Ermənistanda siyasi qüvvələr nisbətini "052" müəyyən etdi - RƏYLƏR

Bu gün Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə, Nikol Paşinyanın lideri olduğu "Vətəndaş müqaviləsi" partiyası səslərin yarıdan çoxunu alıb. Nəticələrə Azərbaycan ictimaiyyətinin nümayəndələri və siyasi şərhçilər münasibət bildiriblər. AzNews.az rəyləri təqdim edir:

Şöhlət Eldəniz:

Paşinyan Rusiyada yaşayan erməniləri Ermənistana buraxsaydı məğlub olacaqdı. 2 milyon 500 min seçicidən yalnız 1 milyon 200 min vətəndaş seçkidə iştirak etdi. Bunlarında təqribən 55-56 faizi Paşinyana səs verib. MSK-nın siyahısında olan amma ortada olmayan, Yəni Rusiyaya nökərcilik üçün gedən o bir milyon 300 min erməni səs vermədə iştirak etmədi. Bunları nəzərə alsaq və yerdə qalan 40 faizi də hesablasaq məntiqnən də saynan da Paşinyan əslində məğlub olub. Deməyim o ki, hazırda revanşist, Azərbaycanla müharibə istəyən erməni sülh istəyən ermənidən çoxdur. Sadəcə özlərini ifadə edə bilmədilər. Yəni ermənilər sülhə yox müharibəyə səs verdilər. Sadəcə Paşinyan Avropa Birliyinin köməyi ilə seçkiləri bu cür "demokratik" keçirdiyi üçün ilk baxışdan erməni toplumu sülhə səs verdi görüntüsü yarandı.

Yeganə Hacıyeva:

Seçki monitorinqi ilə məşğul olan bəzi beynəlxalq institutların nümayiş etdirdiyi riyakarlıq adamı şoka salır. Gürcüstanda seçki ərəfəsi və günü oxşar proseslər və göstəriciləri “avtoritar meyllərin güclənməsi” kimi qiymətləndirən institutlar, Ermənistanda eyni prosesləri “texniki çatışmazlıq”, “prosedur qüsuru” və “təkmilləşdirmə ehtiyacı” kimi yumşaq ifadələrlə ört-basdır edirlər…

Taleh Şahsuvarlı:

"Mənim Nikol Paşinyana yanaşmamla Robert Köçəryana, Serj Sərkisyana və digərlərinə münasibətim arasında heç bir prinsipial fərq yoxdur. Hər ikisi ermənidir və düşməndir. Mən strateji olaraq sülh tərəfdarıyam, amma erməniləri də bağışlamış deyiləm. Heç Nikol da qətiyyən "sülh göyərçini" deyil. Onun seçkilərdə təqdim etdiyi "real Ermənistan" proqramını da özü düşünməyib, özü yazmayıb. Bu proqramı ortaya qoyan Qarabağ savaşında döyüşmüş, şəhid və əlil olmuş Azərbaycan oğullarıdır. Bu gün Ermənistandakı səsvermədə "1", "9", "16" (və s.) saylı partiyalar, ittifaqlar deyil, "052" öz sözünü dedi. Fəqət bir nüans mütləq fərqləndirilməlidir. Nikola qarşı cəbhəyə Rusiya açıq dəstək verirdi və Kreml revanşistləri hakimiyyəyə gətirmək istəyirdi. Erməni cəmiyyəti Moskvanın nişan verdiyi qüvvələrə səs vermədi. Bu, Azərbaycanın ərazi bütövlüyünə və Zəngəzur dəhlizinin açılmasına qarşı qüvvələrin siyasi iflası, Ermənistanın Türkiyə üzərindən (fiziki olaraq coğrafi baxımdan başqa yol yoxdur) Avropaya inteqrasiya etməsi deməkdir. Lakin Nikola verilməyən səslər də heç də az deyil. 55:45 nisbəti və səsverməyə qatılmayanlar Ermənistan cəmiyyətinin "gizli barış çoxluğu" olmadığını açıq şəkildə ortaya qoyur. Odur ki, Ermənistanda bu gün keçirilən seçkilərdən çıxan əsas nəticə budur: Azərbaycan iqtisadi, geopolitik və hərbi qüdrətini artırmağa davam etməlidir".

Zaur Bayramlı:

Paşinyanın yenidən seçilməsini istəyən və bunu dilinə gətirənlərə hücum edən dostlara deyirəm ki, heç kim Paşinyan aşiqi, erməni heyranı-filan deyil. İnsanları bu cür ağır ittihamlarla qaralamayın!
Şəxsən mən də istəyirəm o, seçilsin. Bunu paşinyanları sevdiyim üçün deyil, öz Millətimi, öz Vətənimi sevdiyim üçün istəyirəm. Yetər artıq, ömrümüzün çoxunu yaşamışıq, biz də beşcə gün insan ömrü yaşayaq. Sovet İttifaqı Asif Ata demişkən, dağılmadı, uçub başımıza töküldü. İllərlə onun uçuğunun altında əzab-əziyyət çəkdik. Sonra da Paşinyanaqədərki barbarların işğalını yaşadıq.
Mən istəmirəm daha bir Allahverdimiz, Albertimiz, Mübarizimiz, Raqufumuz, Pəncəlimiz, Poladımız, Xudayarımız Şəhid olsun.
Paşinyan da həmçinin - öz millətini onlara aid olmayan torpaqdan ötrü ölməsini istəməyən realist bir adamdır.
Hamımız Qərbi Azərbaycan, Zəngəzur həsrəti ilə yaşayırıq. Heç olmasa sülh olsun ki, gedək dünya gözü ilə torpaqlarımızı görək.
Paşinyan gəlməsin yenə köçəryanlar, sərkisyanlarmı gəlsin?
Yenə qan, göz yaşımı olsun?
Tarixi bir fürsətdir düşüb əlimizə, niyə dəyərləndirməyək?
Hə, öz balası, doğması Şəhid olmayanlar üçün çox asandır belə ritorika.

Mövsüm Novruzoğlu,

AzNews.az