"Rusiya təzyiqləri Ermənistanı Moskvadan daha da uzaqlaşdırır" - Azər Həsrət

"Ermənistan artıq elə bir mərhələyə gəlib çatıb ki, ölkənin balanslaşdırılmış siyasətdən daha çox konkret strateji seçimlərə ehtiyacı var. Ermənistan rəhbərliyi, ilk növbədə Baş nazir Nikol Paşinyan yaxşı anlayır ki, ölkənin inkişafı və təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Azərbaycan və Türkiyə ilə sağlam münasibətlər quran Ermənistan üçün Rusiyanın əvvəlki səviyyədə əhəmiyyəti qalmır. Çünki Rusiya uzun illər ərzində Ermənistanın müstəqil siyasət yürütməsinə mane olub, onu öz təsir dairəsində saxlamağa çalışıb. Ermənistanda reallıqları düzgün qiymətləndirən siyasi dairələr də bunu anlayır və mümkün qədər Moskvadan asılılığı azaltmağa çalışırlar".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Rusiya Ermənistan mənşəli kənd təsərrüfatı məhsullarının idxalına yeni məhdudiyyətlər tətbiq edib. Qərara əsasən, Ermənistandan Rusiyaya üzüm, eləcə də çəyirdəkli meyvələr qrupuna daxil olan albalı, gilas, ərik, gavalı, şaftalı və nektarinin gətirilməsinə məhdudiyyət qoyulub.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya əlindəki təzyiq mexanizmlərindən istifadə etməklə Ermənistanı yenidən öz təsir dairəsinə qaytara biləcəyini düşünür.

"Lakin görünən odur ki, Moskva alternativ imkanları və regionda formalaşan yeni reallıqları lazımi şəkildə nəzərə almır. Hazırda Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yaxın mərhələdədir. Gözləntilərə görə, iyunun 7-də keçiriləcək seçkilərdən sonra hakimiyyət mövqelərini qoruyan Paşinyan Konstitusiya dəyişiklikləri istiqamətində addımlar ata və bunun ardınca Azərbaycanla sülh sazişinin imzalanmasına şərait yarada bilər. Sülh müqaviləsindən sonra Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə kommunikasiya xətləri açılacaq. Bu isə ölkəyə daha yaxın və iqtisadi baxımdan daha əlverişli bazarlara çıxış imkanı verəcək. Belə bir şəraitdə Rusiyanın Ermənistan üçün əvvəlki strateji əhəmiyyəti daha da azalacaq. Bu səbəbdən Moskvanın Ermənistana qarşı təzyiq siyasəti əks nəticə verərək İrəvanın Rusiyadan uzaqlaşmasını daha da sürətləndirə bilər. Regional perspektivdən baxdıqda, Rusiyadan daha müstəqil Ermənistanın formalaşması Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına da müsbət təsir göstərə bilər. Çünki nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanı təcrid etmək və ya ona qarşı ərazi iddiaları irəli sürmək niyyəti yoxdur. Əsas məqsəd regionda sabitlik və qarşılıqlı əməkdaşlığın təmin edilməsidir. Uzun illər Rusiyanın təsiri altında olan Ermənistan Cənubi Qafqazda müxtəlif gərginliklərin mənbələrindən biri kimi çıxış edib. Lakin daha müstəqil xarici siyasət yürüdən, qonşuları ilə əməkdaşlığa üstünlük verən Ermənistan regionda yeni münasibətlər sisteminin formalaşmasına töhfə verə bilər. Bu baxımdan, Rusiyanın təzyiq siyasəti paradoksal şəkildə Ermənistanın ondan daha da uzaqlaşmasına xidmət edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az