Ermənistana boyunduruqdan qurtulmaq şansı yaranıb - Sahib Alıyev

Deputat Sahib Alıyev Milli Məclisdə cari məsələlər üçün ayrılan vaxtda Milli Qurtuluş Günü və onun təkcə Azərbaycanda deyil, regionda və hətta regiondan kənardakı proseslərə təsiri haqqındakı çıxış edib. Çıxışın mətnini təqdim edirik:

"Hörmətli xanım sədr, dəyərli həmkarlar! Milli Qurtuluş Günü təkcə xalqımızın xaosdan, üzləşdiyi faciə azmış kimi öz içindəki savaşdan xilas edilməyə başlandığı, çağdaş Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu gün deyil, de-fakto həm də Azərbaycan və Türkiyə qardaşlığının Şuşa Bəyannaməsi ilə, belə demək mümkünsə, institutlaşdırılmış müttəfiqliyə və türk dünyasının, cənab Prezidentin təbirincə desək, qlobal miqyasda geosiyasi güc mərkəzlərindən birinə çevrilməsinin yolunun açıldığı gündür. Hörmətli həmkarlar, Heydər Əliyev siyasəti və onun uğurlu davamı təkcə bizi əsl müstəqilliyə və zəfərə qovuşdurmadı. Bu siyasət bir çox ölkənin müstəqillik potensialının artmasında da mühüm rol oynadı ki, onların arasında qardaş türk dövlətləri də var. Ulu Öndərin işləyib hazırladığı neft və qaz strategiyasının, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünyaya açılmasının, həm də alternativ yollarla açılmasının dənizin o tayındakı qardaşlarımız üçün nə anlam daşıdığını yəqin ki, açıqlamağa ehtiyac yoxdur. Heydər Əliyev siyasətinin uğurlu davamı Ermənistana da ona sırınan işğal siyasəti nəticəsində geyindiyi geosiyasi boyunduruqdan qurtulmaq şansı yaradıb.

Yeri gəlmişkən, Qurtuluş Gününün nə demək olduğu və hansı reallığı yaratdığı Ermənistanda keçirilən 7 iyun seçkisi və seçki kampaniyası zamanı edilən çıxışlardan da çox aydın görünürdü. İki üz-üzə duran güc Ermənistandakı seçkilərə onu tam şəkildə öz təsir dairəsinə cəlb etmək və ya saxlamaq üçün geosiyasi seçim kimi yanaşdıqlarını gizlətmədiyi, açıq müdaxiləyə yol verdikləri halda, oradakı seçki kampaniyasının gündəliyini yaradan da, adı ən çox hallandırılan da Azərbaycan idi. Və əslində, seçkinin nəticəsinin bu cür bitməsində də ən böyük rolu Azərbaycanın yaratdığı geosiyasi reallıq oynadı. Bir sözlə, yenə qeyd edirəm, Ulu Öndərin qoyduğu yolla gedən Azərbaycan bu gün Ermənistanın gündəmini də müəyyənləşdirir, onun indiki statusunun dəyişməsi, öz milli maraqlarından çıxış edə bilən normal dövlətə çevrilməsi üçün də şans yaradıb. Amma bunun üçün orada xislət də dəyişməlidir ki, bu da artıq özlərindən asılıdır. Yəni Ermənistan özü müəyyən etməlidir ki, bir dövlətin forpostu olmağı bir neçə dövlətin forpostu olmaqla əvəzləmək, yoxsa müstəqil dövlətə çevrilmək fikrindədir. Bu isə onun sülh gündəliyinə nə dərəcədə sədaqətli olub-olmamasından, yaxın perspektivdə hansı addımları atacağından asılıdır.

Tanrı Azərbaycanı və regionumuzu, dövlət başçımızın regionda yaratdığı sülhü, bu sülhü və təhlükəsizliyimizi təhdid edənlərdən, elə həm də hər addımda guya təhdid edənlərdən qoruduqlarını göstərməyə çalışanlardan qorusun! Milli Qurtuluş Günümüz mübarək olsun! Diqqətinizə görə təşəkkür edirəm"!