“Paşinyan regionun yeni reallıqlarını qəbul edir” – Azər Həsrət

"Robert Köçəryan və Samvel Karapetyan tandeminin Nikol Paşinyan hakimiyyəti üçün ciddi təhlükə yaratdığı qənaəti geniş yayılmır. Paşinyan son seçkilərdə seçicilərin təxminən yarısının dəstəyini qazanıb ki, bu da kifayət qədər ciddi siyasi üstünlük hesab olunur. Müxalif qüvvələr isə həm daha az səs toplayıb, həm də parçalanmış vəziyyətdə çıxış ediblər. Bu amil Paşinyanın siyasi mövqelərini daha da gücləndirir. Ermənistan cəmiyyətində sülhün alternativinin olmadığı barədə düşüncənin getdikcə gücləndiyi qeyd olunur. Paşinyan regionda formalaşmış yeni reallıqları qəbul edir və sülhdən başqa çıxış yolu görmür".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Ermənistanda seçkilərdən sonra siyasi gərginlik səngimək bilmir. Yenidən baş nazir seçilən Nikol Paşinyan müxalifətin təsir imkanlarının zəifləyəcəyini gözləsə də, ölkədə siyasi qarşıdurma yeni mərhələyə keçib. Parlament seçkilərində biznesmen Qaqik Sarukyana bağlı olan “Çiçəklənən Ermənistan” Partiyasının qanunverici orqana düşə bilməməsi müxalif düşərgədə narazılığı daha da artırıb. Bu fonda sabiq prezident Robert Köçəryan və rusiyalı erməni iş adamı Samvel Karapetyan hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər. Müxalif qüvvələr seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət ediblər. Samvel Karapetyan isə Paşinyan hakimiyyətinə qarşı geniş müxalif koalisiyanın formalaşdırılması istiqamətində fəaliyyət göstərəcəklərini bəyan edib. Onun təşəbbüsünə “Daşnaksütyun” və “Milli Birlik” partiyalarının da dəstək verdiyi bildirilir. Müxalifət nümayəndələri seçkilərin nəticələrinə etiraz əlaməti olaraq kütləvi aksiya və mitinqlərin keçirilməsini də gündəmə gətiriblər.

Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən Paşinyanın rəqiblərinin onun hakimiyyəti üçün ciddi təhlükəyə çevrilməsi inandırıcı görünmür.

"Seçkilər ərəfəsində və hətta seçkilər elan edilməmişdən əvvəl Paşinyanın mövqelərini zəiflətməyə yönəlmiş müxtəlif cəhdlər müşahidə olunurdu. Bu proseslərdə Ermənistan Apostol Kilsəsinin də müəyyən rol oynadığı iddia edilirdi. Hazırda Köçəryan-Karapetyan tandemi də Paşinyana qarşı yönəlmiş siyasi təzyiq cəhdlərinin davamı kimi qiymətləndirilir. Paşinyanın əvvəlki dövrdə olduğu kimi, bu dəfə də rəqiblərinin təsir imkanlarını məhdudlaşdırmağa nail ola biləcəyi ehtimal edilir. Nəticə etibarilə, yaxın perspektivdə Paşinyanın hakimiyyəti üçün ciddi təhlükə görünmür və onun Ermənistanın siyasi rəhbərliyində qalacağı ehtimalı yüksək qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az