- Paytaxt
- 19:37
- 1 908
Vətəndaş cəmiyyətinin iştirakı olmadan şəhər inkişafı mümkün deyil - Aygün Əliyeva
Vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan şəhər inkişafı və urbanizasiya mümkün deyil.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva WUF13 çərçivəsində keçirilən “Qlobal tərəfdaşlıq və qərarların qəbulu” mövzusunda QHT Forumunda deyib.
“Bugünkü görüş xüsusi tarixi əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfədir ki, QHT Forumu WUF-un rəsmi proqramının bir hissəsi kimi təşkil olunur. Bu, sadəcə simvolik hadisə deyil. Bu, artıq beynəlxalq səviyyədə qəbul olunmuş mühüm reallığın təsdiqidir: dayanıqlı şəhər inkişafı və urbanizasiya vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan mümkün deyil. Biz bu tarixi ilk təcrübənin məhz Azərbaycanda baş tutması ilə qürur duyuruq”, — deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.