“Paşinyanın birbaşa danışıqları effektiv sayması Bakının diplomatik uğurudur” – Elçin Xalidbəyli

"Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar formatı məhz rəsmi Bakının təşəbbüsü ilə formalaşdırılmışdı. Uzun müddət keçdikdən sonra nəhayət Ermənistanın Baş naziri Nikol Paşinyan da etiraf etməyə başlayıb ki, birbaşa təmaslar daha effektiv və etibarlı formatdır. Bu baxımdan, Paşinyanın mövqeyi praqmatik yanaşma kimi qiymətləndirilə bilər. Əslində, Paşinyan yaxşı anlayır ki, indiyədək Ermənistan müxtəlif dövlətlərin, xüsusilə də Rusiyanın geosiyasi aləti rolunda çıxış edib, forpost funksiyası yerinə yetirərək Cənubi Qafqazda Azərbaycana qarşı istifadə olunub. Hazırda isə Paşinyan hakimiyyəti bu yanaşmadan uzaqlaşmağa çalışır və hesab edir ki, Ermənistan artıq başqa dövlətlərin maraqlarının alətinə çevrilməməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Nikol Paşinyanın Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı son açıqlamaları regionda yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Baş nazirin “sülh üçün qarant institutuna ehtiyac yoxdur” mesajı İrəvanın artıq xarici vasitəçilərdən daha çox birbaşa danışıqlara üstünlük verməyə başladığını göstərir. Paşinyan vurğulayıb ki, Ermənistan keçmişdə buraxdığı səhvləri təkrarlamaq niyyətində deyil və ölkə bundan sonra başqa güclərin geosiyasi maraqlarının alətinə çevrilməməlidir. Onun fikrincə, bu yanaşma həm siyasi kurs baxımından, həm də regionun gələcək təhlükəsizlik modeli nöqteyi-nəzərindən mühüm dəyişiklik hesab oluna bilər.

Siyasi şərhçi qeyd edib ki, bu yanaşma Nikol Paşinyanın faktiki olaraq Ermənistanın milli maraqlarına xidmət edən yeni siyasi model üzərində düşündüyünü göstərir.

"Məhz buna görə də o, Azərbaycan-Ermənistan sülh prosesində hər hansı kənar qüvvənin qarant roluna ehtiyac olmadığını düşünür və bu mövqe müəyyən mənada məntiqli görünür. Çünki iki ölkə arasında iqtisadi və ticari münasibətlərin ilkin mərhələsinin formalaşdığı indiki şərait göstərir ki, heç bir xarici təminat olmadan da Azərbaycan və Ermənistanın sülh şəraitində yaşaması mümkündür. Əslində, iqtisadi-ticari əlaqələrin qurulması özü iki ölkə arasında uzunmüddətli sülhün əsas təminat faktorlarından biri hesab oluna bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az