- Müşahidə məntəqəsi
- 21:19
- 1 993
“Müharibə xəbərləri cəmiyyətdə psixoloji gərginliyi artırır” - Naib Niftəliyev
"Ümumilikdə cəmiyyətdə informasiya və texnologiyaların sürətli yayılması müəyyən həyəcan səviyyəsini artırır. Xüsusilə müharibə, kriminal hadisələr və digər sensasiyalı mövzulara dair xəbərlər ictimai marağı daha çox cəlb edir. İnsanlar bu tip informasiyalara həm bilərəkdən, həm də qeyri-iradi şəkildə daha çox diqqət yetirirlər və nəticədə belə məzmunlar daha geniş auditoriya toplayır. Bu da məsələnin həm gənclər, həm də yaşlı nəsil üçün eyni dərəcədə həssas olmasına səbəb olur. Yaş fərqi burada ciddi dəyişiklik yaratmır; müxtəlif cəmiyyətlərdə oxşar maraq və reaksiyalar müşahidə olunur. Daha stabil sosial rifahın olduğu ölkələrdə insanlar əsasən gündəlik həyat və fəaliyyətlərinə fokuslanır. Lakin bizim regionda baş verən proseslər – xüsusilə yaxın coğrafiyada mövcud olan münaqişələr – Azərbaycanda ictimai həssaslığı daha da artırır. Ölkəmizin özü də son illərdə Ermənistanla uzunmüddətli münaqişə və onun doğurduğu siyasi-psixoloji təsirləri yaşamışdır. Hazırda bölgədə nisbi sabitlik və sülhə keçid mərhələsi müşahidə olunsa da, baş verən geosiyasi gərginliklər Qafqaz regionuna və Azərbaycan cəmiyyətinə birbaşa təsir göstərməkdə davam edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, Yaxın Şərqdə artan gərginlik, xüsusilə ABŞ, İran və İsrail arasında qarşıdurma ehtimalı dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb. Son günlərdə qarşılıqlı ittihamlar, hərbi təhdidlər və regionda artan təhlükəsizlik riskləri insanların “III Dünya müharibəsi başlaya bilərmi?” sualını daha çox səsləndirməsinə səbəb olur. Azərbaycanda da sosial şəbəkələrdə, ictimai müzakirələrdə və gündəlik söhbətlərdə bu mövzu geniş yer tutur. Müharibə ehtimalının yaratdığı psixoloji gərginlik, gələcək qorxusu, informasiya axınının insan davranışlarına təsiri və cəmiyyətin bu proseslərə reaksiyası artıq sosioloji müzakirə predmetinə çevrilib.
Sosioloq qeyd edib ki, bu təsirlər gənclərin davranışlarında və sosial aktivliklərində müəyyən dəyişikliklərə səbəb olur.
"Eyni zamanda, işsizlik, məşğulluq və karyera imkanları ilə bağlı problemlər də gənclərin sosial proseslərə münasibətinə təsir edən amillər sırasındadır. Bəzi dövrlərdə gənclərin ictimai və siyasi proseslərdə daha aktiv olduğu müşahidə edilsə də, son dövrlərdə müəyyən qədər əks tendensiya da görünür. Yəni gənclərin bir hissəsinin daha passivləşməsi, yaşlı nəsilin isə bəzi sahələrdə daha dominant rol alması diqqət çəkir. Bu isə bəzən gənclərin sosial mühitdə özlərini ifadə etməsində çətinliklər yarada bilir və hətta miqrasiya, xaricdə təhsil və xarici vətəndaşlarla münasibətlər kimi proseslərə də təsir göstərə bilir. Ümumiyyətlə, bütün cəmiyyətlərdə gənclərin tənqidi və nəsillərarası fikir fərqləri normal hal kimi qəbul olunur. Azərbaycan cəmiyyətində isə valideynlərin rolu daha güclü olduğu üçün tənqid və nəzarət meyilləri daha qabarıq görünür. Bu isə bəzən tərəflər arasında gözləntilərin yüksək, lakin imkanların və uyğunlaşma mexanizmlərinin nisbətən zəif olmasına gətirib çıxarır və sosial-psixoloji ziddiyyətlər yaradır. Eyni zamanda, etnopsixoloji və mədəni faktorlar da bu prosesə təsir göstərir. Cəmiyyətdə neqativ informasiyalara həssaslıq daha yüksəkdir və psixoloji olaraq mənfi xəbərlərin təsiri daha sürətlə yayılır. Araşdırmalara görə, neqativ təsiri neytrallaşdırmaq üçün daha çox müsbət informasiya və davranış nümunəsinə ehtiyac yaranır. Bu baxımdan, gənclərin sosial-mənəvi mühitinin gücləndirilməsi, onların məşğulluq, təhsil və karyera imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Təhsil keyfiyyətinin əmək bazarının tələblərinə uyğunlaşdırılması gənclərin daha məhsuldar fəaliyyətinə və neqativ təsirlərdən uzaqlaşmasına şərait yaradır. Eyni zamanda, sosial şəbəkələrdə aktivlik və özünüifadə imkanlarının düzgün istiqamətləndirilməsi də vacibdir. Bu proseslərə sistemli yanaşma və müasir texnologiyaların tətbiqi gənclər üçün daha dayanıqlı inkişaf mühiti yarada bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az