- Müşahidə məntəqəsi
- 23 İyun 23:19
- 986
“Qarabağ Universitetinə maraq gözləntiləri doğruldub” – Məzahir Məmmədli
"Ali təhsil müəssisələri ilə bağlı uzun illərdir müxtəlif müzakirələr aparılır. Təkliflərdən biri də universitetlərin şəhər mərkəzindən kənara, regionlara köçürülməsidir. Bu məsələ həm sosial şəbəkələrdə, həm mediada, həm də cəmiyyətdə dəfələrlə geniş şəkildə müzakirə olunub. Lakin hesab edirəm ki, ali təhsil müəssisələrinin paytaxtdan köçürülməsi optimal çıxış yolu deyil. Çünki bu proses çox böyük maliyyə vəsaiti tələb edir. Daha məqsədəuyğun variant Elm və Təhsil Nazirinin də vurğuladığı kimi, mövcud regional universitetlərin imkanlarının genişləndirilməsi, yeni ali təhsil müəssisələrinin və filialların yaradılmasıdır. Məsələn, Gəncədə artıq üç universitet fəaliyyət göstərir. Azərbaycan Dövlət Aqrar Universitetinin geniş kampusu, yataqxanaları və müasir infrastrukturu var. Eyni zamanda, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetində də imkanlar genişləndirilsə, bu, Gəncə-Qazax iqtisadi rayonu üçün yeni təhsil imkanları yarada bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrinin əsasən paytaxtda cəmlənməsi uzun müddətdir ki, ictimai müzakirələrin mövzusudur. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət həm Bakı şəhərində əhali və nəqliyyat sıxlığının artmasına, həm də regionların təhsil potensialının tam istifadə olunmamasına səbəb olur. Məsələ son günlər yenidən aktuallaşıb. Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, universitetlərin kütləvi şəkildə Bakıdan regionlara köçürülməsi əvəzinə, paytaxtdakı ali təhsil müəssisələrində tələbə sayının mərhələli şəkildə azaldılması daha məqsədəuyğun yanaşma hesab olunur. Nazir həmçinin qeyd edib ki, gələcəkdə region universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması imkanları da nəzərdən keçirilir.
Ekspert qeyd edib ki, Qarabağ Universiteti də uğurlu nümunələrdən biridir.
"Artıq ötən ilin təcrübəsi göstərdi ki, bu ali təhsil müəssisəsinə maraq kifayət qədər böyükdür. Universitetin maddi-texniki bazası formalaşdırılıb, xüsusilə tibb və hüquq ixtisasları üzrə geniş imkanlar yaradılıb. Bu il də həmin universitetdə ciddi rəqabətin olacağı gözlənilir. Tələbələrin rahat təhsil alması və yaşaması üçün yataqxanalar, müasir laboratoriyalar və digər zəruri şərait yaradılıb. Eyni zamanda, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində son illər mühüm inkişaf müşahidə olunur. Bu ali məktəblərdə yeni laboratoriyalar yaradılıb, yataqxana infrastrukturu genişləndirilib və yeni tədris korpusları inşa edilib. Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeddi rayonda filialı fəaliyyət göstərir. Gələcəkdə bu filialların bəzilərinin müstəqil universitetə çevrilməsi imkanları da nəzərdən keçirilə bilər. Bu, həm paytaxtdakı sıxlığın azalmasına, həm də regionlarda yaşayan gənclərin əlavə yol və yaşayış xərclərindən qurtulmasına kömək edər. Dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunsa, özəl sektorun da regionlarda universitet yaratmağa marağı arta bilər. Məsələn, torpaq ayrılması, güzəştli kredit və ya digər dəstək mexanizmləri vasitəsilə regionlarda yeni ali təhsil müəssisələrinin açılması təşviq edilə bilər. Belə şərait yaradılarsa, həm Bakı şəhərində tələbə sıxlığı azalar, həm də regionların sosial-iqtisadi inkişafına əlavə töhfə verilər. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin regionlarda ali təhsil imkanlarının genişləndirilməsi ilə bağlı yanaşmasının daha faydalı və səmərəli nəticələr verəcəyini düşünürəm".
Rəfiqə Namazəliyeva,
AzNews.az