“Təbiətə ziyan verən davranışlar ciddi problemə çevrilib” – Sadiq Həsənov

"Hazırda yay mövsümünün başlaması ilə əlaqədar olaraq insanların təbiətə axını daha da artır. İstirahət məqsədilə vətəndaşlar dəniz kənarlarına, meşəlik ərazilərə, dağlıq bölgələrə, çay və göl sahillərinə, eləcə də müxtəlif turistik məkanlara üz tuturlar. Bu, tamamilə normal və hər bir vətəndaşın istirahət hüququ ilə bağlı təbii bir prosesdir. Lakin müşahidələr göstərir ki, bəzi hallarda istirahət məkanlarında ekoloji davranış qaydalarına riayət olunmur. Xüsusilə Xəzər dənizi sahilində və digər çimərliklərdə günün sonunda ərazilərin ciddi şəkildə çirkləndirilməsi halları müşahidə olunur. İnsanlar istifadə etdikləri plastik qabları, qida qalıqlarını və digər tullantıları ərazidə qoyaraq oranı tərk edirlər. Bu isə ekoloji mədəniyyətin zəifliyini göstərən ciddi problemdir. Qida qalıqlarının və tullantıların ərazidə qalması nəticəsində günəş şüalarının və təbii amillərin təsiri ilə müxtəlif kimyəvi və bioloji proseslər baş verir".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Xatırladaq ki, yay mövsümünün başlaması ilə insanlar istirahət məqsədilə daha çox meşələrə, dağlıq ərazilərə, çay və göl sahillərinə üz tuturlar. Lakin istirahət mədəniyyətinin formalaşmaması və ekoloji məsuliyyət hissinin zəif olması bəzi hallarda təbiətin çirkləndirilməsi ilə nəticələnir. Piknik məkanlarında məişət tullantılarının qalması, plastik qabların ətrafa atılması, tonqallardan sonra ərazinin təmizlənməməsi və digər bu kimi hallar ekoloji tarazlığa mənfi təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, təbiətin qorunması yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir.

Ekoloq qeyd edib ki, bu, həm pis qoxunun yaranmasına, həm də ətraf mühitin çirklənməsinə səbəb olur.

"Eyni zamanda, bu cür vəziyyət uzun müddətdə xəstəliklərin yayılmasına da şərait yarada bilər. İstirahət zamanı istifadə olunan tullantıların toplanaraq düzgün şəkildə zibil qutularına atılması həm ətraf mühitin qorunmasına, həm də digər vətəndaşlara nümunə göstərilməsinə xidmət edir. Bu, ekoloji mədəniyyətin vacib göstəricisidir. Eyni problem meşəlik ərazilərdə də müşahidə olunur. İnsanların istirahət zamanı tonqal qalaması, odla ehtiyatsız davranması bəzən meşə yanğınlarına səbəb olur. Havanın isti və quraq keçməsi bu riski daha da artırır. Nəticədə böyük meşə sahələri zərər görür, ətraf mühitə ciddi ziyan dəyir və yanğınların söndürülməsi üçün böyük resurslar tələb olunur. Dağlıq və turistik ərazilərdə, çay və göl kənarlarında da oxşar vəziyyətlərə rast gəlinir. Buna görə də vətəndaşların daha məsuliyyətli davranması, tullantılarını toplaması və təbiətə zərər verməməsi vacibdir. Bu, həm ekoloji təhlükəsizliyin, həm də ictimai mədəniyyətin göstəricisidir. Bir çox inkişaf etmiş ölkələrdə bu məsələyə ciddi nəzarət edilir və ictimai qınaq mexanizmi daha güclü işləyir. İnsanlar təbiətə münasibətdə daha məsuliyyətli davranır və ekoloji qaydaların pozulmasına qarşı ictimai həssaslıq yüksəkdir. Ümid edilir ki, ekoloji maarifləndirmənin gücləndirilməsi və vətəndaş məsuliyyətinin artırılması nəticəsində yay mövsümündə baş verən çirklənmə və yanğın halları minimuma enəcəkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az