İslamabad Memorandumu: ABŞ İranı “yenidən quracaq” - TƏHLİL

ABŞ və İran arasında 14 maddəlik İslamabad Memorondumu imzalanıb. Bu savaş başlamazdan günlər və aylar öncə də yox, illər öncə nə dediksə, hamısı reallaşdı. Bu tip müqavilələrdə adətən heç bir cümlə təsadüfü olmur. Ona görə də digər maddələrin əhəmiyyətini azaltmadan deyim ki, əks olunan bir çox müddəalar diplomatik baxımdan sırf texniki məsələlərdir: status-kvo, yekun sazişin imzalanması, icra mexanizminin yaradılması və s.
Hürmüz boğazı ilə bağlı məsələlər də heç bir tərəf üçün müharibənin əsas səbəbi və nəticəsi deyil.
Ümumiyyətlə, sənəddə üç xüsusilə prinsipial punkt var.
Birincisi budur ki, İranın nüvə dövlətinə çevrilmək sevdası gorbagor oldu. Hərbi arsenalı və elitası da kifayət qədər zərər görüb. Uzun sözün qısası, İran gətirildi qısır vəziyyətə.
İkincisi, İran daha regional güc deyil. Livan məsələsində üzərinə götürdüyü öhdəliklərlə dedilər ki, qılçını qatla, qoy altına...

Üçüncüsü və ən mühümü 6-cı bənddir. Bu bənddə bir ifadəni böyük hərflə yazacam ki, diqqətinizi çəksin:

"Amerika Birləşmiş Ştatları regional tərəfdaşlarla birlikdə İran İslam Respublikasının YENİDƏN QURULMASI və iqtisadi inkişafı üçün ən azı 300 milyard ABŞ dolları həcmində yekun və qarşılıqlı razılaşdırılmış plan hazırlamağı öhdəsinə götürür. Bu planın həyata keçirilməsi mexanizmi yekun sazişin tərkib hissəsi kimi 60 gün ərzində müəyyən ediləcəkdir. Müvafiq maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün tələb olunan bütün lisenziyalar, istisnalar (waiver) və icazələr Amerika Birləşmiş Ştatları tərəfindən veriləcəkdir.”
Buradakı mühüm məqam odur ki, mətn ABŞ-ın 300 milyard dolları özü ödəyəcəyini deyil, regional tərəfdaşlarla birlikdə belə bir maliyyələşdirmə planının hazırlanmasını öhdəsinə götürdüyünü bildirir. Həmçinin ABŞ həmin vəsaitlərin hərəkəti üçün sanksiya istisnaları və digər hüquqi icazələri təmin etməyi vəd edir. Bu, hüquqi baxımdan birbaşa maliyyə öhdəliyindən daha çox, maliyyələşdirmə mexanizminin yaradılması öhdəliyidir.
Burada daha bir diqqət çəkən məqam Amerika Birləşmiş Ştatlarının "regional tərəfdaşlarla birlikdə" hərəkət edəcəyidir. Diplomatik dildən sadə dilə çevirəndə bu o deməkdir ki, ABŞ təkcə İranın yox, İranın artıq nüfuz edə bilməyəcəyi regiondakı digər ölkələri də ən azı İranla bağlı məsələlərdə kontrola götürdü.
Amma sənədin ən açar sözü "reconstruction", yəni, "yenidən inşa" kəliməsidir. Qorboçovun "perestroyka"sı da eyni məna verirdi hərfən. Qorboçov sosialist iqtisadiyyatını yenidən qururdu, İrandakı teokratlar ABŞ-nin hazırladığı plan və nəzarət edəcəyi büdcə ilə "İranı yenidən quracaq". Totalitar bir ölkədə yenidənqurmanın nə ilə nəticələndiyini SSRİ-nin təcrübəsindən bilirik.
İran müharibəsi başlayandan müxtəlif məqalələrimdə, çıxışlarımda və debatlarda hər zaman vurğuladım ki, Tehran mollalarının təbliğatının təsirinə düşməyin. ABŞ İranı nəzarətə götürəcək və strateji maraqlarını təmin etmək üçün proses yaradaraq bölgəyə yerləşəcək. Nəticə belə də oldu. Cənub qonşumuz artıq ABŞ-dir. İndi mollaların hünəri varsa, Tehranda mitinq keçirib ABŞ-a ölüm arzulasınlar, dünyanın surer gücünü yer üzündən silməklə hədələsinlər.
Bu arada məncə soydaşımız- İran prezidenti Məsud Pezeşkian da Zəngəzur dəhlizinin açılması mərasimində iştirak etməyə haqq qazandı.
Mütləq dəvət göndərməyimiz lazım.

Taleh Şahsuvarlı