Siyasi xadim: "Təbiət hər il bəşəriyyətə 100 trilyon dollarlıq xidmət edir"

Təbiət hər il bəşəriyyətə 100 trilyon dollarlıq xidmət edir.

Aznews.az xəbər verir ki, bunu Mavrikinin keçmiş Prezidenti Ameenah Gurib-Fakim Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.

"Təbiətin bizə ehtiyacı yoxdur. Bizim etməli olduğumuz şey yaşadığımız ekosistemdə öz yerimizi tapmaqdır. Bu isə ilk növbədə ətraf mühitə lazımi hörmətdən, biomüxtəlifliyimizə lazımi hörmətdən və müalicəvi bitkilər üzərində işləyərkən o sehrini kəşf etdiyim ənənəvi təcrübələrimizə geri dönməyi öyrənməkdən başlayır. Və bu sahədə yoxsulluğu azaltmaq, tibbi yardıma əlçatanlığın olmamasını aradan qaldırmaq üçün istifadə edə biləcəyimiz çoxlu həll yolları var. ​İndi isə ekosistemə qayıtsaq, biz elə də uzaq olmayan keçmişdə təbiətin və təbii ki, iqlim dəyişikliyi nəticəsində baş verən və təbii olaraq təsiri getdikcə artan transmissiya (infeksiya daşıyıcısı olan) xəstəliklərin təsirini görmüşük. Ona görə də biz mütləq geri dönməli, təbiətə yanaşmamıza yenidən baxmalı və bu planetdə hamımızı bir yerdə saxlayan budağı kəsməyə davam etmədiyimizdən əmin olmalıyıq. Çünki günün sonunda biomüxtəliflik Yer üzündəki həyatın əsasını təşkil edir.

Nə qədər tez dərk etsək ki, etdiyimiz hər şey öz dolanışığımıza, öz gələcəyimizə təsir edir, məncə, təbiətlə necə rəftar etdiyimiz barədə bir deyil, iki dəfə düşünməyə başlayacağıq. Əgər təbiətin bizə hər il bəxş etdiklərinə pul ekvivalenti ilə dəyər verməli olsaydıq, təbiət bizə hər il pulsuz olaraq, bizim adi qarşıladığımız və hər gün böyük məmnuniyyətlə məhv etdiyimiz 100 trilyon dollar dəyərində mal və xidmətlər verir. Və bu mal və xidmətlərə təmiz su, təmiz hava, qida və həyatımızın asılı olduğu, adını çəkə biləcəyiniz hər şey daxildir. Ona görə də gəlin əsaslara, köklərə qayıdaq. Gəlin nəsillər boyu daxilimizə aşılanmış dəyərlərə geri dönək və deyək ki, biz təbiət üzərində ağalıq etməyəcəyik, əksinə, ona hörmət edəcəyik", - deyə o qeyd edib.