Müharibə yenidən başladı.İran İsrailə raket atdı - SON DƏQİQƏ

Yaxın Şərqdə gərginlik daha da artıb. İran İsrailə qarşı raket hücumu həyata keçirib. İran tərəfindən buraxılan raketlərdən sonra İsrail ərazisinin bir çox bölgəsində hava həyəcan siqnalları səslənib.

İsrail ordusunun yaydığı açıqlamada bildirilib ki, İran ərazisindən İsrailə doğru raket buraxılışı qeydə alındıqdan sonra hava hücumundan müdafiə sistemləri dərhal işə salınıb. İsrail Müdafiə Qüvvələri (IDF) İran tərəfindən atıldığı bildirilən iki ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

İran tərəfi isə İsrailə sərt xəbərdarlıq edib. İran ordusunun bəyanatında qeyd olunub ki, əgər İsrail Livana hücumlarını genişləndirər və ya İranın addımlarına cavab verməyə çalışarsa, daha dağıdıcı hücumlarla üzləşəcək.

Gərginliyin artmasına səbəb olan əsas hadisə İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava zərbəsi olub. İsrail ordusu atəşkəsə baxmayaraq Beyrutun Dahiyə bölgəsinə hava hücumu təşkil edib. İlkin məlumatlara görə, hücum nəticəsində 2 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

İran rəsmiləri də İsrailin hücumuna sərt reaksiya veriblər. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rəzai “Sionist rejimin Dahiyəyə hücumuna qəti cavab veriləcək” açıqlamasını səsləndirib.

İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf isə bildirib ki, ABŞ-ın İsrailə verdiyi dəstək bölgədəki Amerika hərbi bazalarını da legitim hədəfə çevirir.

Regionda qarşılıqlı təhdidlərin artması yeni genişmiqyaslı qarşıdurma ehtimalını daha da gücləndirib.

AzNews.az