“MİQ imtahanları hər il vakansiya narazılığı ilə müşayiət olunur” -Ramin Nurəliyev

"Ümumiyyətlə, müəllimlərin işə qəbulu (MİQ) imtahanları hər il müəyyən narazılıqlarla müşayiət olunur. Namizədlərin əsas narazılığı vakant yerlərin sayının az olması ilə bağlıdır. Xüsusilə Bakı və digər böyük şəhərlərdə vakant yerlərin məhdud sayda elan edilməsi hər il müzakirə mövzusuna çevrilir. Bu məsələdə məktəb direktorlarının da mühüm rolu var. Belə ki, məktəblərdə mövcud olan vakant yerlər ehtiyaca uyğun şəkildə təqdim edilməlidir. Təhsil qurumları da həmin məlumatlar əsasında vakansiyaları MİQ müsabiqəsinə çıxarmalıdır. Lakin müşahidələr göstərir ki, xüsusilə Bakı şəhərinin mərkəzi məktəblərində vakant yerlərin sayı gözləniləndən az olur".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə başlanılıb. Hazırda elektron sənəd qəbulu mərhələsi aktiv şəkildə davam edir və minlərlə namizəd bu prosesdə iştirak etmək üçün qeydiyyatdan keçir. MİQ imtahanları hər il olduğu kimi, bu il də təhsil sektorunda ən çox müzakirə olunan mövzulardan biridir. Vakant yerlərin bölgüsü, müəllim çatışmazlığı, regionlar üzrə kadr təminatı, imtahan prosesinin təşkili və nəticələrin qiymətləndirilməsi ictimaiyyətin diqqət mərkəzində qalır. Təhsil sahəsində aparılan islahatlar fonunda builki müsabiqənin hansı yeniliklərlə yadda qalacağı və mövcud problemlərin nə dərəcədə həll ediləcəyi maraqla gözlənilir.

Ekspert qeyd edib ki, bu il vəziyyətin müəyyən qədər dəyişməsi ehtimalı var.

"Çünki sertifikasiya imtahanında tələb olunan nəticəni əldə edə bilməyən və əmək müqaviləsinə xitam verilən müəllimlərin yerinə yeni vakansiyalar açıla bilər. Bu isə MİQ müsabiqəsində vakant yerlərin sayının artmasına səbəb ola bilər. Düşünürəm ki, sertifikasiyadan keçə bilməyən müəllimlərin boş qalan yerləri müsabiqəyə təqdim olunmalıdır. Bu addım atılarsa, namizədlərin narazılıqlarının müəyyən hissəsinin qarşısını almaq mümkün olar. Hazırda həm pedaqoji ixtisaslar üzrə yeni məzun olmuş gənclər, həm də əvvəlki illərdə məzun olub məktəbdə işləmək istəyən çoxsaylı namizədlər var. Buna görə də müsabiqəyə müraciət edənlərin sayının yüksək olacağı gözlənilir. Müraciət edənlərin sayının çox, vakansiyaların isə az olması keçid ballarının yüksəlməsinə və çoxlu sayda namizədin kənarda qalmasına səbəb olur. Bu baxımdan hesab edirəm ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərdəki vakant yerlərlə bağlı məlumatları daha dəqiq şəkildə araşdırmalı və bütün boş yerlərin müsabiqəyə çıxarılmasını təmin etməlidir. Vakansiyaların sayının çox olması həm məktəblərin kadr təminatına, həm də müəllim olmaq istəyən namizədlərin işlə təmin olunmasına müsbət təsir göstərəcək. Çünki hər il müsabiqədə iştirak edənlərin yalnız kiçik bir hissəsi vakant yerlərə qəbul ola bilir. Ümid edirəm ki, bu il sertifikasiya nəticələrindən sonra yaranmış boş yerlər də vakansiya kimi təqdim ediləcək və ümumi vakansiya sayı artacaq. Bununla belə, yekun mənzərə yalnız proses başa çatdıqdan sonra məlum olacaq. Hazırda bu, sadəcə ehtimaldır və dəqiq məlumatlar rəsmi qurumların açıqlamalarından sonra bəlli olacaq. Əsas gözlənti odur ki, müraciət edənlərin çoxluğu nəzərə alınaraq vakansiyalar kifayət qədər geniş şəkildə elan edilsin".

Rəfiqə Namazəliyeva,

AzNews.az