İran niyə ABŞ-yə etibar etmir? – EKSPERTDƏN AÇQILAMA

"Uzun müddətdir ki, ABŞ İrana qarşı düşmənçilik siyasəti həyata keçirir. Vaxtilə iqtisadi sanksiyalar tətbiq etməklə İranı zəiflətməyə, ölkədə inqilabi vəziyyət yaratmağa və nəticədə İran İslam Respublikasını devirməyə çalışıb. Məqsəd isə ABŞ-yə uyğun hakimiyyət formalaşdırmaqdır. Bu istiqamətdə illərdir müxtəlif layihələr və planlar həyata keçirilir, ayrı-ayrı dövrlərdə isə müxtəlif bəhanələr irəli sürülür. Hazırda əsas arqument kimi İranın uranı zənginləşdirməsi göstərilir və bunun fonunda Tehranda hakimiyyət dəyişikliyinə nail olunmaq istənilir. ABŞ-nin strategiyası İranda mövcud hakimiyyəti dəyişərək öz maraqlarına uyğun siyasi sistem qurmaqdan ibarətdir. Uranın zənginləşdirilməsi isə sadəcə bəhanədir. İran ABŞ-nin istənilən təklifini qəbul etsə belə, Vaşinqton bununla kifayətlənməyəcək. Çünki əsas məqsəd İranı nəzarət altına almaq, hətta dolayısı ilə onu öz maraqlarına uyğun idarə etməkdir. Burada belə bir sual yaranır: əgər uranın zənginləşdirilməsi təhlükəlidirsə, niyə ABŞ və İsrail bunu edir? Əgər bu proses dinc məqsədlər üçün mümkündürsə, İranın da belə hüququ var. Məntiq baxımından İranın uranı dinc məqsədlərlə zənginləşdirmək haqqı mövcuddur. İran rəhbərliyi də dəfələrlə bəyan edib ki, bu fəaliyyət yalnız mülki məqsədlər üçündür. Hətta İranın ali dini liderinin nüvə silahının hazırlanmasını haram sayan fətvası da var. Buna baxmayaraq, ABŞ müxtəlif dövrlərdə fərqli bəhanələrlə İrana təzyiq göstərməyə davam edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, İranın zənginləşdirilmiş uranı ABŞ-yə göndərmək əvəzinə Rusiyaya təhvil verməyə razılaşdığı bildirilir. Bu barədə Tehranın Vaşinqtonla mövcud münaqişənin həlli məqsədilə hazırladığı yenilənmiş saziş layihəsində qeyd olunur. Sənədin bəzi hissələri “Əl-Hədət” televiziyası tərəfindən yayımlanıb.

Siyasi şərhçi qeyd edib ki, hazırda əsas bəhanə uran məsələsidir.

"İran isə yaxşı anlayır ki, Vaşinqtonun əsas hədəfi İran İslam Respublikasını zəiflətmək və ölkədə özünə uyğun hakimiyyət formalaşdırmaqdır. Mövcud İran hakimiyyəti isə bunu qəbul etmir və etməyəcək. Bu səbəbdən Tehran ABŞ-nin əlindən bu arqumenti almağa çalışır. İran üçün ən real variant zənginləşdirilmiş uranın Rusiyaya və ya Çinə verilməsi ola bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, İranın atom elektrik stansiyası layihələri əsasən Rusiya tərəfindən həyata keçirilir və bu sahədə Moskva ilə sıx əməkdaşlıq mövcuddur. ABŞ və İran arasında uzun illərdir davam edən düşmənçilik münasibətləri fonunda Tehran Vaşinqtonun diktə etdiyi şərtləri qəbul etməyəcək. Ona görə də kompromis variantı kimi uranın Rusiya və ya Çinə təhvil verilməsi daha real görünür. İranın ABŞ və ya İsrailə belə bir addım atacağı inandırıcı deyil. Digər tərəfdən, ABŞ İranla bağlı mümkün razılaşmanı daxili siyasi uğur kimi təqdim etməyə çalışır. Donald Tramp administrasiyası iqtisadi problemlər, beynəlxalq imic itkisi və müttəfiqlərlə yaranmış fikir ayrılıqları səbəbindən ciddi tənqid olunur. Bundan əlavə, Hörmüz boğazı ətrafında yaranan gərginlik dünya enerji bazarına təsir göstərib və bu, ABŞ iqtisadiyyatına da müəyyən mənfi təsirlər yaradıb. Qarşıdan Konqresə aralıq seçkilərin gəlməsi fonunda Tramp administrasiyası İran məsələsində əldə olunacaq hər hansı nəticəni siyasi qələbə kimi təqdim etmək istəyir. Zənginləşdirilmiş uranın ABŞ-yə təhvil verilməsi Vaşinqton üçün böyük diplomatik uğur kimi göstərilə bilər. Lakin İranın buna razılaşacağı ehtimalı yüksək görünmür. Ən real ssenari ondan ibarətdir ki, əgər tərəflər müəyyən razılığa gəlsələr, İran zənginləşdirilmiş uranı Rusiyaya və ya Çinə verməyə razı ola bilər. Bu həm Tehran üçün daha təhlükəsiz kompromis sayılır, həm də İran cəmiyyətində ABŞ-yə qarşı mövcud mənfi münasibət fonunda daxili narazılığın qarşısını ala bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az