"Əsgərin xidmətə münasibəti buraxılış qərarında əsas rol oynayır" - Ədalət Verdiyev

"Müddətli həqiqi hərbi xidmət qulluqçularına həftə sonları və bayram günlərində hərbi hissə komandirinin qərarı ilə qısamüddətli buraxılış və ya məzuniyyət verilə bilər. Bu məsələ mövcud qaydalar və nizamnamə tələbləri əsasında tənzimlənir. Bu hüquq, adətən, nizamnamə tələblərinə uyğun davranan, hərbi intizam qaydalarına riayət edən, xidmət müddətində özünü müsbət tərəfdən göstərən və xidmətdə fərqlənən müddətli həqiqi hərbi xidmət keçən sıravi və çavuş heyətinə təqdim olunur. Burada hərbi qulluqçunun xidmətə münasibəti, ona həvalə olunmuş vəzifələri necə yerinə yetirməsi və ümumi davranışı nəzərə alınır".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, son illərdə bir sıra ölkələrdə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin müəyyən şərtlər daxilində həftə sonları ailələrinin yanına buraxılması təcrübəsi tətbiq olunur. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma hərbi qulluqçuların psixoloji vəziyyətinə müsbət təsir göstərir, onların ailə bağlarını qoruyur və xidmətə motivasiyasını artırır. Bununla yanaşı, təhlükəsizlik, nizam-intizam, döyüş hazırlığı və hərbi hissələrin fəaliyyət xüsusiyyətləri kimi amillər belə bir modelin tətbiqində əsas rol oynayır. Azərbaycanda da hərbi xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif islahatlar həyata keçirilir. Bu fonda əsgərlərin həftə sonları evə buraxılması təcrübəsinin ölkəmizdə tətbiq perspektivləri, mümkün üstünlükləri və riskləri müzakirə mövzusuna çevrilib.

Ekspert qeyd edib ki, növbətçiliyə cəlb edilmiş, intizam tənbehi almış və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar hərbi hissədə qalması zəruri olan hərbi qulluqçulara qısamüddətli buraxılış verilmir.

"Bu kateqoriyaya aid olan hərbi qulluqçular üçün xidmətin xüsusiyyətləri və mövcud vəzifələr nəzərə alınır. Buraxılış qısamüddətli xarakter daşıyır və onun verilməsi qaydaları hərbi hissənin daxili nizam-intizam qaydaları, gündəlik fəaliyyət rejimi və xidmətin təşkili ilə bağlı müəyyən edilmiş tələblər əsasında tənzimlənir. Bu səbəbdən buraxılışın müddəti və tətbiq mexanizmi hərbi hissənin fəaliyyət xüsusiyyətlərinə uyğun şəkildə müəyyən edilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az