Almaniya Ukraynaya əlavə 400 milyon dollar ayıracaq

Almaniya Ukraynanın silah və sursat ehtiyaclarının qarşılanması məqsədilə PURLJumpStart proqramları çərçivəsində Kiyevə ümumilikdə daha 400 milyon dollar ayırmağı planlaşdırır.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində açıqlama verib.

Pistorius bildirib ki, Berlin artıq dördüncü dəfə PURL (Prioritized Ukraine Requirements List – Ukraynanın Prioritet Tələblər Siyahısı) mexanizmində iştirak edəcək.

“PURL vasitəsilə biz ABŞ istehsalı olan silah sistemlərinin alınmasını maliyyələşdiririk və Ukraynanın təcili ehtiyac duyduğu, lakin Avropada istehsal olunmayan sursatların təmin edilməsinə dəstək veririk. Bu dəfə proqram çərçivəsində 200 milyon dollar ayıracağıq”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın müdafiə naziri Mixail Fedorov Almaniyadan JumpStart proqramına dəstək göstərilməsini də xahiş edib.

Pistorius bildirib ki, bu proqram əsasən Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına yönəlib.

Nazirin açıqlamasına əsasən, Almaniyanın ayıracağı əlavə vəsait Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və döyüş sursatı ehtiyatlarının artırılması məqsədini daşıyır.

Mövsüm,

AzNews.az