"MİQ-də rəqabətin artması müsbət tendensiyadır" - Günay Əkbərova

"Hesab edirəm ki, MİQ imtahanlarında rəqabətin artması ümumilikdə müsbət tendensiyadır. Çünki müəllimlik peşəsinə marağın yüksəlməsi və daha çox namizədin bu sahəyə üz tutması təhsil sisteminin cəmiyyət üçün əhəmiyyətini göstərir. Rəqabət artdıqca məktəblərə daha hazırlıqlı, öz üzərində çalışan və peşəsinə motivasiyalı müəllimlərin seçilmək imkanı da artır.

Dünya təcrübəsinə baxdıqda da görürük ki, yüksək nəticələr göstərən təhsil sistemlərində müəllim peşəsinə qəbul kifayət qədər seçici və rəqabətli olur. Məsələn, bir sıra inkişaf etmiş ölkələrdə müəllim hazırlığı proqramlarına və məktəblərə qəbul zamanı namizədlərin həm akademik bilikləri, həm də peşə bacarıqları ciddi şəkildə qiymətləndirilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) prosesi təhsil sistemində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Hər il minlərlə namizəd bu imtahanlarda iştirak edir və rəqabətin artması fonunda həm nəticələrin obyektivliyi, həm də bölgələrdə yaranan müəllim çatışmazlığı diqqət mərkəzində qalır. Eyni zamanda, gənc müəllimlərin məktəb sisteminə adaptasiyası və uzunmüddətli şəkildə peşədə qalması da ciddi çağırışlardan biri kimi qiymətləndirilir.

G. Əkbərovanın fikrincə, bunun nəticələri uzunmüddətli perspektivdə tədris prosesinin keyfiyyətində özünü göstərəcək.

"Amma rəqabətin artması təkcə imtahan nəticələri ilə ölçülməməlidir. Yaxşı müəllim olmaq yalnız yüksək bal toplamaq demək deyil. Müəllimin ünsiyyət bacarığı, sinfi idarə etməsi, şagirdlərlə münasibəti, yaradıcı yanaşması və davamlı inkişaf istəyi də ən az bilik qədər vacibdir. Ona görə də gələcəkdə müəllim seçimi prosesində praktik və peşəkar bacarıqların qiymətləndirilməsi istiqamətində addımların atılması daha faydalı ola bilər. Digər vacib məqam isə odur ki, müəllimi məktəbə qəbul etməklə iş bitmir. Bir çox ölkələrdə gənc müəllimlər ilk illərdə mentor dəstəyi alırlar. Çünki əsas məsələ yalnız müəllimi işə qəbul etmək deyil, onu peşədə saxlamaq, inkişaf etdirmək və uğurlu müəllimə çevirməkdir. Ona görə də MİQ-də rəqabətin artmasını müsbət qiymətləndirirəm. Lakin təhsilin keyfiyyətinə real təsir yalnız seçim prosesinin şəffaflığı, müəllimlərin peşəkar inkişaf imkanları və məktəbdə onlara göstərilən dəstək mexanizmləri ilə birlikdə mümkündür. Bu amillər bir-birini tamamladıqda həm müəllimlərin, həm də şagirdlərin uğuru artır".

Rəfiqə Namazəliyeva,

AzNews.az