Paşinyan: "Ermənistan lazım gələrsə, KTMT-dən çıxacaq"

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin zərurət yaranacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib.

Paşinyan bu barədə keçirilən seçkiqabağı debatlar zamanı “Güclü Ermənistan” partiyasının nümayəndəsi Narek Karapetyanın sualını cavablandırarkən danışıb.

“Qərar verəcəyik və çıxacağıq. Lazım olsa, çıxacağıq. Mən artıq demişəm ki, geriyə dönüş olmayacaq”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.

Paşinyan son dövrlərdə Ermənistanın təhlükəsizlik siyasətində yeni yanaşmaların formalaşdığını qeyd edib və ölkənin maraqlarına uyğun qərarlar qəbul ediləcəyini bildirib.

Xatırladaq ki, İrəvan son illərdə KTMT-nin fəaliyyətini tənqid edir, təşkilatın Ermənistanın təhlükəsizliklə bağlı gözləntilərini qarşılamadığını bəyan edir. Bu fonda Ermənistanın KTMT-dəki fəaliyyəti faktiki olaraq məhdudlaşdırılıb və təşkilatla münasibətlərdə gərginlik müşahidə olunur.

Mövsüm,

AzNews.az