Rusiya nüvə qüvvələrini hərəkətə keçirdi: Belarusla birgə genişmiqyaslı təlim başladı

Rusiya Müdafiə Nazirliyi 19–21 may tarixlərində “aqressiya təhdidi şəraitində nüvə qüvvələrinin hazırlanması və tətbiqi” üzrə genişmiqyaslı hərbi təlimlərə start verildiyini açıqlayıb.

Məlumata görə, təlimlərə 64 mindən çox hərbçi, 7,8 mindən artıq texnika və 200 raket qurğusu cəlb olunub. Manevrlərdə Rusiyanın Strateji Raket Qoşunları, Sakit Okean və Şimal donanmaları iştirak edir.

Təlimlər çərçivəsində Belarus ərazisində yerləşdirilən nüvə silahlarının birgə hazırlanması və istifadəsi ssenariləri məşq edilir. Rusiya tərəfi bildirir ki, əsas məqsəd “qarşı tərəfin çəkindirilməsi və qoşunların hazırlıq səviyyəsinin yoxlanılmasıdır”.

Bundan bir gün əvvəl isə Belarus Müdafiə Nazirliyi ölkədə rus hərbçiləri ilə birlikdə nüvə zərbələrinin tətbiqinə dair təlimlərə başlandığını açıqlamışdı.

Mövsüm,

AzNews.az