“İranın Pakistan vasitəçiliyinə üstünlük verməsi təsadüfi deyil” - Ədalət Verdiyev

"İranın Pakistan vasitəçiliyinə üstünlük verməsi təsadüfi deyil. Pakistanın ABŞ ilə münasibətləri nisbətən müsbət dinamika nümayiş etdirir. Bu da İranda hesab olunur ki, rəsmi İslamabad vasitəçiliyi danışıqlar prosesinə müəyyən təsir göstərə bilər. Trampın mövqelərinin isə bəzən qısa müddət ərzində dəyişdiyi müşahidə olunur. O, daha əvvəl “Azadlıq layihəsi”nin başladıqdan bir gün sonra başa çatdığını bəyan etmişdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında aparılan danışıqlar yenidən dalana dirənib. Tərəflərin qarşılıqlı sərt şərtləri diplomatik prosesin nəticəsiz qalmasına səbəb olub. Rəsmi Tehranın Pakistan vasitəsilə Vaşinqtona göndərdiyi 7 maddəlik təklif paketi isə diqqət mərkəzinə çevrilib. Təkliflərdə İranın uranın zənginləşdirilməsi hüququnun tanınması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və ABŞ qüvvələrinin regiondan çıxarılması kimi tələblər yer alır. ABŞ Prezidenti Donald Tramp isə Tehranın danışıqlar prosesində ziddiyyətli mövqe sərgilədiyini bildirib. Eyni zamanda, Trampın qısa müddət ərzində İrana mümkün hərbi zərbə ilə bağlı ritorikasını dəyişməsi bölgədə yeni geosiyasi hesablamalarla bağlı müzakirələri gücləndirib. Ekspertlər hesab edir ki, İranın hərbi potensialını artırması Vaşinqtonun mümkün hücum planlarına yenidən baxmasına səbəb olub.

Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə ABŞ-nin Körfəz ölkələrinin təkidi ilə hərbi əməliyyatları müəyyən qədər təxirə salmağa çalışdığı görünür.

"Bununla belə, İranın irəli sürdüyü tələblər ABŞ tərəfindən qəbul edilmir. Xüsusilə İranın uranı zənginləşdirmək hüququnun tanınması Vaşinqton üçün qəbuledilməz sayılır. Bu isə onu göstərir ki, hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalı hələ də yüksək olaraq qalır".

Rəfiqə Namazəliyeva,

AzNews.az