Trampdan Müctəba Xamenei ilə bağlı diqqətçəkən açıqlamalar: “Razılaşsaq, onunla görüşə bilərəm”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən İran, Kuba və Yaxın Şərqdəki vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

İranın yeni ali dini lideri Müctəba Xamenei ilə görüş ehtimalına toxunan Tramp diplomatik təmaslara açıq olduğunu bildirib.

“Əgər razılıq əldə etsək, onunla görüşməyim mümkün ola bilər. Buna müsbət baxaram. Bəzi dairələrdə onun kifayət qədər yaxşı nüfuzu var. Bəziləri onun haqqında pis danışır, amma mənim haqqımda da çoxları pis şeylər deyir və bunların əksəriyyəti yalandır”, – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, Xamenei onun ən böyük tərəfdarı olmasa da, onu peşəkar şəxs hesab edir.

“Ayətullahla görüşmək niyyətində deyiləm. Amma əgər belə bir görüş baş tutsaydı, bunu şərəf hesab edər, ona hörmətlə yanaşardım”, – deyə o vurğulayıb.

ABŞ lideri çıxışı zamanı keçmiş prezidentlər Co Bayden və Barak Obamanı da tənqid edərək onları İranın nüvə proqramına münasibətdə yanlış siyasət yürütməkdə ittiham edib.

“İrandan sonra Kubaya baxacağıq”

Tramp Vaşinqtonun xarici siyasətdə növbəti diqqət mərkəzinin Kuba olacağını da açıqlayıb.

“Mən işləri bir-bir həll etməyi sevirəm. İrandan sonra Kubaya baxacağıq”, – deyə o bildirib.

Kubaya qarşı tətbiq edilən sanksiyaların məqsədi ilə bağlı suala cavab verən Tramp bunun rejimi devirmək üçün nəzərdə tutulmadığını vurğulayıb.

“Biz sadəcə istəyirik ki, onlar öz xalqını təmin edə bilən, düzgün idarə olunan ölkə olsunlar”, – deyə ABŞ prezidenti qeyd edib.

“Livanın sülhə qovuşması möhtəşəm olardı”

Tramp Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Livandakı proseslərə də münasibət bildirib.

Onun sözlərinə görə, Livan uzun illərdir münaqişələr və hücumlarla üz-üzə qalıb və ölkənin nəhayət sabitliyə qovuşması vacibdir.

“Livan həmişə zərbə alan tərəf olub. Onların nəhayət sülhə qovuşması həqiqətən möhtəşəm olardı”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, bu məsələ ilə bağlı həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də “Hizbullah” nümayəndələri ilə şəxsən danışıb və bölgədə sülhün təmin olunması istiqamətində diplomatik səylər davam edir.

Mövsüm,

AzNews.az