- Siyasi müzakirə
- 18:59
- 1 074
"Yeni geosiyasi reallıq əməkdaşlığı tələb edir" - Xəqani Cəfərli
"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərə bilər. Bu proseslər bir-biri ilə sıx bağlı olmaqla yanaşı, regionda formalaşan yeni geosiyasi reallığın tərkib hissəsidir. Bu prosesləri postsovet məkanı, xüsusilə Cənubi Qafqazda baş verən dəyişikliklər çərçivəsində qiymətləndirmək daha doğru olardı".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı diqqət çəkib. Məlumata görə, söhbət zamanı Paşinyan Qurban bayramı münasibətilə Türkiyə liderini təbrik edib, həmçinin iki ölkə arasında davam edən normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Ərdoğan isə Türkiyənin regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərini davam etdirdiyini, bu istiqamətdə atılacaq addımları dəstəklədiyini bildirib.
Siyasi şərhçi qeyd edib ki, regionda mövcud olan əvvəlki münasibətlər sistemi artıq dəyişir və yeni nizam formalaşmaqdadır.
"Həm Türkiyə, həm Azərbaycan, həm də Ermənistan anlayır ki, yeni şəraitdə əməkdaşlıq imkanlarının genişlənməsi zərurətə çevrilir. Bu gün bu perspektiv hər üç ölkənin cəmiyyətləri üçün tam aydın görünməsə də, yaxın dövrdə proseslərin istiqaməti daha aydın şəkildə üzə çıxacaq. Gələcəkdə üç dövlət arasında yeni bir regional münasibətlər sistemi formalaşa bilər. Çünki regionda yaranan yeni geosiyasi reallıq əməkdaşlığı və qarşılıqlı əlaqələrin genişlənməsini tələb edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az