- Siyasi müzakirə
- 19:17
- 1 064
"ABŞ Ukraynaya dəstəyi mərhələli şəkildə azalda bilər" - Kənan Novruzov
"ABŞ müharibənin başa çatmasında maraqlıdır. Vaşinqton üçün əsas prioritet Ukraynanın taleyindən daha çox öz geosiyasi və iqtisadi maraqlarıdır. ABŞ ilk növbədə Rusiya ilə münasibətlərin daha da pisləşməsini istəmir. Digər tərəfdən, müharibədən sonrakı dövrdə Ukraynanın bərpası prosesində iştirak etmək və investisiya imkanlarından yararlanmaq niyyətindədir. Bundan əlavə, Vaşinqton diqqətini Çin və Yaxın Şərq kimi daha prioritet hesab etdiyi istiqamətlərə yönəltməyə çalışır. Hazırda ABŞ müəyyən mənada özünü prosesdən kənarda saxlayır. Çünki Vaşinqton anlayır ki, müharibəni təkbaşına dayandırmaq mümkün deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, ABŞ-nin Ukraynaya münasibətdə atdığı son addımlar Vaşinqtonun bu müharibəyə yanaşması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ rəhbərliyinin diqqətinin Yaxın Şərqdəki hadisələrə yönəlməsi Ukraynaya ayrılan siyasi diqqətin azalmasına təsir göstərə bilər. Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı vəziyyətin daha da gərginləşmə ehtimalının yüksək olduğunu vurğulayaraq, Kiyevə növbəti hərbi yardım paketinin hazırlanması istiqamətində işlərin davam etdiyini açıqlayıb. Eyni zamanda, Vaşinqtonun Ukraynaya 400 milyon dollar həcmində əlavə yardım ayırmağa hazırlaşdığına dair məlumatlar ABŞ-nin münaqişə ilə bağlı gələcək siyasəti ətrafında yeni müzakirələrə yol açıb.
Siyasi şərhçi qeyd edib ki, Vaşinqtonun nəzərində müharibənin başa çatdırılması üçün mümkün ssenarilərdən biri Ukraynaya göstərilən dəstəyin mərhələli şəkildə azaldılması ola bilər.
"Hətta müəyyən hallarda Rusiyanın mövqeyinə uyğun addımların atılması da istisna deyil. Lakin bu yanaşma gözlənilən nəticəni verməyə bilər. Çünki ABŞ geri çəkildikcə, Avropa ölkələrinin Ukraynaya dəstəyi artır və proses getdikcə ABŞ-la Avropa arasında baxış fərqlərinin predmetinə çevrilir. Məhz buna görə Vaşinqton bir tərəfdən diplomatik səylərini intensivləşdirir, digər tərəfdən isə Kiyevə müəyyən maliyyə və hərbi dəstəyin davam etdirilməsinə çalışır. Burada əsas məsələ Rusiya və Ukraynanın siyasi iradəsidir. Əgər tərəflər kompromisə hazır deyillərsə, istənilən vasitəçilik təşəbbüsünün uğur qazanması çətin olacaq. Türkiyə, Azərbaycan və ya digər ölkələrin vasitəçiliyi də yalnız tərəflərin siyasi iradəsi olduğu halda nəticə verə bilər. Vaşinqtonun davranışında Kiyevə ünvanlanan siyasi mesaj da hiss olunur. ABŞ Ukraynaya göstərmək istəyir ki, onun vasitəçilik və dəstək rolunun əhəmiyyəti nəzərə alınmalıdır. Əks halda, Vaşinqton prosesdə əvvəlki qədər fəal iştirak etməyə bilər. Bununla belə, ABŞ-nin mövqeyini yalnız Yaxın Şərqdəki hadisələrlə əlaqələndirmək düzgün olmaz. Vaşinqton həm diplomatik, həm də hərbi baxımdan kifayət qədər imkanlara malikdir və eyni vaxtda müxtəlif istiqamətlərdə fəaliyyət göstərmək potensialını qoruyub saxlayır".
Rəfiqə Namazəliyeva,
AzNews.az