- Dünyanın halı
- 00:50
- 1 824
MAQATE: İranın uranı harada saxladığı hələ də sirr olaraq qalır
Vaşinqton və Tehran arasında davam edən danışıqlarda ən çox müzakirə olunan məsələlərdən biri İranın əlindəki zənginləşdirilmiş uran ehtiyatlarıdır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, İranın ixtiyarında 60 faiz zənginləşdirilmiş təxminən 440 kiloqram uran mövcuddur. Ekspertlərin hesablamalarına əsasən, bu həcmdə material nəzəri olaraq təxminən 10 nüvə bombası hazırlamaq üçün kifayət edə bilər.
Məhz bu səbəbdən ABŞ və İsrail İranın potensial nüvə silahı əldə etmə imkanlarını əsas təhlükələrdən biri hesab edir. ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, Vaşinqton İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsinin İsfahan nüvə kompleksinin yaxınlığında, yeraltı obyektlərdə saxlanıldığı ehtimal olunur.
Məlumata görə, həmin materialın silah səviyyəsinə çatdırılması üçün cəmi bir neçə həftə kifayət edə bilər.
Vaşinqtondakı Amerika Yəhudi Milli Təhlükəsizlik İnstitutunun təhlilinə əsasən, uran ehtiyatları İsfahan bölgəsində dağın dərinliklərində yerləşən obyektlərdə saxlanılır və bu obyektlər ABŞ-ın bunker əleyhinə bombalarının təsir radiusundan kənarda ola bilər.
Xatırladaq ki, ötən il 12 gün davam edən qarşıdurma zamanı İsfahan nüvə obyektləri ABŞ aviasiyasının bunker əleyhinə sursatlarla həyata keçirdiyi hücumların hədəflərindən biri olmuşdu.
ABŞ administrasiyasının bu uran ehtiyatlarını ələ keçirmək və ya nəzarət altına almaqla bağlı müxtəlif planlarının olduğu barədə məlumatlar yayılsa da, indiyədək onların heç biri həyata keçirilməyib. Ekspertlər hesab edirlər ki, belə bir əməliyyat ciddi hərbi və siyasi risklər yarada bilər.
Hazırda Tramp administrasiyası İranı əlindəki nüvə materiallarını müəyyən güzəştlər və iqtisadi təşviqlər müqabilində təhvil verməyə razı salmaq üçün diplomatik səylərini davam etdirir.
Bununla yanaşı, peyk görüntüləri İranın nüvə obyektlərinin müdafiəsini gücləndirdiyini göstərir. Məlumatlara görə, ötən il zədələnən İsfahan obyektinin tunel girişləri yenidən torpaqla örtülərək gizlədilib.
Həmçinin Fordo və Natanz yaxınlığındakı yeraltı nüvə obyektlərinin ətrafında yeni təhlükəsizlik divarları, hərbi maneələr və mümkün quru əməliyyatlarını çətinləşdirəcək müdafiə qurğuları inşa olunub.
Mütəxəssislər ehtimal edirlər ki, İran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini İsfahan, Natanz və Fordodan başqa naməlum məkanlarda da saxlayır. Analitiklərin fikrincə, Tehran bu materialları kiçik daşına bilən konteynerlərə bölərək ölkənin müxtəlif bölgələrinə yaymış ola bilər ki, bu da onların aşkar edilməsini və məhv edilməsini daha da çətinləşdirir.
Mövsüm,
AzNews.az