yayım quruluşunun daha səmərəli işləməsinə töhfə verməkdir. Rəhbəri kim olursa-olsun, İctimai kanal hamımızındır. Mən Azərbaycan jurnalistikasının potensialına inanıram. Efirdə elmin, maarifin və analitikanın daha geniş yer tutması strateji zərurətdir. Bu həm də yayım quruluşunun milli və beynəlxalq səviyyədə güclənməsinin əsas şərtidir. Yeni texnologiyalar, xüsusilə Süni intellekt, bu sahədə böyük imkanlar yaradır. Bu imkanlardan düzgün istifadə etməklə ictimai yayımın rəqabət qabiliyyəti çox böyük ölçüdə arta bilər.

Bu yöndə İTV-də çalışan peşəkar həmkarlarıma böyük ümid bağlayıram. Onların təcrübəsi və potensialı yüksək nəticələr qazanmağa imkan verir. Bu işin çətinliyini, bu yükün ağırlığını anlayıram. Onu da anlayıram ki, qarşıda duran hədəflərə gedən uğur yolunun milli maraqlara sədaqətdir. Əminəm ki, İctimai Televiziya yeni mərhələdə öz funksiyalarını qat-qat yüksək səviyyədə yerinə yetirəcək.

Təşəkkür edirəm.