- Müşahidə məntəqəsi
- 22:08
- 1 328
“Magistratura imtahanında üçüncü cəhd qərarı müsbət addımdır” - Ramin Nurəliyev
"Hazırda magistratura imtahanları zamanı kəskin hava şəraiti ilə bağlı müəyyən abituriyentlərin imtahana gecikməsi və ya ümumiyyətlə çatmaması halları müşahidə olunub. Bununla belə, Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, qeydiyyatdan keçənlərin təxminən 90 faizi imtahanda iştirak edib. Lakin bu göstərici ictimai narazılıq doğurub, çünki bir sıra abituriyentlər həm gecikmələr, həm də yaranan stres səbəbindən imtahana tam hazırlıqlı şəkildə daxil ola bilmədiklərini bildiriblər. Daha sonra Dövlət İmtahan Mərkəzi magistratura imtahanının üçüncü cəhdinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb. Ümumilikdə, hava şəraiti və digər fövqəladə halların, o cümlədən beynəlxalq tədbirlər səbəbindən yaranan yol tıxaclarının imtahan prosesinə təsir göstərdiyi qeyd olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, mayın 17-də keçirilən magistraturaya qəbul imtahanının ikinci mərhələsi əlverişsiz hava şəraitinin təsiri altında baş tutub. Güclü yağış səbəbindən bəzi namizədlər imtahana gecikib, bəziləri isə ümumiyyətlə iştirak edə bilməyib. İmtahanda iştirak edən şəxslər də yaranmış vəziyyətin onlarda ciddi psixoloji gərginlik yaratdığını bildiriblər. Yaranmış vəziyyət və iştirakçıların müraciətləri nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi magistratura imtahanı üzrə əlavə cəhdin keçirilməsi barədə qərar verib. Üçüncü cəhd imtahanının iyunun 14-də keçirilməsi planlaşdırılır.
Ekspert qeyd edib ki, əvvəlcədən müəyyən edilmiş imtahan tarixində fövqəladə hallar səbəbindən problemlər yaranarsa, imtahanın təkrar keçirilməsi müsbət və məqsədəuyğun addım hesab oluna bilər.
"Dövlət İmtahan Mərkəzinin bu istiqamətdə atdığı addım ictimaiyyətə açıqlanıb və bu təşəbbüs müsbət qarşılanıb. Eyni zamanda ikinci cəhddə iştirak edən bir sıra abituriyentlər sualların çətinliyindən şikayətlənərək istədikləri nəticəni əldə edə bilmədiklərini qeyd ediblər. Bu baxımdan növbəti – üçüncü cəhd imtahanının 14 iyun tarixində keçirilməsi abituriyentlər üçün əlavə bir imkan kimi dəyərləndirilir. Bu imkan, xüsusilə əvvəlki cəhdlərdə stres, vaxt məhdudiyyəti və ya digər səbəblərdən istədiyi nəticəni əldə edə bilməyənlər üçün yeni şans yaradır. Bildirilir ki, ikinci cəhddə iştirak etmiş şəxslər üçüncü cəhddə də iştirak hüququna malik olacaqlar. Ümumilikdə, üçüncü cəhd imtahanında fərqli sualların təqdim olunacağı nəzərə alınaraq, bu mərhələnin nəticələrdə dəyişikliklərə səbəb ola biləcəyi istisna edilmir. Bu isə əvvəlki cəhdlərdə iştirak edib müəyyən nəticə əldə etmiş abituriyentlər üçün də müəyyən ədalət və balans məsələsini gündəmə gətirir. Bu səbəbdən hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi üçüncü cəhd imtahanında yalnız ikinci cəhd iştirakçılarını deyil, ümumilikdə bütün abituriyentləri nəzərə almalıdır. Hətta şəxsi mövqeyim olaraq hesab edirəm ki, bu imtahanın ödənişsiz keçirilməsi və bütün abituriyentlər üçün bərabər iştirak imkanının yaradılması daha məqsədəuyğun olardı".
Rəfiqə Namazəliyeva,
AzNews.az