- Müşahidə məntəqəsi
- 18:32
- 889
“Cəmiyyətin iqlim böhranını inkar etməsi insanlarda təhlükəli bir arxayınlıq yaradır” – Sadiq Həsənov
"İqlim dəyişmələri artıq günümüzün reallığıdır və onun təsirləri getdikcə daha ciddi fəsadlara səbəb olur. Məsələn, mart, aprel və may aylarında normadan dəfələrlə artıq yağıntıların müşahidə olunması bu dəyişikliklərin bariz nümunəsidir. Bu prosesin geri dönməz xarakter daşıdığı qeyd olunur. Ümumilikdə, iqlimdə baş verən dəyişikliklər — temperaturun artması, qlobal istiləşmə, isti günlərin uzanması, eləcə də yaz və payız aylarında yağıntıların intensivləşməsi — mövsümlərin əvvəlki sabitliyini itirdiyini göstərir. Hava şəraitinin yarı isti, yarı soyuq keçməsi də bu dəyişimin nəticələrindəndir. Bu mövzu həm COP29, həm də COP30 çərçivəsində geniş müzakirə olunur. Çünki yanacaq istehlakının artması və dünya əhalisinin çoxalması qlobal miqyasda ciddi ekoloji problemlər yaradır".
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Xatırladaq ki, qlobal iqlim dəyişmələri bu gün dünyanın qarşısında duran ən ciddi çağırışlardan biridir və onun təsirləri getdikcə daha aydın şəkildə hiss olunur. Bu proses təkcə təbii mühitə deyil, insanların gündəlik həyatına, təhlükəsizliyinə və sosial rifahına da birbaşa təsir göstərir. Son illərdə Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumu, eləcə də 2024-cü ildə keçirilən COP29 kimi beynəlxalq tədbirlər bu məsələnin qlobal miqyasda müzakirəsi və həll yollarının axtarılması baxımından mühüm platforma rolunu oynayıb. Bununla yanaşı, ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar iqlim dəyişmələrinin real nəticələrini daha aydın şəkildə göstərir və bu dəyişikliklərin infrastruktur, şəhər planlaşdırılması və əhalinin təhlükəsizliyi üçün yaratdığı riskləri gündəmə gətirir.
Ekoloq qeyd edib ki, xüsusilə az yağıntılı ölkələrdə bu dəyişikliklər daha kəskin şəkildə hiss olunur.
"Azərbaycan su ehtiyatlarının formalaşmasında transsərhəd çaylardan yüksək asılılığa malik ölkələrdən biridir. Ölkə daxilində formalaşan su resursları məhduddur və region ölkələri ilə müqayisədə nisbətən aşağı səviyyədədir.
Digər tərəfdən, artan yağıntılar müəyyən müsbət imkanlar da yarada bilər. Bu suların düzgün idarə olunması su ehtiyatlarının artırılmasına, suvarma sistemlərinin inkişafına və dəniz suyunun duzsuzlaşdırılması kimi layihələrin genişləndirilməsinə töhfə verə bilər. Bunun üçün yağış sularının toplanması və səmərəli idarə olunması vacibdir. Lakin urbanizasiyanın artması, plansız tikinti və Bakıda vaxtilə mövcud olmuş təbii su hövzələrinin ləğvi yağış sularının təbii axınını pozub. Nəticədə, güclü yağıntılar zamanı suyun idarə olunması çətinləşir, küçələr və yollar su altında qalır, evlərə və infrastruktura ziyan dəyir. Bu isə dövlət üçün ciddi iqtisadi xərclər yaradır. Məsələn, Braziliyada bu cür fəsadların aradan qaldırılması üçün milyonlarla vəsait ayrılması buna nümunə kimi göstərilə bilər. Cəmiyyət hələ də iqlim dəyişmələrinin miqyasını tam dərk etmir, hətta bəzi hallarda bunun mövcudluğunu inkar edən fikirlər də yayılır. Bu isə insanlarda müəyyən arxayınlıq yaradır və baş verən dəyişikliklərin sadəcə təbii və keçici proseslər olduğu düşüncəsini formalaşdırır. Halbuki iqlim dəyişmələri artıq konkret elmi faktlarla təsdiqlənmiş qlobal prosesdir. Havaların gah kəskin istiləşməsi, gah da qəfil soyuması, mövsümlərin sabitliyinin pozulması və ekstremal hava hadisələrinin artması bu dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az