“Rusiya-Ukrayna müharibəsi ABŞ-nin qlobal strategiyasının tərkib hissəsidir” – Azad Məsiyev

"Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin uzunmüddətli strateji planlarının tərkib hissəsidir. ABŞ-nin qlobal strategiyası dəyişməz xarakter daşıyır. Hakimiyyətdə hansı partiyanın – istər Respublikaçılar, istərsə də Demokratlar Partiyasının olmasından asılı olmayaraq, Vaşinqton bu strategiyanın qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Fərq yalnız taktiki addımlarda özünü göstərə bilər. Rusiya-Ukrayna münaqişəsi təsadüfi yaranmayıb. Bu qarşıdurma ABŞ tərəfindən uzun müddət ərzində planlaşdırılmış geosiyasi ssenarinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. ABŞ Prezidenti Donald Tramp da bu münaqişəyə münasibətdə fərqli taktiki yanaşma nümayiş etdirsə də, ümumi strateji xətt dəyişməz olaraq qalır. Məqsəd ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli mərhələyə keçsin və nəticədə Avropa ilə Rusiya arasında qarşıdurma daha da dərinləşsin. Bu yanaşmaya görə, ABŞ öz qlobal üstünlüyünə təhlükə yaradan amilləri zəiflətməyə çalışır. Bu təhlükələrdən biri Rusiyadır – hərbi gücünə görə, digəri Çindir – iqtisadi potensialına görə, üçüncüsü isə Avropadır – xüsusilə də avronun qlobal maliyyə sistemindəki roluna görə".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yaxın günlərdə keçirilməsi gözlənilən görüş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Görüş zamanı tərəflərin müharibənin dayandırılması və sülh perspektivləri ilə bağlı fikir mübadiləsi aparacağı ehtimal olunur.

Siyasi şərhçi qeyd edib ki, istər Ukrayna ətrafında baş verən hadisələr, istərsə də digər regional münaqişələr ABŞ-nin geosiyasi maraqları kontekstində qiymətləndirilə bilər.

"Münaqişə uzandıqca Avropa ölkələri də faktiki olaraq prosesin iştirakçısına çevrilir və bu, onların iqtisadi imkanlarına mənfi təsir göstərir. Artıq Avropanın bir sıra aparıcı dövlətlərində, o cümlədən Böyük Britaniya, Fransa və Almaniyada Rusiya ilə danışıqların başlanması barədə çağırışlar səslənir. Rusiya isə münaqişənin dayandırılması üçün onun yaranma səbəblərinə düzgün qiymət verilməsini və öz şərtlərinin nəzərə alınmasını tələb edir. Moskvanın mövqeyinə görə, münaqişənin əsas səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsi və Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmamasıdır. Bu baxımdan Rusiya özünü həm hərbi, həm də siyasi baxımdan üstün mövqedə hesab edir. Hazırda Ukrayna ərazisinin müəyyən hissəsi Rusiya nəzarəti altındadır və Kreml danışıqlarda əsas şərtləri irəli sürən tərəf kimi çıxış edir. Rusiya tərəfi hesab edir ki, onun irəli sürdüyü şərtlər qəbul olunmadan münaqişənin dayandırılması real görünmür. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu şərtləri qəbul etmir və danışıqlar prosesində fərqli mövqe nümayiş etdirir. Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşlər müzakirə olunsa da, bunun münaqişənin köklü həllinə gətirib çıxaracağına dair ciddi gözləntilər yoxdur. Eyni zamanda ABŞ və Ukrayna rəhbərliyi arasında müntəzəm təmaslar davam edir. Lakin bu danışıqların müharibənin dayandırılması istiqamətində həlledici nəticə vermədiyi qeyd olunur. Bu yanaşmaya görə, Vaşinqton münaqişənin tezliklə başa çatmasında deyil, onun uzunmüddətli xarakter almasında maraqlıdır. Belə hesab olunur ki, ABŞ üçün əsas güc amili hərbi imkanlardan daha çox dolların dünya maliyyə sistemindəki dominant mövqeyidir. Avronun qlobal valyuta kimi möhkəmlənməsi isə müəyyən mənada dollara rəqib kimi qiymətləndirilir. Bu səbəbdən Avropa iqtisadiyyatının zəifləməsi ABŞ-nin strateji maraqlarına uyğun hesab edilir. Nəticə etibarilə, bu mövqeyə görə, Rusiya-Ukrayna münaqişəsinin dayandırılması yalnız tərəflərin əsas ziddiyyətləri aradan qaldırması və Rusiyanın irəli sürdüyü şərtlərlə bağlı kompromis əldə olunması halında mümkün görünür. Əks təqdirdə, müharibənin davam etməsi ehtimalı yüksək olaraq qalır və Zelenski ilə Tramp arasında aparılan danışıqların da prosesə ciddi təsir göstərəcəyi gözlənilmir".

Rəfiqə Namazəliyeva,

AzNews.az