"Qadının işləyib-işləməməsi müzakirə mövzusu olmamalıdır" - Azər Həsrət

"Ümumiyyətlə, qadınların işləyib-işləməməsi müzakirə mövzusu olmamalıdır. Hər hansı bir insanın işləmək hüququ onun cinsindən deyil, bilik, bacarıq və seçimindən asılıdır. Bu baxımdan “qadın işləməlidirmi?” sualının özü belə müasir cəmiyyət üçün aktual görünmür. Əgər qadının işləmək imkanı varsa və o, işləmək istəyirsə, bunun qarşısında heç bir maneə olmamalıdır. Azərbaycan Konstitusiyası qadın və kişilərin bərabər hüquqlara malik olduğunu təsbit edir. İxtisası, təcrübəsi və peşə bacarıqları uyğun gələn hər bir qadın istədiyi sahədə fəaliyyət göstərə bilər və bu, heç kimin narahatlığına səbəb olmamalıdır. Hesab edirəm ki, qadınların işləməsinə qarşı yönəlmiş bu cür müzakirələr təsadüfi xarakter daşımır. Belə fikirlərin arxasında müəyyən ideoloji mərkəzlərin və radikal düşüncələrin təsiri hiss olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.

Qeyd edək ki, son günlər sosial mediada yayılan və qadının işləməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirən bir hadisə geniş rezonans doğurub. Hadisə ilə bağlı paylaşımlarda bəzi media və sosial şəbəkə istifadəçiləri qadınların iqtisadi aktivliyini risk amili kimi təqdim edərək ictimai rəyə təsir edən narrativlər formalaşdırıb. Bu isə bir daha göstərir ki, zorakılıq hadisələrinin mediada işıqlandırılması təkcə informativ xarakter daşımır, eyni zamanda ictimai düşüncə və stereotiplərin formalaşmasına da birbaşa təsir edir. Xüsusilə gender əsaslı hadisələrin təqdimatında seçilən dil və çərçivə, mövzunun necə qavranılmasına ciddi təsir göstərə bilir.

Ekspert qeyd edib ki, belə yanaşmalarda qadın cəmiyyətin bərabərhüquqlu üzvü kimi deyil, hüquq və imkanları məhdudlaşdırılmalı olan bir şəxs kimi təqdim olunur.

"Azərbaycan isə dünyəvi dövlətdir və burada qadınların təhsil almaq, işləmək, ictimai həyatda iştirak etmək hüquqları təmin olunur. Kiminsə qadının evdə qalmasını, işləməməsini tələb etməsi fərdi seçim məsələsini ictimai təzyiq vasitəsinə çevirmək cəhdidir. Qadınların işləməsinə qarşı çıxan qüvvələr əslində cəmiyyətin inkişafına mane olan, daha qapalı və məhdudlaşdırıcı düşüncə tərzini təbliğ edən dairələrdir. Onlar dini və ya ənənəvi dəyərlər adı altında fanatizm, xurafat və mövhumatı yaymağa çalışırlar. Belə yanaşmaların nəticələri dünyanın müxtəlif ölkələrində müşahidə olunur. Məsələn, Əfqanıstanda qadınların təhsil almaq, işləmək və ictimai həyatda iştirak etmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Bu gün milyonlarla qadın ən fundamental hüquqlardan məhrum vəziyyətdə yaşayır. Tarix göstərir ki, bu cür məhdudiyyətlər birdən-birə yaranmır, illərlə aparılan ideoloji təbliğatın nəticəsi kimi formalaşır. Bu səbəbdən qadınların işləməsinə qarşı yönəlmiş çağırışlara sadəcə fikir müxtəlifliyi kimi yanaşmaq düzgün deyil. Cəmiyyət, xüsusilə də ziyalı təbəqə belə yanaşmaların mahiyyətini düzgün qiymətləndirməli və qadın hüquqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməlidir. Dövlət qurumları da qanunvericiliyin və dünyəvi dəyərlərin qorunması istiqamətində öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir. Burada söhbət təkcə media etikası və ya informasiya standartlarından getmir. Məsələ daha genişdir və cəmiyyətin gələcək inkişaf modeli ilə bağlıdır. Azərbaycanda qadınların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş hər hansı ideoloji təbliğatın qarşısı qətiyyətlə alınmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az