Azərbaycanla ABŞ-ın imzaladığı 8 mlrd. dollarlıq sazişlər hansı sahələri əhatə edir?

Azərbaycan təbii resurslar və böyük iqtisadi inkişaf potensialı baxımından möhtəşəm bir ölkədir. ABŞ-ın “Chevron” kimi şirkətləri neft və qaz sənayesinin əsas iştirakçılarından olub.

Bunu ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr APA-nın sualına cavabında deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında tərəfdaşlıq getdikcə güclənir və genişlənir. “Biz enerji sektoruna yatırımlarımızı daha da artırırıq. Eyni zamanda, bu möhkəm təməli daha böyük iqtisadi əməkdaşlıq platformasına çeviririk. Təkcə bu həftə ABŞ şirkətləri tərəfindən 8 milyard dollardan çox dəyərində sazişlər imzalanıb”.

Kaleb Orr qeyd edib ki, bu sazişlər müxtəlif sahələri əhatə edir və yalnız enerji sektoru ilə məhdudlaşmır: “Bu layihələr həm də Azərbaycandakı enerji sektoruna investisiya fondlarının cəlb olunmasını nəzərdə tutur. Prezident Trampın vasitəçiliyi ilə əldə olunan tarixi sülh sazişi çərçivəsində yaradılan “Trump Group for International Peace and Prosperity” təşəbbüsü də mühüm yer tutur. Bu, bizim də investisiya yatırdığımız tarixi infrastruktur dəhlizidir”.

ABŞ rəsmisi vurğulayıb ki, sözügedən dəhlizin multimodal xarakter daşıması gözlənilir: “Bu dəhliz yalnız sərnişin daşımalarını deyil, həm də enerji və rəqəmsal infrastrukturun ötürülməsini təmin edəcək. Hesab edirik ki, enerji sahəsi iqtisadi münasibətlərimizin dayandığı çox güclü təməldir. Lakin biz artıq bu çərçivədən kənara çıxaraq əməkdaşlığımızı daha da genişləndiririk”.

Kaleb Orr əlavə edib ki, iqtisadi dialoq ABŞ-ın Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək, ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaları artırmaq və tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində qətiyyətli səylərinin göstəricisidir.