Türkiyənin erməni icması ilə dialoqu və Cənubi Qafqazda yeni siyasi reallıq

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasından olan erməni əsilli millət vəkili Sevan Sıvacıoğlu və Türkiyə Erməni Apostol Kilsəsinin Patriarxı Sahak Maşalyanla Dolmabahçə ofisində keçirdiyi görüş ilk baxışda daxili siyasi və ictimai xarakterli hadisə təsiri bağışlasa da, əslində regional və beynəlxalq müstəvidə mühüm siyasi məna daşıyan strateji addım kimi dəyərləndirilə bilər. Xüsusilə Ermənistanda keçirilmiş parlament seçkilərindən dərhal sonra baş tutan bu görüş Ankara tərəfindən həm İrəvana, həm beynəlxalq güc mərkəzlərinə, həm də regionun digər aktorlarına ünvanlanmış mühüm mesaj kimi diqqət çəkir. İlk növbədə qeyd edilməlidir ki, son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar region ölkələrini qarşıdurma siyasətindən uzaqlaşaraq əməkdaşlıq və inteqrasiyaya əsaslanan yanaşmaya yönəldir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi yalnız bölgədə qüvvələr balansını dəyişməyib, eyni zamanda uzun illər davam edən münaqişə mərhələsinin faktiki olaraq geridə qaldığını göstərib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AK Partiyadan olan erməni əsilli millət vəkili Sevan Sıvacıoğlu və Türkiyə Erməni Apostol Kilsəsinin Patriarxı Sahak Maşalyanla Dolmabahçə ofisində keçirdiyi görüş diqqət mərkəzinə düşüb. Ermənistanda keçirilən parlament seçkilərindən sonra baş tutan qəbul Ankara tərəfindən həm regional, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm siyasi mesaj kimi qiymətləndirilir. Görüş Cənubi Qafqazda gedən proseslər və normallaşma perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Siyasi şərhçi bildirib ki, belə bir şəraitdə Türkiyə regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəal rol oynayaraq yeni siyasi reallıqların formalaşmasına töhfə verir.

"Məhz bu kontekstdən yanaşdıqda, Dolmabahçədə keçirilən görüşün əsas mesajlarından biri Türkiyənin erməni xalqına deyil, bölgədə düşmənçilik və qarşıdurma mühitini qidalandıran siyasi ideologiyalara qarşı olduğunu nümayiş etdirməkdir. Türkiyədə erməni icmasının dövlət səviyyəsində qəbul olunması, parlamentdə təmsil edilməsi və dini institutlarının fəaliyyət göstərməsi Ankara tərəfindən beynəlxalq ictimaiyyətə verilən mühüm mesaj kimi qiymətləndirilə bilər. Bu yanaşma həm də Türkiyənin inklüziv və çoxtərəfli dövlət modelini ön plana çıxarmaqla Ermənistan cəmiyyətində formalaşmış stereotiplərin aradan qaldırılmasına xidmət edir. Görüşün Ermənistan seçkilərinin nəticələrindən dərhal sonra keçirilməsi də təsadüfi görünmür. Ankara bununla yeni siyasi mərhələdə Ermənistan rəhbərliyinə regional əməkdaşlıq imkanlarının açıq olduğunu nümayiş etdirməyə çalışır. Türkiyə göstərir ki, Cənubi Qafqazın gələcəyi revanşizmə, ərazi iddialarına və xarici təsirlərə deyil, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə söykənməlidir. Ermənistanın iqtisadi inkişaf perspektivləri, nəqliyyat-logistika imkanlarının genişlənməsi və regional layihələrə inteqrasiyası da məhz bu yanaşmadan birbaşa asılıdır. Digər tərəfdən, bu görüş uzun illər ərzində bölgədə qarşıdurma mühiti formalaşdırmağa çalışan xarici güclərə verilən siyasi mesaj kimi də qiymətləndirilə bilər. Tarix boyu müxtəlif geosiyasi mərkəzlər Cənubi Qafqazda etnik və dini ziddiyyətlərdən öz maraqları naminə istifadə etməyə çalışıblar. Lakin hazırkı mərhələdə region ölkələrinin milli maraqları əməkdaşlıq və qarşılıqlı fayda prinsipini ön plana çıxarır. Türkiyənin erməni icmasının nümayəndələri ilə açıq dialoq nümayiş etdirməsi də məhz bu yeni yanaşmanın təzahürüdür. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri fonunda Ankaranın Ermənistanla normallaşma siyasəti Bakının milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Türkiyə dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün təmin olunması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanmasından keçir. Bu baxımdan Dolmabahçə görüşü regional sabitliyə hesablanmış diplomatik xəttin davamı kimi dəyərləndirilə bilər. Nəticə etibarilə, Dolmabahçədən yayılan foto yalnız protokol xarakterli görüşün görüntüsü deyil. Bu görüntü Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın, qarşılıqlı etimad mühitinin və regional inteqrasiya proseslərinin simvolik ifadəsi kimi qəbul oluna bilər. Türkiyə bu addımı ilə regionun gələcəyinin münaqişələrin davam etdirilməsində deyil, sülhün, əməkdaşlığın və iqtisadi qarşılıqlı asılılığın gücləndirilməsində olduğunu bir daha nümayiş etdirir. Ermənistanın seçkilərdən sonrakı mərhələdə hansı siyasi kursu seçəcəyi isə bu proseslərin sürətini və yekun nəticələrini müəyyənləşdirəcək əsas amillərdən biri olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az