"Qarabağı yenidən işğal etmək xəyaldan başqa bir şey deyil" - Mübariz Göyüşlü

"Bu revanşist qüvvələr bir zamanlar Ermənistanda hakimiyyətdə təmsil olunublar. Onların hansı siyasət yürütdükləri, hansı addımları atdıqları və bölgədə hansı nəticələrə səbəb olduqları hamıya məlumdur. Xüsusilə yaşlı nəsil onların Azərbaycan torpaqlarının işğalında oynadığı rolu, xalqımızın üzləşdiyi faciələri və törədilmiş müharibə cinayətlərini yaxşı xatırlayır. Bunlar tariximizin ağrılı səhifələridir və unudulmayıb. Bu gün həmin revanşist qüvvələr yenidən hakimiyyətə qayıtmağa çalışır, Azərbaycana qarşı müharibə çağırışları səsləndirir, işğalçı siyasəti yenidən gündəmə gətirməyə cəhd göstərirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizənin daha da kəskinləşdiyi bir dövrdə revanşist qüvvələrin ritorikasında radikallaşma müşahidə olunur. Xüsusilə keçmiş hakimiyyət nümayəndələri və müxalif düşərgənin bəzi fiqurları tərəfindən Azərbaycana qarşı nifrət və düşmənçilik çağırışlarının artdığı bildirilir. Bəzi müşahidəçilər hesab edirlər ki, bu cür çıxışlar cəmiyyət daxilində qorxu və düşmən obrazı formalaşdırmağa yönəlib və tarixdə müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda istifadə etdikləri təbliğat üsullarını xatırladır.

Siyasi şərhçinin sözlərinə görə, bu cür çağırışlar yalnız Azərbaycan üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.

"İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycanla yeni müharibə aparacaq potensialı yoxdur. Bunun şahidi həm 2020-ci il Vətən müharibəsində, həm də sonrakı proseslərdə olduq. Əlbəttə, yeni müharibə baş verərsə, bu, hər iki ölkə üçün arzuolunmaz nəticələr doğurar. Lakin xüsusilə Ermənistan üçün daha ağır nəticələrə səbəb ola bilər. Çünki müharibə hər zaman faciə, itki və dağıntı deməkdir. Hesab edirəm ki, revanşist qüvvələrin səsləndirdiyi bəyanatlar məhz belə təhlükəli ssenarilərin formalaşmasına xidmət edir. Buna imkan vermək olmaz və verilməyəcək. Bu cür ritorika ilə hansısa siyasi dividend əldə etmək cəhdləri uğursuzluğa məhkumdur. Onların Ermənistanda hakimiyyətə gəlib-gəlməyəcəyi ayrı məsələdir. Hazırkı vəziyyətdə bu ehtimal yüksək görünmür. Lakin hətta hakimiyyətə gəlsələr belə, Azərbaycana qarşı ciddi nəticə verəcək addımlar atmaq imkanları yoxdur. Təxribatlara əl atmaq və ya gərginliyi artırmağa çalışmaq mümkündür. Ancaq Qarabağı yenidən işğal etmək və ya regionda əvvəlki vəziyyəti bərpa etmək kimi iddialar reallıqdan uzaqdır və həyata keçməsi mümkün olmayan xəyallardır. Regionun gələcəyini təhlükə altına qoyan yanaşmalardan imtina etsinlər. Hazırda Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat, logistika və tranzit imkanlarının genişlənməsi üçün yeni perspektivlər formalaşır. Sülhün və qarşılıqlı etimadın yaranması üçün müəyyən imkanlar meydana çıxıb. Bu prosesləri pozmağa çalışmaq heç kimin maraqlarına uyğun deyil. Əksinə, gələcəyə yönəlmiş daha konstruktiv, realist və inkişafyönümlü ideyalar irəli sürmək, region xalqlarının rifahına xidmət edən təşəbbüslərə üstünlük vermək daha doğru yanaşma olardı".

Rəfiqə Namazəliyeva,

AzNews.az